Nə yazıq ki, biz bu həqiqəti çox tez unuduruq. Bəzi adların arxasındakı ünvanların bizi aldatması da bununla bağlıdır və bizi inkar etməyə məcbur edən də budur. Halbuki, inkar adından da göründüyü kimi “tanımamaq”, “bilməmək”… deməkdir. Bunlar isə “yoxluq” ifadə edən məfhumlardır. Əgər söhbət yoxluqdan gedirsə, yoxluq haqqında hər hansı bilikdən danışmaq olmaz. Tanımamaq, bilməmək biliyin yox, biliksizliyin ifadəsidir. Dolayısı ilə insan başqa sahələrdə nə qədər dərin bilik sahibi olursa-olsun, bu bilik ona tanımadığı şey haqqında hökm verməyə imkan verə bilməz. Bu bir az da riyaziyyatçının biologiya haqqında hökm verməsi deməkdir.
İnkar etmək asandır. İnsan gözünü yumub asanlıqla “yoxdur” deyə bilər. Bu mənada bir avstraliyalı aborigenlə bir alimin və ya Əbu-Cəhillə Darvinin arasında heç bir fərq yoxdur. Onların inkar etdikləri şey haqqında biliklərini müqayisə etmək, sıfırları müqayisə edərək hansının daha böyük olduğunu öyrənməyə çalışmaqdır.
Ümumiyyətlə, inkarla bağlı hər hansı bir müqayisə mümkünsüzdür. Çünki olmayan şeyi olmayan bir şeylə müqayisə edərək heç bir nəticə əldə etmək olmaz. İnkar edənlərin bu qədər dəlil-sübuta baxmayaraq, öz inkarlarında təkid etmələrinin əsas səbəbi də elə budur. Qərb mütəfəkkiri Uilyam G. Makadunun dediyi kimi: “Cahil bir adamı mübahisədə məğlub etmək qeyri-mümkündür”. İnanmaq isə səviyyəsindən asılı olmayaraq hər hansı bir biliyin nəticəsidir. “Nəyə inanıram?”, “Xüsusiyyətləri nədir?”, “Necə yaradır?”, “Məndən nə gözləyir?”, “Mən Ondan nə gözləyirəm?” və s. Bu kimi bir çox suallar insanda inamı formalaşdırır. Quran da “Allahdan ancaq alimlər qorxar”, — buyurur və inanmağın hər hansı bir biliyin nəticəsi olduğunu bildirir.