Qapıdan girən kimi çöhrəsinə qəribə bir təbəssüm qonur, əllərini quş qanadı kimi açaraq, qucağına atılmaq istəyir. Gözlərindən “məni qucağına al, noolar” ifadəsi oxunur.
Bu sevgiyə laqeyd qala bilərsənmi? Əsla! Sən də onunla bərabər sevinirsən, sevgisinə sevginlə cavab verirsən, “balacam, mənim körpə kəpənəyim, çiçəyim!” deyib, bağrına basırsan onu, ətrini, qoxusunu dönə-dönə ciyərlərinə çəkirsən. Doymursan, bir də, bir də… O da boynuna elə sarılıb ki, səni görə bilmədiyi anların həsrətinə, sanki, “əlvida” deyirmiş.
Toppuş, balaca, qar kimi ağ əllərini ovcuna qoyur, əylənmək, oynamaq istəyir, dünyanı bağışlayırlar sənə. İşdən yorğun gəlsən də, hətta qolların ağrısa belə onu qucaqlayıb öpmək sənə bir qədər də rahatlıq gətirir, dinclik verir. Bu nəvazişdən xoşlanırsan, artıq yorğunluğunu da unutmusan. Və nəhayət, başını köksünə qoyub öz dilində danışa-danışa mürgüləyir, yuxuya dalır...
Beşiyə sarı əyilib, yavaşca yatağına uzadırsan, astaca pıçıldayırsan: “Yuxun şirin olsun! Allah səni qorusun!”