İndi hər şey gözünə günahkar kimi görünür, sıxılırsan, darıxırsan, hərdənbir köks də ötürürsən. Əslində desən də-deməsən də baxışlarından oxunur sıxıntın. Hərdən daha şən, qıvraq görünürsən… Bəs gülümsəyən gözlər, təbəssümlü çöhrə görəndə necə, heç sevinmirsənmi? İnanmıram ki, sevinməyəsən. Çünki çöhrədəki təbəssüm qaranlıqda yandırılan işıq kimidir, təbəssüm təşəkkürdür, təbəssüm sənə bağışlanan bir qucaq gül-çiçəkdir, təbəssüm sevgidir, dostluğa dəvətdir, bir dünyadır, təbəssüm hər şeydir, hər şey...
Sir-sifətindən zəhər-zəhrimar yağan birisini görmək istəyirsənmi?
— Əsla! Çünki o sənə bədbinlikdən, kindən, nifrətdən başqa heç nə vəd eləmir.
Gülüşünü, təbəssümünü evdən, övladından, insanlardan əsirgəmə. Onsuz da bu dünyanın ağlı-qaralı günləri başımızın tükü sanıdır.
Bəlkə də, heç sən fərqinə də vara bilməmisən, amma nə zamansa bir yetimin üzünə gülümsəməyin onu qırx arşın quyunun dibindən çıxarıb. Bu gerçəyi bir Allah bilib, bir də o yetim, heç sənin xəbərin belə olmayıb. Təbəssüm paydır, ən gözəl hədiyyədir, təbəssüm sədəqədir. Sədəqə dediyin təkcə pul deyil ki… yıxılanı yerdən qaldırmaq da sədəqədir, bir körpənin başını sığallamaq da, bir qəmlinin üzünə xoş niyyətlə baxmaq da… Yetər ki, niyyətin gözəl olsun, gözəllik olsun.
Maneələri aşmağı, çətinliklərdən keçməyi bacar, hər zaman nikbin ol, bədbinliyə qapılma, içindəki kədəri gülüşünlə ərit, onda hər şey gözündə gözəlliyə bürünəcək. Təki sən gülümsə, təki təbəssümünü əsirgəmə...