Evin gözəl, yaxud zövqsüz görünməsi sizin əlinizdədir, yəni siz istəsəniz, evinizi daha yaraşıqlı, daha gözəl, daha cazibədar edə bilərsiniz. Əslində bizə əhəmiyyətsiz görünən elə kiçik detallar var ki, evi daha cəlbedici göstərir. Necə?
— Çox sadə! Bunun üçün, ilk növbədə, nə etməlisiniz?
— Evinizdə sənət əsərlərinə yer ayırın. Əsasən klassiklərin əsərlərinə üstünlük verin. Xoşunuza gələn rənglərlə evi canlandırmağa çalışın. Evinizdə qədim əşyalara da üstünlük verin. Divarlarınız və çərçivələriniz üçün şəkil seçərkən təbiətin gözəl anlarını əks etdirən mənzərə şəkillərinə üstünlük verin. Belə etsəniz, ətrafınızda müsbət ab-hava, enerji yaratmış olarsınız. Təzə çiçəklər də otağın yaraşığıdır, çünki çiçəklər gözəl bir dünyanı xatırladır, ətrafda müsbət auraya səbəb olur. Lakin eyni çiçəkləri fərqli vazalara qoyun ki, sizə daha gözəl, daha mükəmməl bir təsir bağışlasın. Kitablar da əhvali-ruhiyyəyə yaxşı mənada az təsir etmir. Ona görə də evdə kitabxananız olsa, pis olmaz.
Çalışın, oxuduğunuz hər bir şey — kitablar, jurnallar, qəzetlər, ensiklopediyalar, qeydlər əlinizin altında olsun. Və bir də zövqlü süfrə… Bu isə sizin süfrə mədəniyyətinizdən daha çox asılıdır. Yəni süfrəni həvəslə bəzəməlisiniz. Əgər bu olmasa, gördüyünüz iş də zövqsüz olacaq. Yeri gəlmişkən, bir şeyi də deyək: imkan daxilində masaya mövsümi meyvələri də qoyun.