Həyatın əmələ gəlməsi haqqında müasir təsəvvürlər

Həyatın əmələ gəlməsi haqqında müasir təsəvvürlər

Müasir dövrdə alimlər həyatın yaranması haqqında iki müxtəlif fikir irəli sürürlər. Onlardan bir qismi avtotrof yaranış fikrini, digərləri isə heterotrof yaranış fikrini irəli sürürlər.
Avtotrof yaranış fikrinin tərəfdarlarına görə, canlıların yaranması qidalanmadan başlayır. Onlara görə, qeyri-üzvi maddələrdən üzvi maddə sintezi canlının ilk qidalanma forması olmuşdur. Yəni Yerdə yaranan ilk canlı avtotrof olmuşdur. Onlar bu xüsusiyyəti qazanmaq üçün milyon illərlə müxtəlif dəyişikliklərə məruz qalmışlar. Alimlərin bu fikirləri canlıların ilk dəfə necə əmələ gəldiyini açıqlaya bilmədi və öz təsdiqini tapmadı. Çünki bu ideyanın tərəfdarları canlıların ilk dəfə necə əmələ gəldiyini deyil, ilk dəfə necə qidalandığını isbat etməyə çalışırdılar.
Heterotrof yaranış fikrinin tərəfdarları canlıların uzun sürən kimyəvi təkamül nəticəsində əmələ gəldiyini və onların ilk qidalanma üsulunun heterotrof yolla olduğunu isbat etməyə çalışmışlar.
Həyatın əmələ gəlməsi haqqında ən səmərəli fərziyyələrdən birinin də A.İ.Oparinə məxsus olduğunu demək olar. Alimə görə, Yer üzərindəki canlılar abiogen yolla üzvi birləşmələrin yaranmasından sonra əmələ gələ bilərdi. Onun fikrincə, Yer planetində temperatur əvvəlcə soyuq, sonra isə radioaktiv maddələrin parçalanması nəticəsində +1000°C və daha yüksək olmuşdur. Belə yüksək temperatur bərk süxurları əritmiş və onlar sıxlıqlarına müvafiq olaraq üç təbəqəni formalaşdırmışdır. Ağır olanlar alt, yüngül olanlar orta, daha yüngül olanlar üst təbəqəni əmələ gətirmişdir. Kimyəvi reaksiyalar nəticəsində yaranan CO2, CO, NH3, H2S, CH4 qazları və su buxarları ilkin atmosferi əmələ gətirmişdir. İlkin atmosferdə molekulyar oksigen olmamışdır. Çünki o, müxtəlif oksidlərin əmələ gəlməsinə sərf olunurdu. Getdikcə planetdə kimyəvi reaksiyaların sürəti azalır, temperatur aşağı düşürdü. Yer səthinin temperaturu 100oC-dən aşağı düşdükdə buxar halında olan su yağışa çevrilib Yer kürəsinə yağmağa başladı. Həmin dövrdə yağışlar suyu həddindən çox isti olan okean və dənizləri əmələ gətirdi. Belə suda NH3, CO2, CH4, HCN (hidrogen- sianid) qazları və müxtəlif duzlar həll olurdu.
O dövrdə atmosferdə ozon (O3) qatı olmadığından Günəşin ultrabənövşəyi şüaları planetə güclü təsir edirdi. Belə şəraitdə ultrabənövşəyi şüaların, ionlaşdı- rıcı şüalanmanın, elektrik boşalmalarının və yüksək temperaturun təsiri ilə yalnız okean və dənizlərdə üzvi maddələr əmələ gələ bilərdi.
1924-cü ildə yaranan bu nəzəriyyənin çoxsaylı tərəfdarları oldu. Onlardan biri də ingilis bioloqu C.Holdeyn idi. O, Oparin nəzəriyyəsi ilə tanış olmasa da, sanki onu təsdiqləmişdir. Onun fikrincə, Oparinin dediyi kimi, yaranan maddələr okean suyunda toplandıqda su “isti duru bulyon” şəklinə düşmüşdür. Bəlkə də, həyat belə bulyonda yaranmışdır.
Biopoez* fərziyyəsi — Yer üzərində həyatın əmələ gəlməsi haqqında müasir fərziyyədir. Onun banisi ingilis alimi C.Bernaldır. O, biopoezin 3 mərhələsini ayırd etmişdir.
I mərhələ: üzvi monomerlərin abiogen sintezi
II mərhələ: bioloji polimerlərin yaranması
III mərhələ: membran strukturlarının və ilkin birhüceyrəli orqanizmlərin formalaşması


Müəllif: Nüşabə Məmmədova, Brilyant Həsənova, Könül Mahmudova, Leyla Fətiyeva
Mənbə: Biologiya 11 Ümumtəhsil məktəblərinin 11-ci sink üçün Biologiya fənni üzrə DƏRSLİK
Top