Xarakter və qabiliyyət

Xarakter və qabiliyyət

İnsanın inkişaf prosesində xarici mühitin, təlim və tərbiyənin, irsən keçən xüsusiyyətlərin təsirindən müəyyən davranış tipi və ya xarakter formalaşır.
Xarakter – şəxsiyyətin tipik davranışları – hərəkətləri, vərdişləri, baş verən hadisələrə münasibəti şəklində irsən və ya sonradan qazanılmış davamlı xüsusiyyətləridir. İnsanın xarakterinin formalaşmasında ali sinir fəaliyyətinin tipləri böyük rol oynayır.
Xarakter insanın özünəməxsus təkrarolunmaz fərdi xüsusiyyətlərini əks etdirir. Hər bir insan üçün yalnız ona xas olan prinsipiallıq, mərdlik, saflıq, məsuliyyətlilik və bu kimi xarakterik cəhətlər səciyyəvidir. İnsanın xarakteri onun inkişafı prosesində formalaşır. Xarakter, əsasən, insanın uşaqlıq və gənclik yaşlarında tərbiyənin təsiri altında formalaşır. Xarakterin formalaşmasında əsas rolu sosial amillər oynayır. Xarakterə həmçinin insanın fiziki vəziyyəti də təsir edir.
Qabiliyyət bir və ya bir necə fəaliyyətin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün vacib olan xüsusiyyətlərin cəmidir. Qabiliyyətin yaranması, ilk növbədə, baş beyinin və analizatorların irsi quruluş xüsusiyyətlərindən, onların funksional xassələrindən asılıdır. İnsanın qabiliyyəti həm irsən, həm də tərbiyə yolu ilə müəyyən olunur. Qabiliyyət, əlbəttə, insan onun inkişaf etdirilməsi üzərində işlədikdə reallaşır. Bütün qabiliyyətləri 2 tipə bölmək olar:
– bir çox fəaliyyət növündə meydana çıxan ümumi qabiliyyətlər;
– konkret fəaliyyət növündə meydana çıxan xüsusi qabiliyyətlər.
Bundan başqa, insanda fiziki və zehni qabiliyyətləri də ayırırlar. Fiziki qabiliyyət bədənin quruluş və təbii xüsusiyyətlərindən asılıdır.
Bir qabiliyyətin hüdudunda onların müxtəlif dərəcələrini – aşağı, normal və yuxarı dərəcələrini ayırmaq olar. Xüsusi qabiliyyətlərin yüksək dərəcəsi istedaddır. O hamıda müxtəlif cür inkişaf edir.
Meyillilik – insanın hər hansı bir fəaliyyət növünə səyi, can atmasıdır. Bu zaman insanın bu fəaliyyət növünə qabiliyyəti olmaya da bilər. Baxmayaraq ki meyillilik və qabiliyyət eyni zamanda meydana çıxır və bir-birinə müvafiq gəlir, məhz meyillilik və qabiliyyət insanlara peşə seçməkdə yardım edir. Qabiliyyət daha çox uşaqlıqda nəyəsə maraq göstərdikdə üzə çıxır. Bu və ya digər meyillilik yalnız uşaqlıqda deyil, ola bilsin ki, istənilən yaş dövründə də meydana çıxa bilər. Məsələn, bütün həyatı boyu mühasib işləyən insan birdən-birə şeir yazmağa başlayır və ya futbol azarkeşi özündə xarici dil öyrənməyə meyilliliyi müşahidə edir.
Ayrı-ayrı fiziki göstəricilər irsən müəyyən olunur. Adətən, fəza təsəvvürləri, yəni rəssamlıq və konstruktor qabiliyyəti daha çox irsən keçir. Yaddaşın xüsusiyyətləri az keçir. Bu səbəbdən onu daim inkişaf etdirmək lazımdır.
Qabiliyyətsiz insan olmur. Əsas qabiliyyət vaxtında üzə çıxarılaraq inkişaf etdirilməlidir. Bunun üçün iradə lazımdır. İradə – çətinliklərin aradan qaldırılması üçün insanın düşüncəli fəaliyyətini həyata keçirmək qabiliyyətidir.
Cəmiyyətin inkişafı göstərmişdir ki, daim zəhmət çəkməyən şəxslərdə qabiliyyət inkişaf edə bilməz.


Müəllif: Yaşar Seyidli, Nailə Əliyeva, Xumar Əhmədbəyli
Mənbə: Biologiya 9 Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün Biologiya fənni Dərslik
Top