Emosiya və Yaddaş

Emosiya və Yaddaş

Emosiyalar. İnsan ətraf aləmə və ya əşyalara qarşı daim öz hislərini təzahür etdirir. Bu, emosiyalar (lat. “emoveo” – sarsılmaq, həyəcanlanmaq) adlanır. Emosiyalar olmasaydı, insanda sevinc, kədər duyğusu olmazdı. Emosiyalar, adətən, iki qrupa bölünür: müsbət (şənlənmək, sevinmək, şad olmaq, məmnun qalmaq) və mənfi emosiyalar (qəm, qüssə, kədər, acıqlanmaq, qorxu, nifrət və s.). İstənilən emosional vəziyyətlərdə bədəndə qan təzyiqinin artması, ürək döyüntülərinin sürətlənməsi kimi dəyişikliklər yaranır. Nəticədə qanda bioloji fəal maddələrin miqdarı artır. Emosiyalar yaradan belə reaksiyaların fizioloji rolu böyükdür. Belə ki, bu zaman orqanizm öz qüvvəsini səfərbərliyə alır.
Hər bir emosiyalardan sonra ifadəli hərəkətlər olur. Bunlar emosiyaların yaratdığı gərginliyi azaldır. İfadəli hərəkətlər nəticəsində səsin tonu, intonasiyası, insanın yerişi, bədən vəziyyəti dəyişir. Belə halda insanın hansı emosional vəziyyətdə olduğunu müəyyənləşdirmək mümkündür. İfadəli hərəkətlər etməklə də müvafiq emosiyalar yaratmaq olur. Bunu artistin obraza girməsində görmək mümkündür. O, qəhrəmanın obrazını yaratmaqla özü də həmin qəhrəmanın hislərini yaşayır və onda müvafiq emosiyalar yaranır.
Bəzən valideynlər istənilən ifadəli hərəkətləri etməməsi üçün uşağın istəyini yerinə yetirməyə çalışırlar. Növbəti dəfə uşağın arzusu yerinə yetməyəndə isə o, ifadəli hərəkətlərini bilə-bilə artırır. Nəticədə uşaqda getdikcə ərköyünlük yaranır.
Emosiyaların yaranmasında böyük yarımkürələr qabığının alın və gicgah payı, həmçinin ara beyin iştirak edir. Emosiyalar, əsasən, alın payı ilə idarə olunur.
Yaddaş. İnsanın mərkəzi sinir sisteminin köməyi ilə fərdi məlumat toplamaq, onu yadda saxlamaq və lazım gəldikdə istifadə etməklə səciyyələnən proseslər məcmusu yaddaş adlanır. Yaddaşın formalaşmasında beyin qabığı iştirak edir. Onun xüsusi mərkəzi yoxdur. Lakin qabığın alın və gicgah payı zədələndikdə yaddaş itir.
Müasir təsəvvürlərə görə, yaddaşla əlaqəli olan beyin şöbələri bir-biri ilə qapalı zəncirlər sistemi ilə əlaqədardır. Belə zəncirlər sistemindən keçən sinir impulsları buradakı sinir hüceyrələrində baş verən biosintez proseslərində dəyişikliklər yaradır. Nəticədə yaddaşın izini daşıyan xüsusi maddələr əmələ gəlir. İmpulslar bu neyronlardan nə qədər çox keçərsə, bu maddələr bir o qədər çox yaranır. Bu səbəbdən materialın yadda yaxşı qalması üçün o, daim təkrar olunmalıdır.
Yaddaşın növləri. Yaddaş – xatırlama, yaddasaxlama və təkraretmə kimi proseslərdən ibarətdir. Bu proseslərin müddətindən asılı olaraq 3 tip yaddaş ayırırlar.
Sensor və ya ani yaddaş reseptorlardan gələn məlumatın təsir izlərini bir neçə saniyə saxlaya bilir. Əgər daxil olan siqnallar beyinin ali şöbələrini cəlb etmirsə, yaddaş izləri silinir və reseptorlar yeni siqnalları qəbul edir.
Əgər reseptorlardan gələn məlumat vacib olarsa, o, qısamüddətli yaddaşa keçir. Onlarda hazırkı anda insanın fikirləşdiyi məlumat saxlanılır. Əgər məlumat təkrar daxil olmazsa, o, yaddaşdan silinir. Yalnız təkrarla və ya digər yadasalmalarla möhkəmləndirilən məlumatlar uzunmüddətli yaddaşa daxil olur və uzun müddət ərzində – aylarla, illərlə yadda qalır.
Məlumatın yaddaqalma xüsusiyyətinə görə iki cür yaddaş ayırırlar: iradi və qeyri- iradi yaddaş. Qeyri-iradi yaddaşda məlumatın yadda saxlanılması üçün heç bir cəhd olunmur. Bu yaddaş şüurun nəzarəti olmadan formalaşır. İnsanın əksər həyat təcrübəsi belə yaddaş nəticəsində qazanılır.
İradi yaddaşda məlumatın yadda saxlanılması zamanı şüur işə qoşulur. İnsan məlumatı yadda saxlamaq üçün öz qarşısına məqsəd qoyur. Qeyri-iradi yaddaş, əsasən, uşaqlarda daha güclü olur.
Məlumatın yaddaqalma xüsusiyyətlərinə görə yaddaş aşağıdakı növlərə bölünür: hərəkət yaddaşı, obrazlı yaddaş, emosional yaddaş və söz yaddaşı.
Hərəkət yaddaşı hərəki vərdişlər əsasında hər hansı hərəkətlərin yadda saxlanılması və təkrar edilməsidir; məsələn: idman hərəkətləri, rəqs etmək, yazı yazmaq.
Obrazlı yaddaş insanların üzlərini, səsini, təbiət lövhələrini, qoxuları, musiqini yadda saxlamaq və təsvir etməkdir. Obrazlı yaddaş artistlərdə, şairlərdə, rəssamlarda, yazıçılarda daha yaxşı inkişaf edir. Görmə, eşitmə, qoxubilmə, dadbilmə orqanları obrazların yadda saxlanılmasına və təsvir olunmasına imkan verir.
 insanın keçirmiş olduğu hislərinin daha yaxşı yadda saxlanılmasıdır. Emosional vəziyyətdə insanda yaranan bioloji fəal maddələr məlumatın daha yaxşı yadda saxlanılmasına səbəb olur. Emosional yaddaş hislər yaddaşıdır. Bu səbəbdən müsbət və ya mənfi emosiyalarla əlaqədar olan şeylər daha yaxşı yadda qalır.Söz yaddaşı insanın oxuduğu, eşitdiyi, danışdığı sözləri yadda saxlamaq və təkrar etmək qabiliyyətidir.
Yaddaşın tipləri bir-biri ilə əlaqəlidir. Bəzən məlumatın yadda saxlanılmasında bir neçə yaddaş növləri iştirak edir. Analizatorlarla əlaqəli yaddaş növləri də var.
Yaddaş 25 yaşlarında daha yaxşı inkişaf edir. 50 yaşından sonra zəifləyir. Peşə yaddaşı ahıl yaşda da qalır. Məşq etdirməklə yaddaşı daha da gücləndirmək mümkündür.

Müəllif: Yaşar Seyidli, Nailə Əliyeva, Xumar Əhmədbəyli
Mənbə: Biologiya 9 Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün Biologiya fənni Dərslik
Top