Canlılarda qeyri-cinsi çoxalma

Canlılarda qeyri-cinsi çoxalma

Qeyri-cinsi çoxalma formaları. Bu çoxalmada bir valideyn iştirak edir və cinsi hüceyrələr – qametlər yaranmır. Bu səbəbdən yeni yaranan qız fərdlər ana fərdin əlamətlərini daşıyır. Qeyri-cinsi çoxalmanın bölünmə, spor, tumurcuqlanma, vegetativ çoxalma kimi formaları var.
Adi amöb, evqlena kimi birhüceyrəlilər və bakteriyalar iki bərabər hissəyə bölünmə yolu ilə, bir çox yosunlar, mamırlar, qıjıkimilər, əksər göbələklər birhüceyrəli sporlarla, maya göbələyi və şirinsulu gölməçələrdə yaşayan hidra tumurcuqlanma yolu ilə çoxalır. Yayda hidranın bədənində kiçik qabarcıqlar yaranır.Qeyri cinsi çoxalmaOnlar böyüyür, bədənin ucunda qollar və ağız boşluğu əmələ gəlir. Sonra ana orqanizmdən ayrılaraq müstəqil canlıya çevrilirlər.
Vegetativ çoxalma. Bitkilər, bəzi heyvanlar və göbələklər bədən hissələri ilə də çoxala bilir. Belə çoxalma vegetativ çoxalma adlanır. Məsələn, hidranı və ya yastı qurdlardan olan planarinin bədənini bir neçə hissəyə bölsək, onun hər birindən yeni orqanizm inkişaf edəcək. Göbələklər yeni orqanizmə başlanğıc verən mitselinin bir və ya bir neçə hüceyrənin ayrılması yolu ilə çoxala bilir.
Çiçəkli bitkilərdə vegetativ çoxalma
Vegetativ çoxalma. Təbiətdə geniş yayılmış çoxalma formasıdır. Lakin insanlar kənd təsərrüfatı və dekorativ bitkilərin artırılmasında bu üsuldan daha çox istifadə edirlər. Çiçəkli bitkilərdə vegetativ çoxalmaya çiliklə (kök, gövdə və yarpaq çilikləri), bığcıqlarla, kök pöhrələri və bicləri, şəklini dəyişmiş zoğ və köklərlə, calaq vasitəsilə çoxalma aiddir.
Çiliklə çoxalma. Çilik – bitkilərin vegetativ orqanının kiçik parçasıdır. Kök və gövdə çilikləri ilə bir çox ağac, kol bitkilərini artırmaq mümkündür. Yazda cavan zoğlar götürülür və onlar münbit torpağa və ya nəm quma əkilir (məsələn: qarağat, qızılgül, ətirşah). Bitkiləri yarpaq çilikləri ilə də çoxaltmaq mümkündür (məsələn: bənövşə). Yarpaqda olan əlavə tumurcuqlardan bitkinin yerüstü gövdəsi yaranır.
Quşarmudu, ağcaqovaq, yasəmən, moruq və s. ağac və kol bitkilərinin köklərində əlavə tumurcuqlardan kök pöhrələri əmələ gəlir.çiliklə çoxalma
Şəklini dəyişmiş orqanlarla çoxalma. Bitkilər gövdə yumrusu (kartof, topinambur), kökümsovlar (çayır, ayrıqotu), soğanaq (soğan, sarımsaq), soğanaqlı yumrular (qladiolus, zəfəran) və bığcıqlarla (çiyələk, qaymaqçiçəyi) çoxala bilir.
Basdırmaqələmlə çoxaltma. Vegetativ çoxalmada bəzən basdırmaqələm (firqəndə) üsulundan da istifadə edilir. Basdırmaqələm bitkidən ayrılmadan kök verməsi üçün yerə basdırılmış xüsusi zoğlardan ibarətdir. Bu zaman bitkinin budağını əyərək üfüqi surətdə torpağa basdırırlar.
Calaqla çoxaltma. Bitkinin bir hissəsinin başqa bir bitkinin hissəsi ilə birləşdirilməsi calaq adlanır. Bu zaman kökü torpaqda olan bitki (adətən, cır bitki olur) calaqaltı, qələm götürülən bitki hissəsi isə calaqüstü adlanır. Sadə calaqda calaqüstü və calaqaltı eyni yoğunluqda olur. Bu hissələrin kəsik səthləri bir-birinin üzərini tamamilə örtür. Sonra onlar sarğı ilə möhkəm bağlanır. Sadə calağı, adətən, yazda aparırlar. Göz calağında isə calaqaltının üzərində T-şəkilli kəsik aparılır, buraya azca oduncaq hissəsinə malik tumurcuq yerləşdirilir. Meyvə ağaclarının əksəriyyətini calaqla çoxaltmaq mümkündür.
Vegetativ çoxalmanın təbiətdə əhəmiyyəti. Bitkilərdə bəzi hallarda toxumla çoxalma çətinlik törədir. Məsələn, çiyələk kölgəli yerlərdə çiçək açmır və toxum və meyvə əmələ gətirmir. Bu şəraitdə o, əsasən vegetativ çoxalır.
Vegetativ çoxalma nəticəsində orqanizmlər tez yayılır və yeni yaşayış mühitini tuta bilirlər.
Vegetativ çoxalma zamanı ana bitkinin əlamətləri saxlanıldığı üçün bağçılıqda geniş istifadə edilir və qiymətli əlamətlər olduğu kimi nəsildən-nəslə ötürülür. Toxumla çoxaltdıqda, adətən, belə əlamət saxlanılmır və nəticədə cır bitki yaranır. Vegetativ çoxalma yolu ilə daha qısa vaxt ərzində yeni bitki yetişdirilə bilir.

Müəllif: Yaşar Seyidli, Xumar Əhmədbəyli, Nailə Əliyeva
Mənbə: BİOLOGİYA — 6 Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Biologiya fənni üzrə DƏRSLİK
Top