Heyvanlarda maddələrin daşınması. Heyvanların əksəriyyətində maddələrin bədəndə daşınmasını təmin edən nəqliyyat sistemi olur. Bu, ürəkdən və qan damarlarından ibarət qan-damar sistemidir. Bu sistemlə qan dövr edir. Әksər heyvanlarda o, rəngsiz maye olan plazmadan və qanın formalı elementlərindən ibarətdir. Qanın tərkibində olan qırmızı qan hüceyrələri (eritrositlər) qana
qırmızı rəng verir və toxumalara oksigen daşıyır. Onlar həm də toxumalarda yaranan karbon qazının bədəndən çıxarılmasında iştirak edir.
Qanda olan ağ qan hüceyrələri (leykositlər) orqanizmə düşən yad cisimcikləri və xəstəliktörədən mikrobları məhv edir. Qan lövhəcikləri (trombositlər) isə qanın laxtalanmasında iştirak edir. Bədəndə dövr edən qan həm də toxuma hüceyrələrinə qida maddələrini çatdırır və eyni zamanda zərərli maddələrin bədəndən çıxarılmasında iştirak edir.
Arterial və venoz qan. Onurğalı heyvanların qan dövranında, adətən, iki cür – arterial və venoz qan dövr edir.
Arterial qan oksigenlə, venoz qan karbon qazı ilə zəngin olan qana deyilir. Məməlilər və quşlarda ürəkdə arterial qan venoz qanla qarışmasa da, qurbağa, kərtənkələ və ilanda qan ürəyin şöbələrinin birində qarışır. Nəticədə onların bədən orqanlarına qarışıq qan daxil olur.
Ürək və damarlar. Bir çox canlılarda qanın hərəkəti ürəyin hesabına təmin edilir. Qan damarlarla hərəkət edir. Qan damarlarına arteriya, vena və kapillyarlar aiddir.
Arteriyalar ürəkdən çıxan, venalar – ürəyə gələn damarlardır. Qan ürəkdən bədən orqanlarına arteriyalarla, orqanlardan ürəyə isə venalarla axır. Kapillyarlar adlanan kiçik damarlar arteriya və venalar arasında yerləşir. Qanla hüceyrələr arasında əlaqə kapillyarlar vasitəsilə həyata keçirilir. Kapillyarlarda qan yavaş axaraq qida maddələrini və oksigeni hüceyrələrə verir və onlardan lazımsız məhsulları və karbon qazını alır, nəticədə maddələr mübadiləsi baş verir.
Müəllif: Yaşar Seyidli, Xumar Əhmədbəyli, Nailə Əliyeva
Mənbə: BİOLOGİYA — 6 Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Biologiya fənni üzrə DƏRSLİK