Heyvanların qidalanması

Heyvanların qidalanması

Heterotrof qidalanma. Qidalanma prosesində hazır üzvi maddələrdən istifadə edən canlılar heterotrof (yun. “hetero” – müxtəlif, “trofe” – qidalanma) orqanizmlər adlanır.
Həzm prosesi. Heyvanların həzm prosesi ilk növbədə qidanın tutulması və udulması ilə başlayır. Quru ilbizləri qidanı əzələli udlağı ilə xırdalayır. Arı, kəpənək və milçəklər çiçəklərin nektarını sorurlar. İlanlar şikarlarına hücum edərək onları bütöv udsalar da, qurbağalar yapışqanlı dilləri ilə tuturlar. Əksər orqanizmlərdə qidanın mənimsənilməsi həzm sistemi vasitəsilə həyata keçirilir. Məməlilərdə həzm sisteminə ağız boşluğu, udlaq, qida borusu, mədə, nazik bağırsaq və yoğun bağırsaq aiddir. Mədədə qida daha sadə birləşmələrə parçalanaraq həzm olunur və bağırsağın divarlarından bədənə sorulur. Həzm sisteminin ən iri vəziləri qaraciyər və mədəaltı vəzidir.qurbağanın həzm sistemiMədə və bağırsaqlarda həzm olunmamış qalıqlar yoğun bağırsağa keçir və anal dəlik vasitəsilə xaricə çıxarılır.
Bitki mənşəli qida ilə qidalanan heyvanlar. Məməli heyvanların bəzilərinin qidasını bitki mənşəli qidalar təşkil edir. Belə qidaya otlar, toxumlar, meyvələr, nektar və s. aiddir. Bitki qidası gec həzm olunduğundan otyeyən heyvanlarda bağırsaq uzun olur. Bitki mənşəli qida ilə qidalanan heyvanlara siçanlar, sincablar, dovşanlar, marallar, ceyranlar, inək, qoyun, keçi, camış və bu kimi heyvanlar aiddir.
Yırtıcı heyvanlar. Həşəratlar, balıqlar, quşlar və məməlilərin bəziləri yırtıcı həyat tərzi keçirir.Yırtıcıların qidasını digər heyvanlar təşkil edir. Yırtıcı heyvanlarda şikarı tutmaq və parçalamaq üçün güclü ətraflar, yaxşı görən gözlər və iti dişlər olur. Onların bədənində qidanın həzmi tez başa çatdığından bağırsaqları nisbətən qısa olur.
Parazitlər. Heyvanlar arasında parazit həyat tərzi keçirənlərə də təsadüf olunur. Onlar digər orqanizmlərin (sahibin) hesabına yaşayır. Parazitlərin bir çoxunda sahibdən yapışmağa xidmət edən xüsusi tutucu orqanlar – sormaclar və ya qarmaqcıqlar olur. Bit və birələr bədən səthində yaşasalar da, sorucu qurdlar, askarid kimi parazitlər isə bədən daxilində olurlar. Bəzi parazitlər hazır qidadan istifadə etdikləri üçün onlarda həzm sistemi ya zəif inkişaf edir, ya da ümumiyyətlə olmur.yırtıcı heyvanlar

Leşyeyən və hərşeyyeyən heyvanlar. Kərkəslər, kaftarlar, cəsədyeyən böcəklər və s. ölmüş heyvanların cəsədləri ilə qidalanırlar. Bunlara leşyeyənlər deyilir.
Həm bitki, həm də heyvan mənşəli qidalarla qidalanan şimpanze, kirpi, qonur ayı, qaban kimi heyvanları hərşeyyeyənlər adlandırırlar.


Müəllif: Yaşar Seyidli, Xumar Əhmədbəyli, Nailə Əliyeva
Mənbə: BİOLOGİYA — 6 Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Biologiya fənni üzrə DƏRSLİK
Top