Bakteriyaların qidalanması. Bakteriyaların bir çoxu hazır üzvi maddələrlə, yəni heterotrof yolla qidalanır. Heterotrof bakteriyaların bir qismi məhv olmuş orqanizmlərin üzvi qalıqları ilə qidalanır. Bunlara saprofit bakteriyalar deyilir. Saprofit bakteriyalar məhv olmuş orqanizmlərin çürüməsində, südün qatığa çevrilməsində, kələmin turşumasında və s. iştirak edirlər.
Bitkilərin, heyvanların və həmçinin insanın müxtəlif toxumalarında yaşayan və xəstəliktörədən bakteriyalar da məlumdur. Onlara parazit bakteriyalar deyilir.
Bakteriyaların bəziləri qeyri-üzvi maddələrdən üzvi maddə yaratmaqla avtotrof qidalanır.
Simbioz. Paxlalı bitkilərin köklərində olan kök-yumrucuq bakteriyaları (azot bakteriyaları) havadakı azotu bitkilərin mənimsəyə biləcəyi şəklə salır, özləri isə bitkilərdən karbohidratlar və mineral duzlar alır. Beləliklə, bitki kökləri ilə kök-yumrucuq bakteriyaları arasında hər bir orqanizm üçün faydalı əlaqə yaranır. Bu hadisə simbioz (yun. “simbiozis” – müştərək həyat) adlanır. Paxlalı bitkilərin kök-yumrucuq bakteriyalarla simbiozu nəticəsində torpaq azotla zənginləşir.
Göbələklərin qidalanması. Göbələklər heterotrof orqanizmlər olub hazır üzvi maddələrlə qidalanır. Onlar üzvi maddələrlə zəngin isti və rütubətli yerlərdə inkişaf edərək buradakı üzvi qalıqlarla qidalanır.
Maya göbələklərinin qidasını şəkər təşkil edir. Xəmirin qıcqırması zamanı bu göbələklər xəmirdə olan şəkəri spirtə çevirir. Bu zaman karbon qazı əmələ gəlir ki, bu da xəmiri şişirdərək məsaməli edir.
Mikoriza. Papaqlı göbələklərin bəziləri bitki kökləri ilə simbioz yaşayır. Belə birgə yaşayış mikoriza (yun. “mikes” – göbələk, “riza” – kök) adlanır. Mikorizalar zamanı göbələyin bədənini təşkil edən nazik saplar – mitselilər ağac köklərinin sorucu zonası ilə sıx təmasda olaraq onu bürüyür və hətta onun içərisinə daxil olur. Göbələk mitseliləri torpaqdan su və suda həll olmuş mineral duzları udaraq kökə ötürür, köklərdən isə həyat fəaliyyəti üçün vacib olan üzvi maddələr əldə edir.
Parazit göbələklər. Göbələklərin bir qrupu canlı orqanizmlərdə yaşayaraq parazitlik edir və onların hesabına qidalanır. Parazit göbələklərin bir qismi insan bədənində yaşayaraq müxtəlif göbələk xəstəlikləri əmələ gətirir.
Müəllif: Yaşar Seyidli, Xumar Əhmədbəyli, Nailə Əliyeva
Mənbə: BİOLOGİYA — 6 Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Biologiya fənni üzrə DƏRSLİK