Canlılarda tənəffüs. Әksər orqanizmlər həyat fəaliyyəti prosesində oksigeni udur və karbon qazını xaric edir. Bu proses tənəffüs adlanır. Tənəffüs zamanı orqanizmlər tərəfindən fasiləsiz udulan oksigen üzvi maddələrin karbon qazı və suya qədər parçalanmasında iştirak edir. Belə parçalanma nəticəsində həyat üçün zəruri olan enerji ayrılır. Bu enerji böyümə, inkişaf, çoxalma kimi müxtəlif həyat proseslərinə sərf olunur.
Bitkilərdə tənəffüs. Bitkilər də tənəffüs zamanı oksigen udur və karbon qazını xaric edir. Onların bəzilərində tənəffüs üçün zəruri olan oksigen havadan bütün bədən səthi vasitəsilə daxil olur. Məsələn, suda həll olmuş oksigen yosunlara bədən səthi ilə keçir. Bitkilərin bir çoxunun tənəffüsü prosesində ağızcıq və ya mərciməklər iştirak edir.
Ağızcıqlar əksər bitkilərdə yarpağın alt tərəfində yerləşir. Onların yumulub-açılması sayəsində yarpaqlara hava daxil olur. Mərciməklər isə adətən gövdənin qabıq hüceyrələri (mantar) arasında yerləşir. İri quru bitkilərinə daxil olan hava, onun bir-birindən aralı yerləşən hüceyrələri arasındakı hüceyrəarası boşluqlara keçir. Bitkidə olan hüceyrəarası boşluqlar tənəffüsdə böyük əhəmiyyət kəsb edir.
Bitki köklərinin tənəffüsü. Digər orqanlar kimi bitki kökləri də tənəffüs zamanı oksigen udur və karbon qazını buraxır. Gilli və bataqlıqlaşmış torpaqlarda, xüsusən bitkilər oksigen çatışmazlığından daha çox əziyyət çəkir. Belə torpaqlarda su havanı çıxarır və köklərin normal tənəffüsü pozulur. Tropik bitkilərdə əlavə tənəffüsü təmin edən tənəffüs kökləri olur.
Bitki kökünə daim havanın daxil olmasını təmin etmək üçün qışın sonuna yaxın məktəbin bağçasında, evinizin yaxınlığında olan ağacların ətrafındakı torpağı yumşaltmaq məsləhət görülür.
Müəllif: Yaşar Seyidli, Xumar Əhmədbəyli, Nailə Əliyeva
Mənbə: BİOLOGİYA — 6 Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Biologiya fənni üzrə DƏRSLİK