Hüceyrәnin element tәrkibi. Dövri sistemdə olan təxminən 110 elementdən 80-ə qədəri hüceyrədə rast gəlinir. Lakin bunlardan yalnız 27 elementin hüceyrədə müxtəlif funksiya yerinə yetirdiyi müəyyən edilmişdir. Hüceyrədə kütlə payı 0,001%-dən çox olan elementlər makroelementlәr, 0,001%-dən 0,000001%-ə qədər olanlar isə mikroelementlәr hesab olunur.
Makroelementlərə oksigen, karbon, hidrogen, azot, fosfor, kalium, kükürd, xlor, kalsium, maqnezium, natrium və dәmir aid edilir. Bu elementlər hüceyrədə vacib rol oynayır. Məsələn, maqnezium xlorofilin, dəmir isə hemoqlobinin struktur komponentidir. Kalsium və fosfor sümük toxumasının hüceyrəarası maddəsinin yaranmasında iştirak edərək sümüklərə möhkəmlik verir.
Bundan başqa, kalsium qanın laxtalanmasında iştirak edən amillərdən biridir.
Sink, mis, yod, flüor, kobalt, selen və bu kimi elementlər mikroelementlәr adlanır. Mikroelementlərin miqdarca az olmasına baxmayaraq onlar hüceyrədə baş verən maddələr mübadiləsində mühüm rol oynayır. Belə ki, sink mədəaltı vəzi hormonunun – insulinin tərkibinə daxildir. Yod isə orqanizmin maddələr mübadiləsini və böyüməsini tənzimləyən qalxanabənzər vəzi hormonunun – tiroksinin əsas komponentlərindən biridir.
Hüceyrədə kimyəvi elementlər ionlar, yaxud maddələr şəklində orqanizmin qurulmasında iştirak edir. Məsələn, karbon, hidrogen və oksigen karbohidrat və yağların tərkibinə daxildir.
Zülallarda bu elementlərdən əlavə, azot, kükürd, dəmir, maqnezium, yod və s. elementlər də olur. Su və natriumxlorid kimi qeyri-üzvi maddələrə həm canlı, həm də cansızlarda rast gəlinsə də, üzvi birləşmələr, əsasən, canlı təbiət üçün səciyyəvidir.
Müəllif: Nüşabə Məmmədova, Brilyant Həsənova, Könül Mahmudova, Leyla Fətiyeva
Mənbə: BİOLOGİYA — 10 Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Biologiya fənni üzrə DƏRSLİK