İrsi dəyişkənlik təkcə mutasiyalar nəticəsində baş vermir. Cinsi çoxalma zamanı genlərin və xromosomların yeni kombinasiyaları yaranır ki, bunun nəticəsində yaranan orqanizmlərdə yeni əlamətlər və xassələr meydana çıxır. Bu cür dəyişkənlik kombinativ dəyişkənlik adlanır.
Kombinativ dəyişkənlik sonsuz sayda genotip və fenotipin yaranmasına səbəb olur. O, təbii seçmə üçün tükənməz material verir. Əgər qəbul etsək ki, insanda hər bir cüt homoloji xromosomda bir cüt allel gen yerləşir, onda mümkün olan qametlərin müxtəlifliyi 223, genotiplərin sayı 323 olar. Bu isə insanların sayından 20 dəfə artıqdır. Halbuki xromosomlarda genlərin sayı daha çoxdur.
Kombinativ dəyişkənlik sonsuz sayda genotip və fenotipin yaranmasına səbəb olur. O, təbii seçmə üçün tükənməz material verir. Əgər qəbul etsək ki, insanda hər bir cüt homoloji xromosomda bir cüt allel gen yerləşir, onda mümkün olan qametlərin müxtəlifliyi 223, genotiplərin sayı 323 olar. Bu isə insanların sayından 20 dəfə artıqdır. Halbuki xromosomlarda genlərin sayı daha çoxdur.
Ç.Darvin tükləri seyrək olan itlərdə dişlərin zəif inkişaf etdiyini, ayaqlarında lələk olan göyərçinlərin barmaqları arasında pərdə olduğunu müşahidə etmişdir. O bunun səbəbini izah edə bilməmişdir. Hazırda müəyyən edilmişdir ki, bu, bir genin bir neçə əlamətə təsir etməsi ilə əlaqədardır. Deməli, bir gen dəyişəndə bir neçə əlamət dəyişir. Belə dəyişkənlik korelyativ (nisbətli) dəyişkənlik adlanır. İrsi dəyişkənliyin bütün formaları genin və ya xromosom yığımının dəyişməsi ilə əlaqədardır.
İbtidai orqanizmlərdən başlamış ali bitki və heyvanlar da daxil olmaqla bütün canlılar xarici mühitdən mənimsənilən qida hesabına böyüyür, inkişaf edir və çoxalır.
Bitkilər kökləri vasitəsilə torpaqdan su və mineral maddələri sorur. Yarpaqlarda fotosintez prosesi gedir və üzvi maddələr sintez olunur. Heyvanlar bitkilərdən fərqli olaraq, hazır üzvi maddələrlə (karbohidratlar, yağlar, zülallar) qidalanır, həzm orqanlarında həzm prosesləri gedir.
Maddələr mübadiləsi bütün canlı hüceyrələrinə xasdır. Lakin onların fərqli cəhətləri də vardır. Yaşıl bitki hüceyrələri karbon qazını mənimsəyir, oksigeni xaric edir. Paxlalı bitkilərin köklərində yaşayan bakteriyalar havanın azotunu mənimsəyir, nitrat turşusu ifraz edir. Bəzi bakteriyalar hidrogen-sulfid mənimsəyir, kükürd xaric edir. Buna baxmayaraq, maddələr mübadiləsi ümumi bir qanuna tabe olur. Hüceyrə yaşayırsa, xaricdən maddələr fasiləsiz olaraq hüceyrəyə, hüceyrədən isə xarici mühitə verilir.
Orqanizmə daxil olan qida maddələri parçalanır, hüceyrənin mənimsəyə biləcəyi formaya salınır. Maddələr mübadiləsində fermentlərin rolu əvəzsizdir. Fermentlər qida maddələrini parçalayan əsas amildir. Orqanizmdə baş verən müxtəlif kimyəvi proseslərin cəmi maddələr və enerji mübadiləsi ilə nəticələnir. Hüceyrə daxilində gedən maddələr mübadiləsi orqanizmdə gedən ümumi mübadilənin ilkin mənbəyi hesab edilir. Çünki hüceyrə tərəfindən mənimsənilən maddələrdən orqanizmdə zülallar, yağlar, karbohidratlar və nuklein turşuları sintez olunur. Həmin maddələr hüceyrənin hissələrinin formalaşmasında istifadə edilir. Böyüyən və yetkin hüceyrələrdə gedən sintez nəticəsində müntəzəm olaraq işlənmiş, istifadə olunmuş molekullar yeniləri ilə əvəz olunur. Maddələr mübadiləsi nəticəsində hüceyrə kimyəvi tərkibini və formasını daim sabit saxlaya bilir. Maddələr mübadiləsi bilavasitə enerji çevrilməsi prosesidir. Bu prosesin normal getməsi temperaturdan asılıdır. Temperaturun dəyişməsi prosesin sürətinə təsir göstərir.
Maddələr mübadiləsi, əslində, bir-birini əvəz edən mürəkkəb biokimyəvi proseslərin zənciri kimi başa düşülməlidir. Bu proseslər aşağıdakılardan ibarətdir:
- Xarici mühitdən maddələrin qəbul edilməsi;
- Orqanizmdə həmin maddələrin istifadə olunması və digər maddələrə çevrilməsi;
- arçalanmış məhsulların bir qisminin xarici mühitə çıxarılması.
Maddələr mübadiləsi orqanizmdə üç əsas formada və istiqamətdə həyata keçirilir:
1. Ümumi maddələr mübadiləsi
2. Aralıq maddələr mübadiləsi;
3. Əsas və ya enerji mübadiləsi. Orqanizmdə müşahidə olunan oksidləşmə reaksiyaları toxumanın tənəffüsü adlanır. Bu zaman oksidləşmə-reduksiya prosesləri maddələr mübadiləsinin əsasını təşkil edir.
Aralıq maddələr mübadiləsi üzv və toxuma hüceyrələrində müəyyən üzvi birləşmələrin digərinə çevrilməsidir, yəni hüceyrədaxili həzm prosesidir.
Əsas və ya enerji mübadiləsi orqanizm üçün zəruri olan enerjinin alınması və bir enerji növünün digərinə çevrilməsi prosesidir.
Orqanizmin qidalanması ilə tənəffüsü bir-biri ilə əlaqəlidir. Bu proseslər nəticəsində maddələr mübadiləsi normal gedə bilir.
Maddələr mübadiləsi canlı aləmdə eyni dərəcədə getmir. Soyuqqanlı heyvanlarda (balıqlar, suda-quruda yaşayanlar, sürünənlər) maddələr mübadiləsi zəifdir. Onların bədəninin temperaturu həmişə xarici mühitdən asılı olur.
İstiqanlı heyvanlarda (quşlar, məməlilər) maddələr mübadiləsi intensiv gedir. Bu canlıların bədən temperaturu xarici mühitdən asılı olmur. Quşların şaxtalı havalarda belə bədən temperaturu 40°C-dən aşağı olmur. Arktika və Antraktidada məməlilər və quşlar fəal həyat tərzi keçirirlər. Canlıların müxtəlif amillərə dözümlülüyü onların orqanizmində gedən maddələr mübadiləsindən asılıdır. Soyuqqanlı və bəzi istiqanlı heyvanlar uzun müddət qış yuxusuna gedir. Bu mürəkkəb proses məhz maddələr mübadiləsi vasitəsilə nizamlanır.
Müəllif: Nüşabə Məmmədova, Brilyant Həsənova, Könül Mahmudova, Leyla Fətiyeva
Mənbə: BİOLOGİYA — 10 Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Biologiya fənni üzrə DƏRSLİK