İlin dörd fəslinin əlamətləri müxtəlifdir. Planetimizin coğrafi ərazilərində fəsil dəyişmələri bir-birindən fərqlənir. Ölkəmizdə də aran və dağ rayonlarında bu sahədə fərqlər olduğunu müşahidə etmək mümkündür. Hər bir coğrafi ərazidə yaşayan canlılar yaşadıqları ərazilərdə mövsümlərə məxsus uyğunlaşmalar qazanmışlar.
- Təbiətdə nə üçün fəsil dəyişkənlikləri baş verir?
- Hansı fəsil canlılar üçün daha əlverişlidir?
Kəskin mövsüm dəyişkənliyi zamanı canlıların davranışlarında və fizioloji proseslərində müəyyən dəyişikliklər müşahidə olunur. Temperatur və günün uzunluğu artdıqca canlılarda fizioloji proseslər sürətlənir, temperatur azalıb günün uzunluğu qısaldıqca fizioloji proseslər zəifləyir.
Araşdırma apararaq canlılarda: müxtəlif bitkilərdə, soyuqqanlı heyvanlarda, quşlarda, məməlilərdə qışa hazırlığı və qışlamaya uyğunlaşmaları müəyyənləşdirin.
Bitkilərdə qışa hazırlıq və qışlama. Bu dövrdə bitkilərdə suyun miqdarı azalır, şəkərin miqdarı çoxalır. Bu onların domnasının qarşısını alır. Maddələr mübadiləsi çox aşağı düşür. Bu zaman bitkilər toplanmış yağlardan və karbohidratlardan istifadə edir. Ehtiyat qida maddələri birillik bitkilərdə, meyvə və toxumlarda, çoxillik ot bitkilərində isə həm də kökümsov, gövdə yumrusu, soğanaqlarda və s. toplanır. Bu səbəbdən də birillik ot bitkiləri — toxum; ikiillik ot bitkiləri birinci il, əsasən, meyvəköklər; çoxillik ot, kol və ağaclar isə, demək olar ki, özünəməxsus vegetativ və generativ orqanlarla qışlayır.
Soyuqqanlı heyvanlarda qışa hazırlıq və qışlama.Həşəratlar sinfinin nümayəndələri inkişaflarının müxtəlif mərhələlərində qışlayır.
Kəpənəyin inkişaf mərhələləri
Bu canlıların hüceyrələrində qliserinin qatılığı artır və onlar donmur.
Suda-quruda yaşayanlar və sürünənlər soyuqqanlı olduqları üçün fəaliyyətlərini dayandırır və qışı anabioz (həyatın geriyə dönə biləcəyi) vəziyyətdə keçirir.
İstiqanlı heyvanlarda qışa hazırlıq və qışlama.
Quşlarda qışı keçirmək üçün lələk örtüyü qalınlaşır, bəzən rəngləri dəyişir. Onların bir çoxu qışlama miqrasiyası keçirir.
Məməlilərdə də qışa hazırlıq zamanı tük örtüyü qalınlaşır. Bəzi məməlilərin rəngi dəyişir. Bəzi məməlilər (ayılar, porsuqlar, yarasalar, bir qism gəmiricilər və s.) qış yuxusuna gedir. Yuxuda olduqları müddətdə onlarda maddələr mübadiləsi zəifləyir. Suya olan tələbatlarını isə piy toxumasının parçalanması nəticəsində ayrılan su ödəyir. Bir qram piy parçalandıqda 1,1 q su alınır. Aktiv həyat tərzi keçirən məməlilərin bir qismində miqrasiyalar həyata keçirilir.
Fotoperiodizm.Təbiətdə canlı orqanizmlərin əksəriyyətində mövsüm dəyişikliyini temperatur dəyişmələri zamanı müşahidə edirik. Ancaq mövsüm hadisələrinin əsas tənzimləyicisi günün uzunluğudur.Orqanizmlərin günün uzunluğuna qarşı olan reaksiyası fotoperiodizm adlanır.
Mövsüm hadisələrinin tənzim edilməsində günün uzunluğunun əsas rol oynadığını bilməklə insanlar bir çox canlıların inkişafını idarə edə bilirlər. Mülayim iqlim qurşağında süni işıqlanma şəraitində bitkilər yarpaqlarını tökmür, həşəratlar inkişaflarını davam etdirir. Toyuqlarda yumurtavermə çoxalır.
Bitkilərin bir qismi uzun yaz və yay günlərində çiçəkləyir. Bunlar uzungünlü bitkilər, payızda çiçəkləyən bitkilər isə qısagünlü bitkilər adlanır.
Müəllif: Nüşabə Məmmədova, Brilyant Həsənova, Könül Mahmudova, Leyla Fətiyeva
Mənbə: BİOLOGİYA — 10 Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Biologiya fənni üzrə DƏRSLİK