Bilirsiniz ki, canlıları cansızlardan fərqləndirən əsas xüsusiyyətlərdən biri çoxalmadır. Çoxalma bütün canlılara xas olan xüsusiyyətdir və onların sayının artmasına səbəb olur.
Çoxalmada orqanizmin əsas əlamətlərinin yeni nəslə ötürülməsi və nəslin davam etdirilməsi prosesi baş verir.
Çoxalma 2 yolla baş verir:
- Cinsi
- Qeyri cinsi
Qeyri-cinsi çoxalma cinsiyyət hüceyrələri iştirak etməyən çoxalmadır. Qeyri-cinsi çoxalmada yeni orqanizmin əmələ gəlməsində bir fərd iştirak edir (calaqla çoxalmadan başqa). Bu çoxalma zamanı alınan yeni orqanizmlər ana orqanizmin xüsusiyyətlərini daşıyır və hüceyrələr mitoz bölünmə yolu ilə alınır. Bu səbəbdən də əmələ gələn fərd başlanğıc fərdlə eyni genetik xüsusiyyətlərə malik olur. Qeyri-cinsi çoxalma canlıların dəyişməyən mühit şəraitinə uyğunlaşmaq qabiliyyətini saxlayır, stabilləşdirici təbii seçmənin rolunu möhkəmləndirir. Belə çoxalma üsulu ilə bir çox qiymətli bitki sortlarını çoxaldırlar. Ancaq qeyri-cinsi yolla çoxalan canlıların əksəriyyəti cinsi yolla çoxalmağa da qadirdir.
Qeyri-cinsi çoxalma:- sürətli çoxalma üsuludur;
- dişi və erkək cinsiyyət hüceyrələri yaranmır;
- mayalanma getmir;
- əksər yeni nəsildə müxtəliflik nəzərə çarpmır;
- təkamüldə əhəmiyyəti azdır;
- fərdlər dəyişkən ətraf mühit amillərinə davamsızdır.
Cinsi çoxalma cinsiyyət hüceyrələrinin (qametlərin) iştirakı ilə gedən çoxalmadır. Belə çoxalma zamanı, əsasən, qametlərin biri ana, digəri isə ata orqanizmə məxsus olur. Yaranan qametləri oxşar və fərqli cəhətlərinə görə müqayisə etdikdə bir neçə tip qametəmələgəlmə ayırd edilir.
- İzoqamiya — qametlər qamçılı, eyni ölçülüdür.
- Anizoqamiya — qametlər oxşar quruluşlu, müxtəlif ölçülüdür.
- Ooqamiya — erkək qametlər kiçik, qamçılı, dişi qametlər isə iri, qamçısızdır.
Mayalanmadan sonra yaranan ziqot hər iki valideynin əlamətlərini daşıyır. Bir çox orqanizmlər həm cinsi, həm qeyri-cinsi yolla çoxaldığı halda, onurğalılara yalnız cinsi yolla çoxalma xarakterikdir.
Cinsi çoxalma:
- erkək və dişi qametlərin iştirakı ilə gedir;
- qametlər heyvanlarda meyoz bölünmə yolu ilə, bitkilərdə isə həm meyoz, həm də mitoz bölünmə yolu ilə əmələ gəlir;
- ziqot yaranır;
- təkamülə səbəb olur;alınan fərdlər ətraf mühit amillərinə davamlı olur;
- yavaş gedən prosesdir.
Cinsi çoxalmada olan müxtəlifliklər:
• Konyuqasiya cinsi prosesdir. Bu prosesdə iştirak edən fərdlər çoxalmır. Ancaq onların orqanizmi nüvələrin yerdəyişməsi nəticəsində yeni xüsusiyyətlər qazanır və yeniləşir.
• Nəsil növbələşməsi ilə gedən çoxalma bəzi birhüceyrəlilərdə və sporlu bitkilərdə olur.
• Partenogenez canlılarda az rast gəlinən cinsi çoxalma üsuludur. Bu zaman mayalanmamış yumurtahüceyrədən orqanizm inkişaf edir. Bal arısı ailəsində gedən prosesdə həm mayalanmış, həm də mayalanmamış yumurtadan nəsil alınır. Mayalanmış yumurtalardan işçi və ana arılar, mayalanmamış yumurtalardan isə erkək arılar əmələ gəlir.
• Çılpaqtoxumlularda cinsi çoxalma. Erkək və dişi qozalarda cinsi hüceyrələr inkişaf edir, tozlanma və mayalanma nəticəsində toxum əmələ gəlir.
• Çiçəkli bitkilərdə ikiqat mayalanma. Örtülü toxumlu bitkilərin xarakterik əlamətlərindən biri də çiçəklərin əmələ gəlməsidir. Çiçəklərin erkəkciklərində yaranan qametlərlə (spermlər) dişiciklərində yaranan qametin (yumurtahüceyrə) və mərkəzi hüceyrənin birləşməsi nəticəsində mayalanma baş verir, meyvə və toxum yaranır.
Toxumun rüşeymi mayalanmış yumurtahüceyrədən (2n), endospermi isə diploid mərkəzi hüceyrənin (2n) haploid (n) erkək qametlə (sperm) birləşməsindən əmələ gələn triploid (3n) hüceyrədən əmələ gəlir.
Onurğalı heyvanlarda cinsi çoxalma. Cinsiyyət orqanlarında erkək və dişi qametlər inkişaf edir. Onların birləşməsindən ziqot yaranır. Ziqotun bölünməsi nəticəsində çoxhüceyrəli rüşeym inkişaf edir və nəhayət, orqanizmə çevrilir. Heyvanların cinsiyyət orqanlarının mənşəyi eyni olsa da, onların çoxalmasında bir sıra fərqli xüsusiyyətlər də var. Buna görə də heyvanlarda mayalanmanın iki formasına — xarici və daxili mayalanmaya rast gəlinir. Xarici mayalanma, əsasən, su heyvanlarına aiddir.
Quruda yaşayan heyvanlarda daxili mayalanma gedir. Quru heyvanlarının da çoxalmasında fərqli xüsusiyyətlər özünü göstərir. Buna aşağıdakıları misal göstərmək olar:
Embrional inkişaf mayalandıqdan sonra xaricə qoyulan yumurta içərisində gedir (quşlar, əksər sürünənlər, yumurtaqoyan məməlilər).
- Embrional inkişaf ana orqanizmində başlayır, xaricdə tamamlanır (kisəlilər).
- Embrional inkişaf bütövlükdə ana orqanizmində tamamlanır (plasentalı məməlilər).
Mayalanma müxtəlif formalarda getsə də, yaranan ziqot yeni orqanizmə başlanğıc verir və bununla da canlıların yaşayıb öz nəsillərini davam etdirməsinə imkan yaranır.
Çoxalma canlıların nəslini davam etdirməsi üçün çox əhəmiyyətli bioloji prosesdir.
Müəllif: Nüşabə Məmmədova, Brilyant Həsənova, Könül Mahmudova, Leyla Fətiyeva
Mənbə: BİOLOGİYA — 10 Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Biologiya fənni üzrə DƏRSLİK