Toxumlu bitkilərin ümumi əlamətləri. Mamır və qıjıkimilərdən fərqli olaraq, toxumlu bitkilər toxumla çoxalır. Onların toxumlarında rüşeym ehtiyat qida maddəsi ilə təmin olunur və əlverişsiz şəraitdən toxum qabığı ilə mühafizə edilir. Toxumlu bitkilərə çılpaqtoxumlular və örtülütoxumlular aiddir.
Çılpaqtoxumlular. Ağac və kolşəkilli nümayəndələri mövcuddur. Əksəriyyətinin yarpaqları nazik iynəşəkilli və ya pulcuqşəkilli (sərv və tuya ağaclarında), bəzilərində isə (ginqko) enliyarpaqlıdır. Onların budaqlarında şəklini dəyişmiş, zoğ hesab edilən qozalar olur. Qozalarda toxumlar yetişir. Toxumlar qoza pulcuqlarında çılpaq yerləşdiyinə görə çılpaqtoxumlular adlandırılır. Çılpaqtoxumluların nümayəndələrinə adi şam, Eldar şamı, küknar, qaraşam, Sibir şamı, ardıc, sərv və s. kimi bitkilər aiddir.
Adi şam – quraqlığa davamlıdır. Gövdəsindəki qısa zoğlar üzərində cüt-cüt yerləşən iynəşəkilli yarpaqları xaricdən möhkəm dəriciklə ortülmüşdür. Dəricikdə ağızcıqların sayı az olduğundan yarpaqları suyu qənaətlə buxarlandırır. Yarpaqları 2-3 il yaşayır, sonra qısa zoğlarla birlikdə tökülür. Şam ağacı işıqsevəndir. Qumlu, bataqlıq və çürüntüsü az olan torpaqlarda bitə bilir. Şamlarda kök sistemi yaxşı inkişaf etmiş olduğundan kökü torpağın dərinliyinə gedir.
Adi küknar – kölgəyədavamlı və rütubətsevəndir. İynəşəkilli yarpaqları adi şam yarpaqlarından qısa olur və 5-7 il yaşayır. Əsasən, qida maddələri ilə zəngin olan torpaqlarda bitir. Onun kökü torpağın dərinliyinə getmir, yan kökləri torpağın üst qatlarına yayılır.
Eldar şamı – quraqlığa dözümlüdür. Torpağın münbitliyinə tələbkar deyil. Adi şamdan fərqli olaraq, qollu-budaqlıdır və iynə yarpaqları 2-3 dəfə uzundur. Azərbaycanda küçə və parkların yaşıllaşdırılmasında geniş istifadə edilir.
Hazırda çılpaqtoxumlulardan qaraçöhrə, Eldar şamı, qarmaqvari şam və ardıcın bəzi növləri “Qırmızı kitab”a salınmışdır. Onların qorunması və çoxaldılmasına diqqət yetirmək lazımdır.
Mənbə: Biologiya — 7: Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün dərslik. Bakı -2018
Müəllif: Yaşar Seyidli, Xumar Əhmədbəyli, Nailə Əliyeva