Çiçək qrupları. Çiçəklər gövdə üzərində, adətən, tək-tək və ya qrup halında yerləşir. Gövdə üzərində qrup halında yerləşən çiçəklər çiçək qrupları adlandırılır. Çiçək qrupları sadə və mürəkkəb olur.
Sadə çətir. Saplaqlı çiçəklər qısalmış əsas oxda çətirin milləri kimi bir nöqtəyə birləşir. Belə çiçək qrupuna alma, albalı, soğan, sarımsaq, gilas və novruzçiçəyi (primula) kimi bitkilərdə rast gəlinir.
Mürəkkəb çətir. Sadə çətirlər bir yerə toplanaraq mürəkkəb çətir çiçək qrupunu əmələ gətirə bilir. Mürəkkəb çətir çiçək qrupu şüyüddə, yerkökündə, baldırğanda, cəfəridə olur.
Sadə salxım. Sadə salxım çiçək qrupu uzun əsas oxa malikdir. Bu ox üzərində saplaqlı çiçəklər növbə ilə düzülür. Üskükotu, atşabalıdı, qarağat, meşəgilası, turp, şalğam, quşəppəyi və s. bitkilər belə çiçək qrupuna malikdir.Mürəkkəb salxım. Sadə salxımların birləşməsindən yaranir. Üzüm və yasəməndə rast gəlinir.
Süpürgə. Mürəkkəb salxıma oxşardır. Lakin bu çiçək qrupunda çiçəklərin sayı daha çoxdur. Belə çiçək qrupuna darı, çəltik, vələmir və qarğıdalının erkək çiçək qrupunda rast gəlinir.
Sadə sünbül. Sadə sünbül çiçək qrupunda uzanmış əsas ox üzərində saplaqsız (oturaq) çiçəklər düzülür. Belə çiçək qrupu bağayarpağında olur.
Mürəkkəb sünbül. Bir neçə cadə sünbüldən təşkil olunur. Buğda, arpa, çovdar bitkilərində olur.
Qıça. Sünbüldən əsas oxun ətləşməsi ilə fərqlənir; məsələn, qarğıdalının dişi çiçəkləri qrupunda saplaqsız çiçəklər ətləşmiş əsas ox üzərində düzülür.
Başcıq. Әsas oxu dəyirmiləşmiş və ətləşmiş olur. Onun üzərində əksərən saplaqsız çiçəklər topa ilə yerləşir; məsələn, üçyarpaq və qırmızıbaş yoncanın çiçəkləri bu qrupa aiddir.
Səbət. Çoxsaylı saplaqsız çiçəklər qalınlaşmış və genişlənmiş əsas ox üzərində düzülür. Onlar xaricdən sarğı adlanan yaşıl yarpaqcıqlarla mühafizə olunur. Belə çiçək qrupuna astra, zəncirotu, günəbaxan, göyçiçək, eşşəkqanqalı və kəpənəkçiçəkdə rast gəlinir.
Qalxan. Armudda, yemişanda qeyribərabər saplaqlı çiçəklər əsas ox üzərində bərabər səviyyədə qalxan şəklində düzülür.
Çiçək qruplarının bioloji əhəmiyyəti. Çiçəklərin qrup halında yerləşməsinin bioloji əhəmiyyəti vardır. Bu cür yerləşmə onların çarpaz tozlanmalarını asanlaşdırır. Məsələn, günəbaxan, yasəmən, hiasint kimi bitkilərdə çoxlu xırda çiçəklərin qrup halında toplanması onları uzaqdan iri çiçək kimi nəzərə çarpdırır. Belə çiçəkləri tozlandırıcı həşəratlar daha tez görə bilirlər.
Müəllif: Yaşar Seyidli, Xumar Əhmədbəyli, Nailə Əliyeva
Mənbə: BİOLOGİYA — 6 Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Biologiya fənni üzrə DƏRSLİK