Müasir sistematikada bitkilər aləmi iki yarımaləmə – ibtidai və ali bitkilərə bölünür. İbtidai bitkilərdə ali bitkilərə xas olan orqanlar (kök, gövdə, yarpaq) yoxdur.
İbtidai bitkilərə təbiətdə geniş yayılan yosunlar aiddir və əksər hissəsi su mühitində yaşayır. Lakin onların nümayəndələrinə nəm torpaqda, ağac gövdəsində və hətta qar üzərində də rast gəlinir. Yosunlar qrupuna yaşıl, qonur, qırmızı və digər yosun şöbələri daxildir. Bunların içərisində birhüceyrəli və çoxhüceyrəli formalara rast gəlinir.
Birhüceyrəli yaşıl yosunlar.Xlorella və xlаmidomonada yosunların ən geniş yayılmış nümayəndələridir. Hüceyrələri xaricdən qalın və şəffaf qılafla örtülmüşdür. Xlаmidomonada qamçıların köməyi ilə fəal hərəkət edə bilir. Xlorella isə ondan fərqli olaraq, su axını vasitəsilə bir yerdən başqa yerə aparılır. Onların hüceyrələrində nüvə, sitoplazma, iri vakuol və həmçinin yaşıl xlorofil piqmentinə malik tək xromatofor (yun xro matofor – rəngdaşıyan) var. Xlаmidomonada hüceyrəsində bunlardan başqa işığa həssas “qırmızı gözcük”, yığılıb-açılan iki kiçik vakuol olur.
Yaşıl yosunların qidalanması. Yosunlar, əsasən, avtotrof yolla qidalanır. Xlamidomonada və bəzi başqa yosunlar qida üçün bəzən hazır üzvi maddələrdən istifadə edir.
Birhüceyrəli yaşıl yosunların çoxalması. Yosunlar həm cinsi, həm də qeyri-cinsi yolla çoxalır. Əlverişli şəraitdə onlarda qeyri-cinsi, əlverişsiz şəraitdə (su hövzəsinin soyuması, quruması və s.) isə cinsi çoxalma müşahidə edilir. Xlamidomonadadan fərqli olaraq, xlorella yalnız qeyricinsi yolla – ikiyə bölünməklə çoxalır.
Bölünmədən əvvəl xlamidomonada qamçısını itirir və hərəkətsizləşir.
– Qeyri-cinsi çoxalması. Xlamidomonadanın daxili möhtəviyyatı bir neçə dəfə bölünərək – 4, bəzən 8 ədəd hərəkətli kiçik hüceyrə – zoosporlar (yun. zoon – heyvan, spor – səpin, toxum) əmələ gətirir. Onlar xaricə çıxaraq müstəqil yaşayan yeni yosunlara çevrilir.
– Cinsi çoxalması. Xlamidomonadanın möhtəviyyatının bölünməsinəticəsində çoxlu sayda ikiqamçılı qametlər (cinsiyyət hüceyrələri) yaranır. Onlar başqa fərdin qametləri ilə suda cüt-cüt birləşir və ziqot əmələ gətirir. Ziqot qalın qılafla örtülərək qışlayır. Yazda ziqotun bölünməsi nəticəsində yaranan zoosporlardan cavan xlamidomonadalar əmələ gəlir.
a Qeyri-cinsi çoxalma (sxem)
1. Yetkin
2. İlkin mərhələ (zoosporların yaranması).
3. Zoosporlardan yeni fərdlər yaranır.
4. xlamidomonada. Cavan xlamidomonada.
b Cinsi çoxalma (sxem)
1. Yetkin xlamidomonada.
2. Ana hüceyrədə qametlər yaranır.
3. Qametlər suya tökülərək başqa fərdin qametləri ilə cüt-cüt birləşir.
4. Yaranan ziqot qalın qılafla örtülür.
5. Ziqotdan 4 ədəd yeni zoosporlar əmələ gəlir.