Keçmişin səhvlərini aydınlaşdırmaq bu gün ən vacib məsələdir, yoxsa, o, yenidən təkrar oluna bilər.
1930 — 1950-ci illərdə sovet biokimyasında faciə ona görə yarandı ki, ondan ideoloji mübarizə cəbhəsi kimi istifadə etdilər və onu «burjua» biologiyasına qarşı qoydular. Həmin illərdə başqa elmləri — fizika, kimya elmlərini də siyasi mübarizəyə cəlb etmək istədilər. Lakin kimyaçılar və fiziklər bu hücumların qarşısını ala bildilər.
Biologiyanın əsasən genetika, sitologiya, fiziologiya və biokimya sahələri darmadağın edildi ki, bu da istər-istəməz onun başqa sahələrinə də məhvedici təsir göstərdi. Əlbəttə, təbiət elmləri arasında bu ağır püşkün məhz biologiya elminin payına düşməsi səbəbsiz deyildi. Biologiya partiyalılığa əsaslanan humanitar elmlərə daha çox istinad edirdi. Biologiya elmində özünü mütəxəssis kimi qələmə vermək fizika, yaxud riyaziyyat sahəsindən daha asan idi. Həmin dövrdə aqronomiya və zootexnika da bu sahəyə istinad etdiyindən, instansiyalar dağıdılmış kənd təsərrüfatının xilası naminə suda boğulan saman çöpündən yapışan kimi hər vasitəyə əl atırdılar. Bütün bu obyektiv səbəblərlə yanaşı subyektiv səbəblər də — Lısenkonun qərəzli şəxsiyyəti də böyük rol oynayırdı.
Lısenko elm aləmində 1928-ci ildən görünməyə başlamışdı. Əvvəlcə onu fitri istedada malik, enerjili, böyük gələcəyi olan bir mütəxəssis kimi qəbul etmişdilər. Onun yarovizasiya və stadial inkişaf haqqındakı işi bir çox alimlər, o cümlədən N.İ. Vavilov tərəfindən yüksək qiymətləndirilmişdir. İlk dövrlərdə adama elə gəlirdi ki, elm aləminə daxil olmaqla başqa alimlərə nisbətən Lısenko bitkilərin fiziologiyası və kənd təsərrüfatı biologiyası sahəsinə daha çox xeyir verəcəkdir. Ancaq Lısenkonun şəxsi keyfiyyətləri Stalin diktaturası dövründə onun fəaliyyətini başqa səmtə yönəltdi. Xalq içərisindən çıxmış gənc, təşəbbüskar alim partiya və dövlət xadimlərinə xoş gəlmək, onlarda özünə qarşı rəğbət oyatmaq yolu ilə getdi. Mütəxəssislər və rəhbər işçilər tərəfindən nazlandırılan, heç bir tənqidə dözməyən Lısenko çox tez anladı ki, elmə qulluq yox, başçılıq edə bilər. Buna görə də alimlər üzərində hökmranlığı ələ almaq naminə yeni biologiya yaratmaq və bu yeniliyi qəbul etməyənləri elmdən uzaqlaşdırmaq lazım idi. Bütün bunlara isə rəhbərliyin köməyinə arxalanmaq yolu ilə nail olmaq mümkün idi. Bu köməyə isə yalnız iki vasitə ilə ümid bağlamaq olardı. Birincisi, kənd təsərrüfatının ağır vəziyyətindən istifadə edərək yeni biologiyanın böyük xeyir verəcəyi haqqında fikir irəli sürməkdən, ikincisi isə, klassik biologiyanın metodoloji cəhətdən zərərli, realist, dialektik materializmə yabançı olması fikrini ortaya atmaqdan ibarət idi. Yeni biologiyanın möhkəmlətmək və himayə etmək üçün isə hansısa tanınmış, hamı tərəfindən qəbul edilmiş bir şəxsiyyətin adından istifadə etmək lazım gəlirdi. Lısenko çox böyük müvəffəqiyyətlə belə bir adamı — 1935-ci ildə vəfat etmiş İ.V. Miçurini tapdı. Özünə ikinci himayədar kimi K.A. Timiryazevi seçdi.
Miçurinin bəzi fikirlərini bildiyi kimi dəyişdirərək Lısenko özünün bütün fəaliyyətini Miçurin təliminin inkişafına, qabaqcıl sovet Miçurin biologiyasının yaranmasına yönəldilən fəaliyyət kimi qələmə verdi. O dövrün nəbzini yaxşı duyan Lısenko planlarını həyata keçirməyə başladı. Bu da öz növbəsində biologiya elminin dağılmasına və nəticədə kənd təsərrüfatının həddindən artıq zərər çəkməsinə gətirib çıxardı. Lısenko özünün Miçurin biologiyasını iki özül — təkamül və irsiyyət nəzəriyyəsi üzərində yaratmağa başladı. Hər iki nəzəriyyə doqmatik, müasir elmə zidd formada qəbul olunurdu. İrsən nəsildən-nəslə keçən genlərin varlığını Miçurin genetikası inkar edirdi (bu təlimə görə bir bitkinin başqa bitkiyə calaq edilməsi yolu ilə irsi keçməni aradan götürmək olar). Bitkilərdə hormonların olması fikri qəbul edilmirdi. Lısenko öz nəzəriyyələri əsasında kənd təsərrüfatının müxtəlif sahələrinə dair praktik təkliflər irəli sürürdü. Həmin təkliflər qabaqcadan yoxlanılmadan, yerli şərait nəzərə alınmadan böyük sahələrdə məcburi şəkildə həyata keçirilirdi. Çoxdan yoxlanılmamış və özünə haqq qazandırmamış belə təkliflərin uğursuzluğu növbəti vədverici təkliflərlə ört-basdır edilirdi. Bu yolla Lısenko özünə görünməmiş karyera qazandı.
1934-cü ildə o, Ukrayna Elmlər Akakdemiyasına, 1935-ci ildə Kənd Təsərrüfatı Elmləri Akademiyasına üzv seçildi. 1938-ci ildə həmin akademiyanın prezidenti, 1939-cu ildə isə SSRİ Elmlər Akademiyasının üzvü oldu. 1940-cı ildə N.İ. Vavilovun həbsindən sonra SSRİ EA Genetika İnstitutunun direktoru vəzifəsini tutdu. 1940-cı ildən Stalin mükafatı komitəsinin elm və kəşflər üzrə sədr müavini, sonralar Ali Attestasiya komissiyasının sədr müavini olmuşdur. 1935 — 1937-ci illər SSRİ MİK-in üzvü, birinci çağırışdan altıncı çağırışa kimi (1966) SSRİ Ali Sovetinin deputatı, 1937 — 1950-ci ilə kimi SSRİ Ali Sovetinin İttifaqlar Sovetinin sədr müavini seçilmişdir. Partiya üzvü olmasa da, onun plenum və qurultaylarında fəal iştirak etmişdir. O, aşağıdakı mükafatları almışdır: üç dəfə Stalin mükafatı laureatı (1941, 1943, 1949). Meçnikov adına qızıl medal (1950). Qırmızı Əmək Bayrağı ordeni və səkkiz dəfə Lenin ordeni, Sosialist Əməyi Qəhrəmanı (1945) adını almışdır.
«Sıravi kolxozçu da elmi irəliyə doğru apara bilər» tezisindən istifadə edən Lısenko öz fəaliyyətinin əhatə dairəsini çox genişləndirdi. O, elmi tədqiqatlarını alimlərin qarşısında qoyduğu tələblərdən xəbəri olmayan külli miqdarda yarımsavadlı adamları öz ətrafına topladı. Ciddi nəzarət, təcrübələrin təmizliyi, təkrarların düzlüyü lısenkoçuların çoxuna yad idi. İstənilən nəticəni almaq üçün əsas şərt, Lısenkonun göstərişinə görə, ona inanmaq idi. Bu da onların işini xeyli asanlaşdırırdı.
Xarici ədəbiyyatla tanış olmaq, xarici müəlliflərin fikirləri ilə öz nəticələrini tutuşdurmaq ehtiyacı aradan qalxırdı. Çünki xarici müəlliflər «burjuaziyanın mənafeyini» ifadə edirdi. Bu da «xaricilər qabağında əyilməyə» qarşı aparılan mübarizə dövrünün tələblərinə çox uyğun gəlirdi.
Lısenkonun «kəşf»lərini təsdiq etməyə yüzlərlə kolxoz eksperimentə cəlb olunmuşdu. Bununla əlaqədar o, «xalq alimi», «xalq akademiki» titullarını aldı.
Lısenko və həmfikirləri öz tənqidçiləri ilə aramsız mübarizə aparırdılar. Partiya və hökumət orqanlarında onun vəziyyətindən asılı olaraq mübarizənin formaları da dəyişirdi. Əvvəlcə tənqidçilərə ideya əleyhdarları kimi baxırdılarsa, sonra onlara ideya və siyasi, yuxarı vəzifə tutanları xalq düşməni adlandırmağa başladılar. Elmi siyasi jurnal və kitablarda qəzetlərdə kəskin materiallar verilir, tribunalardan darmadağın edici çıxışlar edilirdi.
Otuzuncu illərin ortalarında lısenkoçular öz rəqibləri haqqında partiya və inzibati idarələrə böhtanlı xəbərlər verməyə başladılar. Bu da çox vaxt həbs və ölümlə nəticələndi. Vavilovu da həmin yolla aradan götürdülər.
Vavilov 1940-cı ildə həbs olunmuş və 1943-cü ildə həbsxanada həlak olmuşdur. Onun faciəsinin təfsilatı tam əks olunmamışdır. Q.A. Levitski, Q.D. Karpeçenko, S.Q. Levit, İ.İ. Aqol, M. Levin, N.K. Belyayev, N.M. Tulyakov, L.İ. Qovorov, Q.K. Meyster və onlarla başqa bioloq və kənd təsərrüfatının müxtəlif sahələri üzrə görkəmli mütəxəssislər Vavilov kimi Stalin həbsxanalarının divarları arasında məhv edildilər.
Əsl genetikaya qarşı aparılan bu mübarizə ona gətirib çıxartdı ki, bütün görkəmli alimləri lısenkoçular əvəz etdilər. Bir çox alimlər sovet biologiyasını və kənd təsərrüfatını xilas etmək naminə faktlara əsaslanaraq yuxarı təşkilatlara şikayət məktubları yazmağa başladılar. Lakin onların hamısı cavabsız qaldı.
Sitologiyanın darmadağın edilməsi.
Böyük Vətən müharibəsindən sonra miçurinçi bioloqlara O.B. Lepeşinskayanın qrupu da qoşuldu. Lepeşinskaya 30-cu illərdən başlayaraq struktursuz canlı cisimlərdən hüceyrə yaranması haqqında mətbuatda məlumatlar verməyə başladı. Bununla da o, 1855-ci ildə alman potoloqu R. Virxov tərəfindən irəli sürülmüş «hüceyrənin yalnız hüceyrədən yaranması» fikrini inkar edirdi. Bütün bioloqlar tərəfindən qəbul edilmiş Virxovun tezisini Lepeşinskaya metafizik, idealist və inkişaf prinsipi ilə uyuşmayan tezis elan etdi.
Lepeşinskayanın Lısenkonun cəbhəsinə qoşulanadək əsasən genetiklər, təkamülçülər zərbəyə məruz qalırdısa, artıq sitoloqlar, histoloqlar, embrioloqlar, mikrobioloqlar da nişan hədəfinə çevrildilər. Beləliklə də normal biologiyanın nümayəndələrinin tutduqları vəzifələri ələ keçirmək naminə mübarizə getdikcə gücləndi.
Avqust sessiyasında (1-7 avqust 1948-ci il) miçurinçi biologiyanın irticaçı mendelizm-veysmanizm biologiyası üzərində «təntənəli qələbəsi»ndən sonra günahını boynuna almış və almamış alimlər öz vəzifələrində qala bilmədilər.
Avqust sessiyasının ən ağır və uzun sürən nəticəsi biologiya elminin tədrisi sisteminin dağıdılmasında və gənc bioloqların hazırlığında da özünü göstərdi.
Kitabxanalardan miçurinçi biologiya ilə uyğun gəlməyən kitablar, dərsliklər, biologiya və genetikanın başqa bölmələrinə dair populyar nəşrlər yığışdırılırdı. Onların yerini Lısenko, Lepeşinskaya və onların başqa həmfikirlərinin məhsulları tuturdu. SSRİ EA sitologiya, histologiya və embriologiya institutlarının buraxdığı tirajlar yandırılırdı. Həmin tirajlarda İ.A. Rapoportun dünya ədəbiyyatında ilk dəfə olaraq kimyəvi mutagenezə dair əsəri çap olunmuşdu. Miçurinçi biologiya ilə tutuşmayan, yığılmağa təzə verilmiş kitablar dağıdıldı.
Avqust sessiyası bakteriologiya və virusologiya sahəsində sensasiyalı kəşflər edilməsi üçün yolları təmizlədi. Beləliklə, 1950-ci ilə kimi Lısenkonun atəş hədəfi əsasən genetiklər, təkamülçülər, ümumi bioloqlar, seleksiyaçılar olmuşdu.
Bu dövrdə təşkilat məsələləri ortaya çıxdı. Əsasən genetika ilə məşğul olmayan, az-çox normal elmlə məşğul olmağa imkan tapan sitoloq, histoloq və embrioloqların üzərinə hücum başlandı.
Lısenko və Lepeşinskayanın bu nümunəsi biologiyanın toxunulmamış başqa sahələri üçün də təhlükə yaratdı. Resept aydın idi.
Avqust sessiyasındakı Lısenkonun «Biologiya elmində vəziyyət» məruzəsində söhbət yalnız Miçurin biologiyasından gedirdisə, Pavlov sessiyasında yalnız pavlovçu fiziologiya və patofiziologiyadan danışılır, bütün qeyri-pavlovçu fiziologiya və patofiziologiya inkar edilirdi.
Ümumittifaq fiziologiya, biokimya və əczaçılıq cəmiyyətinin sədri, «SSRİ fiziologiya jurnalı»nın baş redaktoru, bir sıra başqa komissiyaların sədri vəzifəsini aparırdı. Məhz buna görə də bu vəzifələrdən Orbelinin azad edilməsini əsaslandırmağı sessiyanın təşkilatçıları qarşılarına əsas məqsəd qoymuşdular.
Azad disskussiyadan sonra təşkilat məsələlərinə baxıldı. SSRİ EA və SSRİ TEA qərarları ilə Orbelin tutduğu bütün vəzifələrdən azad edildi. Anoxin SSRİ TEA Fiziologiya İnstitutunun direktorluğundan çıxarıldı. SSRİ TEA Mərkəzi Sinir Sistemi Fiziologiyası İnstitutu, İ.P. Pavlov adına Fiziologiya İnstitutu, İ.P. Pavlov adına Evolyusion Fiziologiya və Ali Sinir Fəaliyyəti Patologiyası İnstitutunun bazası əsasında vahid — İ.P. Pavlov adına Fiziologiya İnstitutu yaradıldı.
Pavlov sessiyası fiziologiya elminin tədqiqi ilə yanaşı, onun ali və orta məktəblərdə tədrisinin inkişafına da böyük əngəl törətdi. Fiziologiyanın bir çox sahələri gözdən uzaq və yaxud qadağa altında qaldı, məhsuldar şəkildə fəaliyyət göstərən bir çox kollektivlər dağıdıldı. Görkəmli alim olan İ.P. Pavlovun xeyirxah adı təhqir olundu.
Artıq sovet biologiyası rəsmi şəkildə bəyənilən və başqa cür düşünənlərdən möhkəm qorunan üç əsas istiqamətə yönəldildi. Lısenko, Lepeşinskaya və Bıkov özlərinin yeganə düzgün təlim hesab etdikləri miçurinçi biologiya, canlı maddələr haqqında təlim və Pavlov fiziologiyası sahəsində diktator hüququna malik oldular. Sovet biologiyasının monolitliyi aşağıdakı terminlərlə ifadə edildi. «Qabaqcıl miçurinçi-pavlovçu biologiya», «sovet miçurinçi-pavlovçu-darvinizm biologiyası».
Elmin azad inkişafı üzərində zor işlətmək elm üçün də, dövlət üçün də ağır nəticələr verdi. Lısenko və onun əlaltılarının kənd təsərrüfatı sahəsində məcburi şəkildə həyata keçirdiyi tədbirlər çox böyük maddi zərərlə nəticələndi. Kənd təsərrüfatı həqiqi rasional metodların qadağan edilməsi nəticəsində də az zərər çəkmədi. Çoxlu elmi laboratoriyalar, təhsil ocaqları, elmlə əlaqədar olan partiya və sovet orqanları onların rəhbərliyi kütləvi şəkildə dəyişdirildi. Məhsuldar işləyən bir çox alimlərin tədqiqat işləri yarımçıq dayandırıldı. İşdən çıxarılanların yerini ixtisasını zəif bilən, prinsipsiz adamlar tutdular. Elmi jurnallar aşağı səviyyəli, savadsız yazılarla doldurulurdu. Lepeşinskayanın liderliyi zamanı az müddət ərzində hüceyrənin hüceyrəsiz canlı maddədən əmələ gəlməsi barədə yüzdən çox tədqiqat işi çap olundu.
Elmi prosesin inkişafı zamanı yeni faktlar və qanunauyğunluqlar aşkara çıxarılmaqla yanaşı, bəzi fikirlər qadağan edilir. Lısenko və Lepeşinskayanın fəaliyyəti zamanı isə bütün qadağalar kənara atıldı. Onlar üçün hər şey — hətta ququ quşundan ötməquşu, bitki hücyerələrindən heyvan hüceyrələrinin əmələ gəlməsi adi hal aldı. Biologiya elminə həqiqi bələd olan bir çox alimlər belə çaş-baş qaldılar.
Məktəblilər, tələbələr, gənc alimlər və müəllimlərin böyük ordusu yeni dərsliklər, proqram və mühazirələr qarşısında aciz qalmışdılar. Lısenkoçular müasir biologiyanın həqiqi nailiyyətlərini kütlələrdən gizlədərək onun yerinə miçurinçi saxta nailiyyətləri gözə soxurdular. SSRİ Ali Təhsil Nazirliyinin ali məktəblər üçün nəzərdə tutduğu «Ümumi biologiya» dərsliyinə böyük zərər vuruldu. Həmin kitabın müəllifləri V.V. Maxovko, P.V. Makarov və K.Y. Kostryukova idilər. Kitabın birinci nəşri (40000 tirajla) 1950-ci ildə, ikinci 1956-cı ildə (50000 tirajla) çapdan çıxdı. Məktəblilər isə miçurinçi elmi müxtəlif müəlliflərin (Melnikov M.M., Veselov E.A. və başqaları) buraxdığı «Darvinizmin əsasları» kitabından öyrənirdilər.
Elmdə Lısenkoçu diktaturanın hökmranlığı dövründə bizim ölkəmizin və elmimizin çəkdiyi zərər haqqında bu nəticəyə gəlmək olar.
Mənbə: Biоlоgiyanın inkişaf tariхi və mеtоdоlоgiyası
Müəlliflər: H.M. HACIYЕVA, Ə.M. MƏHƏRRƏMОV, Q.K. İSMAYILОV, İ.V. QAFARОVA