Azərbaycan faunası

Azərbaycan faunası

Azərbaycanın müasir onurğalı heyvanlar aləminə 6 sinfə aid 634 növ daxildir. Bunlardan dəyirmiağızlılar 1, balıqlar — 97, suda-quruda yaşayanlar — 10, sürünənlər — 52, quşlar — 367, məməlilər isə — 107 növlə təmsil olunur. Onurğasızların 14000 növünü həşəratlar təşkil edir.
Lakin son onillikdə insanların fəaliyyəti ilə əlaqədar olaraq bütün təbii komplekslərin çirkləndirilməsi ənənələri ekoloji tarazlığın pozulması və bir sıra amillərlə yanaşı, təbii landşaftların gündəngünə azalması heyvanlar aləmi tərkibinin say və növlərinin azalmasına səbəb olmuşdur. Bu ənənə nəinki saxlanılır, həm də gündən-günə artmaqda davam edir. Hal-hazırda kənd təsərrüfatı və tikinti işləri ilə əlaqədar tutulan torpaq sahələrinin genişləndirilməsi nəticəsində 14 növ məməli heyvan yox olmaq təhlükəsi qarşısındadır. 1940 — 60-cı illərə nisbətən Azərbaycanda bezoar keçilərinin sayı olduqca azalmışdır. Ceyranlar isə yalnız qorunan ərazilərdə qalmışdır. Torpaqların meliorasiyası, su hövzələrinin hidrogeoloji, hidrokimyəvi və bioloji dəyişikliklərə məruz qalması onların su səthinin kiçilməsi və 23 növü «Qırmızı kitab»a düşən 35 quş növünün yox olması təhlükəsini yaratmısdı. 40 növ həşərat, eyni zamanda 7 növü «Qırmızı kitab»a düşən 10 sürünən heyvan növü tamamilə yox olmaq təhlükəsi qarşısındadır.
Antropoloji təsirlərin ən kəskin nəticələri Azərbaycanın ixtiofaunasında, xüsusən onun əmtəəlik növlərində özünü göstərmişdir. Kür çayı axarlarının tənzimlənməsi və onun suvarma sistemi məqsədi ilə istifadəsi, qiymətli balıq növlərinin (nərə, bölgə və qızıl balıq) təbii çoxalmasına öz mənfi təsirini göstərmişdir.
Xüsusilə Kür çayının üzərində su-elektrik stansiyalarının tikilməsi qiymətli keçici balıqları öz təbii çoxalma yerlərindən məhrum etmiş və bu da onların say dinamikasının kəskin azalmasına səbəb olmuşdur.
Kür çayının tənzimlənmə dövrünə qədər, Xəzər-Kür hövzəsindən hər il 93000 sentnerə yaxın nərə balığı ovlanırdı. Hazırda bu rəqəm 1,3 — 1,7 sentnerə düşmüşdür. Qiymətli sənaye balıq növü — Xəzərdə qızıl balıq ovu da çay axarının tənzimlənməsindən sonra kəskin şəkildə azalmışdır. Hal-hazırda Xəzər qızıl balığına ovda rast gəlinmir. Demək olar ki, qiymətli balıq növləri olan bölgə, qaya balığı və başqaları tamamilə yoxa çıxmışdır.

Mənbə: Biоlоgiyanın inkişaf tariхi və mеtоdоlоgiyası
Müəlliflər: H.M. HACIYЕVA, Ə.M. MƏHƏRRƏMОV, Q.K. İSMAYILОV, İ.V. QAFARОVA

Top