Yer üzərində 2 milyondan çox heyvan növü mövcuddur. Onları tanımaq və öyrənmək üçün 2 böyük qrupa - İbtidailər və Ali heyvanlar qruplarına bölmüşlər. Bu şöbələr isə tiplərə ayrılır. Hazırda onurğasız heyvanların 23, onurğalıların isə bir tipi mövcuddur.
Mənbə: Biоlоgiyanın inkişaf tariхi və mеtоdоlоgiyası
Heyvanlar Yer kürəsinin hər yerində - quruda, torpaqda, şirin sularda, dənizlərdə yayılmışlar. Onlara dəniz səviyyəsindən 8000 metr hündürlükdə və Dünya okeanının 11000 metrə çatan dərinliklərində rast gəlinir. Bir çox heyvanlar gizli həyat keçirdiklərindən onları insanlar görə bilmir. Bəzi heyvanlar çox kiçik olduğundan görünmürlər. Bir çox heyvanlara isə tez-tez rast gəlinir.
Heyvanların da bitkilər kimi, təbiətdə, insan həyatında böyük əhəmiyyəti vardır. Onların bəziləri bitkilərin tozlanmasında, toxumların yayılmasında, torpağın münbitləşməsində, gübrələnməsində iştirak edirlər. Bitkilərlə heyvanlar təbiətdə qarşılıqlı əlaqədə yaşayırlar.
Bir çox heyvanlar təbiətdə sanitar rolunu oynayırlar. Suda yaşayan heyvanların bəziləri suyu təmizləməklə çox böyük fayda verirlər.
Heyvanlar insanlar üçün də çox əhəmiyyətlidirlər. İnsanlar tarixən heyvanlarla qidalanmış, onlardan əmək fəaliyyətində, döyüşlərdə, idman yarışlarında istifadə etmiş, onların məhsullarından geyim və digər məişət əşyaları hazırlamışlar. İnsanlar eyni zamanda zərərli və zəhərli heyvanları tanımış, onlardan qorunmuşlar. İndiki ev heyvanlarını öz yaşayışlarını təmin etmək üçün əhliləşdirmişlər. İnsanlar heyvanları öyrənməklə onlardan daha çox istifadə etməyə başlamışlar. Heyvanların qeyri-qanuni ovlanması, istifadəsi və elmin, texnikanın inkişafı bəzi heyvanların azalmasına, digərlərinin növlərinin, nəslinin kəsilməsinə səbəb olmuşdur. Onların qorunması və artırılması zərurəti meydana çıxmışdır.
Bir çox heyvanlar insanların təsərrüfatlarına ziyan vurur, bitki, heyvan və insanlarda xəstəliklər törədir və ya onları yayırlar. Belə heyvanların öyrənilməsi və onlara qarşı mübarizə aparılması lazım gəlir. İnsanlar zərərverici heyvanlarla mübarizə aparır, faydalılara qulluq edir, nəsli kəsilmək qorxusu olanları artırır və ümumiyyətlə, bu barədə maarifləndirmə işləri aparırlar.
Heyvanlar və bitkilər canlı orqanizmlər olduğundan bir çox oxşar və fərqli cəhətlərə malikdirlər.
Heyvanlar aləmini hazırda iki yarımaləmə bölürlər: Birhüceyrəli heyvanlar, Çoxhüceyrəli heyvanlar. Birhüceyrəli heyvanlarda bütün həyat prosesləri: qidalanma, ifrazat, tənəffüs, qıcıqlanma, çoxalma, hərəkət, mühitə uyğunlaşma və s. bir hüceyrə daxilində gedir. Onlar qeyri-cinsi və cinsi yolla çoxalırlar. Əksəriyyəti sista əmələ gətirir. Əsasən suda, torpaqda, bitki, heyvan və insan orqanizmində yaşayırlar.
İbtidailərdən başqa bütün heyvanlar çoxhüceyrəlidirlər. Bədənləri çox müxtəlif quruluşlu və formalı hüceyrələrdən təşkil olunmuşdur. Belə hüceyrələr orqanizmdən kənarda yaşaya bilmirlər. Onların həyatı orqanizmi təşkil edən digər hüceyrələrlə sıx qarşılıqlı əlaqədədir. Bədən hüceyrələri müəyyən funksiyaların yerinə yetirilməsi üçün differensiasiya etmiş və toxumalarda birləşmişlər. Toxumalar isə orqanları əmələ gətirmişlər. Onların hamısı cinsi yolla çoxalırlar. Cinsi hüceyrələr meyoz bölünmə sayəsində əmələ gəlir. Qeyri-cinsi çoxalma və toxumaların inkişaf etməsi sadə quruluşlu çoxhüceyrəlilərdə saxlanmışdır. Heyvanlar aləmində ən ali sistematik vahid tip adlanır. Heyvanları hazırda 24 tipə ayırırlar.
Hər tip bir və ya bir neçə sinfə, siniflər dəstələrə, onlar fəsilələrə, cinslərə, onlar da növlərə ayrılır.
Müəlliflər: H.M. HACIYЕVA, Ə.M. MƏHƏRRƏMОV, Q.K. İSMAYILОV, İ.V. QAFARОVA