Su haqqında

Su haqqında

Su yaradıcı və həyatverici qüvvədir. Su olmadan müxtəlif zərrəciklərin qarışması və yayılması mümkünsüzdür. Su Yer üzündə xaos yaratmış, eyni zamanda həyatla dolu planet əmələ gəlmişdir. Suyun öyrənilməsi müəyyən mənada kainat qanunlarının öyrənilməsi deməkdir. Lap bu yaxınlarda alimlər sensasiya doğuran hipotez irəli sürmüşlər. Həmin hipotezə görə, kainat qanunları suda yazılmışdır. İlahi tənasüb adlanan qızıl nisbət qar suyunun molekulunda aşkar edilmişdir.
Adi suda hidrogen atomları arasındakı bucaq 104 dərəcədir, qar suyunda isə həmin bucaq dəyişməz olaraq 108 dərəcəyə, hidrogen rabitələrinin uzunluqlarının nisbəti 0,618-ə bərabərdir. Bu, suyun xüsusi halıdır.
Donaraq sonradan əriyən su öz yaddaşından həyatın baza proqramı istisna olmaqla, bütün informasiyanı silir.
Budaqda yarpaqların, çiçəkdə ləçəklərin düzülüşü, DNT molekulları, Kainatın özü məhz bu proqram əsasında mümkün olmuşdur. Elə çıxır ki, bütün canlı varlıqlara inkişaf proqramı su vasitəsilə ötürülür.
Suya həyatın bütün anlarında xüsusi önəm verilir. Nə dadı, nə rəngi, nə də ki, qoxusu olan su dünyanın ən böyük sərvətidir. Su həyatın özüdür. Ona görə də deyirlər ki, canlı orqanizm canlı sudur. Su universal bir maddədir, həyat bu maddəsiz mümkün deyildir. Su bütün canlıların vacib tərkib hissəsidir. Bitkilər 90 faiz, insan bədəni isə təqribən 70 faiz sudan ibarətdir. Fantast yazıçılardan biri deyib ki, insan özünü maye hesab edə bilər.
İnsan orqanizminin hər bir hüceyrəsi müxtəlif qida maddələrindən ibarət su məhlulundan ibarətdir. Qanın tərkibi 92 faiz, böyrəklər 82 faizədək, beyin 85 faizədək, qaraciyər 69 faizədək, əzələlər 75 faiz, piy toxumaları 25 faiz, sümüklər 28 faizədək sudan ibarətdir. Körpələrin orqanizmində 86 faiz, qocaların orqanizmində isə 50 faiz su olur.

Orqanizmdə kifayət miqdarda suyun olması sağlam həyat tərzi üçün əsas şərtlərdən biridir. Su insan bədənində gedən kimyəvi reaksiyalarda fəal iştirak edir. Su hər bir toxumaya qida maddəsi gətirir, toksinləri, şlakları, duz artığını orqanizmdən çıxarır, qan təzyiqinin aşağı düşməsinə yardım göstərir. Kifayət qədər su içən adamın böyrəklərində daş əmələ gəlməsinin qarşısı alınır. Su oynaqları «yağlamaqla» onurğa beyni üçün amortizator rolunu oynayır. Su bədən temperaturunu tənzimləyir, dərinin elastikliyini qoruyur. Su normal həzm prosesi üçün zəruridir. Maddələr mübadiləsində iştirak edən bu unikal maye piy toplanmasının qarşısını almağa və çəkini azaltmağa imkan verir. Arıqlamaq istəyən bəziləri düşünürlər ki, onların orqanizmləri suyu saxlayır və bu səbəbdən də az su içməyə çalışırlar. Halbuki su təbii sidikqovucu vasitədir. Buna görə də çox su içilməsi arıqlamağa kömək edir. Arıqlamaq istəyən hər bir kəs aclıq hiss edəndə yeməyə girişmək əvəzinə su içməklə iştahasını küsdürə bilər və yüksək kalorili yemək yeməz.
Fransız xanımları qədd-qamətlərini qoruyub saxlamaq üçün gün ərzində az-az mineral su içirlər.
Orqanizmdə suyun optimal miqdarda qalmasına həmişə diqqət yetirilməlidir.
Lazımi qədər su içməyən adamların orqanizminin normal həyat fəaliyyəti pozulur. Belələri tez yorulur, iş qabiliyyətini itirir. Bu səbəbdən onların qida həzmi prosesi pozulur, biokimyəvi reaksiyalarının gedişi yavaşıyır, qanın özlülüyü (qatılığı) artır və nəticədə tromb əmələ gəlməsi üçün şərait yaranır, qan əmələ gəlməsi prosesi pozulur. Su olmadan orqanizmin ətraf mühitlə istilik mübadiləsinin tənzimlənməsi və bədənin temperaturunun sabit saxlanması baş tutmur.

Beyin 80-85 faiz sudan ibarət olduğuna görə, onun nisbətən susuzlaşması beyin hüceyrələrində güclü stress yaradır. Susuzlaşma orqanizmin mühüm funksiyalarına mənfi təsir göstərir, onu (orqanizmi) zəiflətməklə müxtəlif xəstəliklər (astma, allergiya, yüksək arterial təzyiq, artıq çəki, depressiya) törənməsinə səbəb olur. Alimlərin hesablamalarına görə, hər bir adamın suya olan gündəlik ehtiyacı 1,2-1,5 litrdir. Amma son vaxtlar bəzi mütəxəssislər hər bir normal adamın gündə 2 litr su içməsini məsləhət görürlər. Yoqlar da gündə 8-10 stəkan (təqribən 2 litr) təmiz su içməyin tərəfdarıdırlar.
Alman alimləri müəyyən etmişlər ki, çox su və şirə içən tələbələr az su içən tələbələrə nisbətən daha dözümlü və yaradıcılığa daha çox meyilli olurlar.
Ac qalan insan əgər su içərsə təqribən 50 gün yaşaya bilər. Susuz qalan ac adam isə 5 gündən sonra dünyasını dəyişir.
Elm sübut etmişdir ki, sıyığın tərkibində 80 faizədək, çörəyin tərkibində təqribən 50 faiz, ətdə 58-67 faiz, tərəvəzdə və meyvələrdə 90 faizədək su olur.
Qaynanmış, təmizlənmiş, qaz vurulmuş su yox, mineral maddələrlə zəngin su içənlərin beyni və bütün orqanizmi daha yaxşı fəaliyyət göstərir. Qanın mikroskop altında tədqiqi sübut etmişdir ki, müasir xəstəliklərin bir çoxunun baş verməsi səbəbi orqanizmin susuzlaşması (suyunun çəkilməsi) və bunun da nəticəsində qanın tərkibinin korlanmasıdır.

Həyatımızın bütün prosesi quruma prosesidir. İnsan bədəni də hər bir tərəvəz və meyvə kimi çox qaldıqda xarici görkəmini dəyişir, quruyur və qırışır. İnsan uzun müddət və bəxtəvər yaşaması üçün xaricini yuduğu kimi, daxilini də yumalıdır. Bunun üçün hər gün orqanizmini qaynadılmış su ilə yox, təmiz su ilə təmizləməlidir. Sudan müntəzəm istifadə olunması təfəkkürü və beynin koordinasiya fəaliyyətini yaxşılaşdırır. İnsan susuz olduğunu hiss edənə qədər də su içməlidir. Ona görə ki, susuzluq refleksi özünü bir qədər gec də göstərə bilir.
İnsan orqanizmi bütöv bir «su təsərrüfatıdır». Çəkisi 60 kq olan adam bilməlidir ki, həmin çəkinin 42 kiloqramı sudur. İnsanın hər bir hərəkətində su işlənir. O, gözünü qırpanda su göz almacığını isladır. Udulan su qida borusunu nəmləndirir. Hər dəfə nəfəs verəndə orqanizmdə su ehtityatı azalır. Belə olduqda orqanizm «Su istəyirəm. Mənə su ver» siqnalını canlandırır. İnsan bəzən bu siqnalı heç hiss etmir də. Yaş artdıqca insanın su yanğısı azalır. Yaşlılarda əzələlər zəifləyir. Onlarda çox vaxt aydın təfəkkür qabiliyyəti azalır. Bunun səbəbi əzələlərdə və beyində suyun çatışmamasıdır. Bir çoxları özlərini «quru rejimə» alışdırmışlar. Onlar deyirlər ki, orqanizmlərinin tələb etdiyi qədər su içirlər. İş burasındadır ki, daim maye defisitinə məruz qalan orqanizm, ola bilsin ki, heç su tələb etməsin. Buna baxmayaraq yanğı oldu-olmadı, su içmək vacibdir.
Su təkcə maye deyildir, hüceyrələr üçün qida mühitidir. Su Kainatda molekulyar hidrogendən sonra ən çox yayılmış molekulyar maddədir. Su ulduzların əmələ gəlməsində və həyatın bioloji formalarının yaranması prosesində mühüm rol oynayır. Suyun maye formasında varlığı canlı orqanizmlərin inkişafı üçün mühüm şərtdir. Buna görə də Mars planetinin və digər planetlərin tədqiqi zamanı onlarda suyun olub-olmamasını müəyyənləşdirmək üçün aparılan axtarışlar mühüm əhəmiyyət kəsb edir.

Planetimizin dörddə üç hissəsini tutan su həyatın beşiyi sayılır. O, həm də güclü geoloji amil olaraq əsas geoloji proseslərin gedişinə təsir göstərir. Elə bir mineral, süxur, canlı cisim yoxdur ki, tərkibində su olmasın.
İndiki elmi-texniki tərəqqi dövründə insanın təbiətə qarşı etinasız münasibəti nəticəsində Yer üzündə ekoloji vəziyyət son dərəcə pisləşdiyindən insanın mövcudluğu təhlükə altındadır. Ətraf mühitin yad təsirlərdən (havada radiasiya çirklənmələrindən, elektromaqnit sahələrindən, suda kanserogen və toksik maddələrdən) mühafizəsi üçün kompleks tədbirlərin görülməsi ümdə məsələyə çevrilmişdir. Sututarlarda suyun tərkibinin çox pisləşməsi onu (suyu) insanın bir növ düşməninə çevirmişdir. İnfeksion xəstəliklərin səbəbi içməli su götürülən açıq mənbələrdə, hətta artezian quyularında suyun tərkibində xəstəlik törədicilərin çoxalmasıdır. Çox vaxt insanlar vəba, qarın yatalağı, dizenteriya xəstəliklərinə gigiyenik tələblərə cavab verməyən su vasitəsilə yoluxurlar. İçməli suda mis konsentrasiyasının artması böyrəklərin və qaraciyərin selikli qişasının zədələnməsinə səbəb olur. İçməli su nikel konsentrasiyasının yüksəlməsi nəticəsində insanın dərisini zədələyir, sinkin miqdarının yol veriləndən artıq olması isə böyrəklərin normal fəaliyyətini pozur. Arsenin konsentrasiyasının çoxluğu nəticəsində mərkəzi sinir sistemi zədələnir. Qurğuşun sümüklərdə yığılaraq mərkəzi sinir sistemində dəyişikliklərə (polinevritə, serebral arterioskleroza) səbəb olur, qanda hemoqlobinin miqdarı, eritrositlərin sayı azalır, maddələr mübadiləsi pozulur. Hətta az miqdarda qurğuşun böyrəkləri zədələyir. Suda flüorun miqdarının artması orqanizmin sümük, sinir və fermentativ sistemlərinə pis təsir göstərir, dişləri çürüdür (flüoroz). Suyun mikroblarla çirklənməsi bağırsaq infeksiyalarına səbəb olur. Suyu dezinfeksiya etmək üçün istifadə edilən xlorun miqdarı yolveriləndən çox olduqda suda xlor tərkibli toksik, mutagen və kanserogen maddələr əmələ gəlir.
Yer üzünün dörddə üç hissəsi sudur. Onu digər planetlərdən fərqləndirən cəhət də budur. Suyun köməyi ilə sututarları zərərli maddələrdən təmizləməklə onları canlandırırlar, zəlzələlərin və digər təbii fəlakətlərin baş verəcəyini qabaqcadan müəyyənləşdirə bilirlər.
Bütün fiziki həyatın sudan əmələ gəldiyini elm qəbul edir. İnsan orqanizmi planetimizin kiçildilmiş inikasıdır, ona görə ki, insan orqanizminin də dörddə üç hissəsi sudan ibarətdir. İnsandan tutmuş meduzalara və amöblərə qədər bütün canlı orqanizmlərdə orta hesabla 65 faizdən 98 faizədək su var. Hətta insan sümüklərinin beşdə bir hissəsi xalis sudur. Dörd həftəlik insan embrionu 92 faiz sudan ibarətdir. Anadan təzə olmuş südəmər körpənin orqanizmində suyun miqdarı 75 faizə, yaşlı adamların orqanizmində isə 60-65 faizə bərabərdir. İnsanın ən mühüm orqanlarında, məsələn, beyində suyun miqdarı 85 faiz, qanda 84 faiz, digər orqanlarda 68-85 faizdir. İnsan orqanizmində maddələr mübadiləsi proseslərinin 99 faizi suyun olması ilə əlaqədardır. Ona görə ki, su ən yaxşı informasiya daşıyıcısıdır. Bu, onun böyük sirridir. Su yaddaşa malikdir. Onun dördüncü halı da kəşf edilmişdir. Bu, suyun informasiya qəbul etmək, özündə saxlamaq və ötürmək qabiliyyətidir. Su insanın fikrini, emosiyalarını, sözlərini ötürmək iqtidarındadır.
Suda kompüter yaddaşı yaratmaq məsələsi reallığa çevrilməkdədir. Sudan rəqəmsal informasiyanı-kompüter yaddaşını saxlamaq üçün istifadə edilə bilər.

Azərbaycanın mütəfəkkir şairi Nizami Gəncəvi hələ XII əsrdə suyun yaddaşının olması barədə özünün "İskəndərnamə" poemasında məlumat vermişdir. Sən demə, İskəndər Zülqərneynin çox yekə qulaqları varmış. O, qulaqlarını xüsusi hazırlanmış qına salırmış. Qına salınmış qulaqlar kənardan buynuz kimi görünürmüş. Padşahın bu sirrini ancaq onun şəxsi dəlləyi bilirmiş. İskəndər dəlləyi ilə şərt kəsibmiş ki, əgər onun sirrini kimsə bilsə, dəllək həyatı ilə vidalaşmalı olacaq. Günlərin birində İskəndər öz yaxınları ilə seyrə çıxan zaman rastına gələn bir çobanın əlində ney olduğunu görüb onun ney çalmasını istəyir. Çoban neyi çalanda ətrafa yayılan səsdən məlum olur ki, İskəndərin buynuzu (yekə qulaqları) var. Padşah dərhal dəlləyi yanına çağırtdırıb bunun səbəbini soruşanda o, belə deyib: «Ey yerin və göyün padşahı! Mən sirr saxlamaqdan çox əziyyət çəkirdim, onu kiməsə söyləməyə cəsarət etmirdim. Nəhayət ki, dərdimi ovutmaq üçün çöllərə düşdüm. Yoluma çıxan bir quyuya öz sirrimi danışdım, dedim ki, İskəndərin buynuzu var».
Bir çoban sürüsünü suvarmaq üçün quyu başına yaxınlaşarkən orada bitmiş qarğı görmüş və qarğını kəsərək ney düzəltmişdi. Dəlləyin suya söylədiyi sirr qarğıya bu yol ilə keçmişdi. Deməli, su canlı maddə olduğu üçün özündə informasiyanı saxlamış və sonra da qarğıya ötürmüşdü.

Bizim əsrimizdə yapon alimi Tokio Ümumi Problemlər İnstitutunun prezidenti Masaru Emoto planetimizin bir çox yerində suları hərtərəfli tədqiq edəndən sonra belə bir qərara gəlmişdir ki, su insanın psixi enerjisini — fikirlərini, emosiyalarını, istənilən kənar informasiyanı — musiqini, duaları, danışıqları, hadisələri özünə hopdurmaq, uzun müddət qoruyub saxlamaq və ötürmək qabiliyyətinə malikdir. Doktor Emato şübhə etmir ki, su çox geniş maqnit dalğaları spektrinə reaksiya vermək qabiliyyətinə malik olduğu üçün bütün kainatın fundamental xüsusiyyətlərini özündə əks etdirir.

Masaru Emoto suda olan informasiyanın necə görünməsini öyrənmək üçün dondurulmuş suyun 200-300 dəfə böyüdülmüş kristallarını mənfi 5 dərəcə temperaturda nəzərdən keçirmiş və ən xarakterik görünənlərin fotoşəkillərini çəkmişdir. O, su üçün Motsartın, Bethovenin, Baxın melodiyalarını səsləndirdikdən sonra onu dondurmuş və təsvirlər almışdı. Aydın olmuşdu ki, hər bir melodiyanın fərdi təsviri var. Bu klassik bəstəkarların musiqisini «dinləyən» suyun dondurulduqdan sonrakı təsvirləri həmişə yaraşıqlı, harmonik və son dərəcə simmetrik alınır. Coşqun macar polkası kiçicik möhkəm ulduzcuqlara, Motsartın melodiyaları sivri şüaların incə krujevasına, almanların beşik mahnıları başına batist parçadan ləçək bağlanmış rahat körpənin çöhrəsinə çevrilir.
«Ağır rok» kompozisiyaları «dinləyən» suyun kristalları xaotik düzülüşü ilə yaşayış olmayan Ay səthinin kraterlərini xatırladan görkəm alır.
Suyun strukturu dua oxunan zaman, kağıza yazı yazan zaman və bir sıra digər hallarda dəyişir. Müxtəlif dillərdə «Sağ ol» dedikdə su öz gözəlliyi ilə insanı heyrətə gətirən simmetrik çoxüzlü cismi xatırladır. Suya "şeytan" dedikdə suyun fotoşəkli yara basmış dəri parçasına oxşayır. Ünvanına «mələk», «məhəbbət», «xoşbəxtlik» söylənmiş suyun kristalları əsaslı şəkildə qəşəngləşir, «pislik», «müharibə», «qan», "ölüm" və sair bu kimi xoşagəlməz sözlər «eşidən» suyun kristalları isə vahimə yaradan şəklə düşür.
Yapon alimi Masaru qətiyyətlə deyir ki, Zəm-zəm suyunun kristalları «Bismillahir-Rahmanir-Rahim» ilə başlanan duanı «eşidən kimi» kristallarını dəyişərək gözəl bir görkəm alır. Emoto onu da deyir ki, Zəm-zəm suyu adi suda olmayan xüsusiyyətlərinə görə fərqlənir. Bir damla Zəm-zəm suyu 1000 damla suya qatılanda adi su da Zəm-zəmin xassələrinə yiyələnir. Masaru Emotonun nanotexnologiya üsullarından istifadə yolu ilə apardığı elmi tədqiqatlar həmin suyun xassəsinin dəyişməsi ilə nəticələnməmişdir. Bunun səbəbi indimizdə də qaranlıq qalmaqdadır.
Doktor Emoto «Qurani Kərim»in mətninin yazılmış olduğu audiokaseti suyun yaxınlığında səsləndirdikdə kristallar paklığı göstərən simvollara (rəmzlərə) çevrilmişdir.

Kristalların oxunan Quran surələrindən sonra müxtəlif formalar almasının səbəbi Qurandan enerji şəklində ayrılan vibrasiyalardır. Suyun atomları insanın fikirlərindən və sözlərindən təsirlənmək keyfiyyətinə malikdir. İnsanın vibrasiya xarakterli enerjisi, fikirləri, sitayişləri, duaları suyun atomlarında iz qoyur. Oxunan dualar hər bir cismi gözəlləşdirir. Su da həmin cisimlərdən biridir. Suyun yaddaşı gizli enerji növlərindən biridir. Bu enerji bədəninin 70 faizini su təşkil edən insana duaların, fikirlərin, görüşlərin təsirini mümkün edir.
Emoto müəyyənləşdirmişdir ki, suyun kristal strukturu klasterlərdən, yəni böyük miqdarda molekullar yığınından ibarətdir. Klasterlər informasiya panelləri adlanan yaddaş oyuqlarından təşkil olunur. Bir molekulda 440-dək panel olması müəyyənləşmişdir. Bu panellər kompüter yaddaşının, bir növ, analoqudur. Su informasiyanı həmin oyuqlara yazır və əgər müxtəlif təsirlərə məruz qalmasa, onu uzun müddət saxlaya bilir. Yazılmış informasiyanın keyfiyyətini müəyyənləşdirmək üçün buz kristallarının fotoşəklini çəkmək lazımdır. Kristalların forması qəbul edilmiş informasiyanın emosional çalarından asılı olur. Söylənmiş xoş sözlər («səni sevirəm», "çox gözəlsən" və s.), yaxud dinlənilən harmonik melodiyalar kristallarda simmetriya səviyyəsini yüksəldir. Suya deyilmiş pis sözlər (məsələn, «sən karsan», «sən korsan», Hitler, müharibə, dağıntı və s.) onun kristallik strukturunu eybəcərləşdirir. Doktor Emoto inanır ki, su insanın şüurunu əks etdirir.
Azərbaycanlılar suya, bir növ, canlı varlıq kimi baxırlar. Xalqımız üçün su paklıq, xeyirxahlıq, həyat rəmzidir. Səfərə çıxan pis adamın dalınca daş, yaxşı adamın arxasınca su atırlar.
Su Böyük Tanrının insanlara böyük hədiyyəsidir.

Mənbə: AZƏRBAYCAN qəzeti
Müəllif: Arif HÜSEYNOV
Top