Vitiliqo xəstəliyi

Vitiliqo xəstəliyi

Vitiliqo xəstəliyi (latın dilində «vitium» — «qüsur») qazanılmış xroniki xəstəlikdir. Bu xəstəliyin əsas simptomu xəstənin dərisində əmələ gələn ağ rəngdə ləkələrdir.

Dəridə olan «melanin» adlı xüsusi piqmentin (məhz bu piqment bizim dərimizi adi normal rəngə «boyayır») azalmasına və ya yoxluğa görə, bu ləkələr adətən böyüməyə, bir biri ilə birləşməyə, yeni yerlərdə əmələ gəlməyə meyllidirlər. Ləkələrin ölçüləri, formaları və yerləşməsi hər bir xəstədə fərdidir.

Bu xəstəlik hətta bizin eramızdan bir neçə əsr əvvəl məlum idi. Qədim Misir papiruslarında dəridə ağ ləkələri olan insanlar haqqında məlumat tapılıb.

Ümumdünya Səhiyyə təşkilatının məlumatlarına əsasən, hal hazırda dünyada orta hesabla 30 mln. insanlar bu xəstəlikdən əziyyət çəkir. Həkimlərin müşahidələrinə görə, xəstələrin sayı getdikcə artmaqdadır.

Xəstəlik adətən cavan yaşlarda (hətta südəmər uşaqlarda) başlayır. Xəstəlik adətən gizli şəkildə başlayır. Bəzən ləkələr əmələ gəldikdən əvvəl dəridə qaşınma, qarışqaların yeriməsi hissi, arabir sancma hiss oluna bilər.

Adətən xəstəlik uzun illər, hətta insanın həyatının sonuna qədər davam edir. Çox nadir hallarda xəstəlik özü-özünə keçə bilər.

Vitiliqo probleminin əsas aktuallığı onun xəstənin psixo-sosial statusuna təsiri ilə bağlıdır. Məsələ burasındadır ki, bu xəstəliyi olan insanların əksəriyyəti böyük psixoloji sıxıntılar yaşayır, özünə qapanır, insanlarla ünsiyyətdən qaçırlar.

Bu günümüzə qədər vitiliqo xəstəliyinin əmələ gəlmə səbəbləri məlum deyil. Məhz bu səbəbdən bu xəstəliyin effektli və tamdəyərli müalicə metodları da müasir tibbdə problem olaraq hələ də qalmaqdadır. Müasir təbabət vitiliqo xəstəliyini autoimmun xəstəliklərinə aid edir.

Vitiliqo xəstəliyinin müalicəsinin əsas məqsədi kosmetik defektin aradan qaldırılması və dərinin piqmentasiyasının bərpa olunmasıdır. Müalicə üsullarının seçimi fərdi olaraq xəstənin yaşından, xəstədə digər xəstəliklərin olub-olmadığından, xəstəliyin mərhələsindən, ləkələrin yerləşməsindən və s. səbəblərdən asılıdır.

Müalicə kompleks şəklində aparılır. Bu zaman müxtəlif qrup dərman preparatlarından istifadə olunur — kortikosteroidlər, immunopreparatlar, fermentativ preparatlar, mübadilə proseslərini stimullaşdıran preparatlar, vitaminlər və mikroelementlər, xüsusi məlhəmlər, kremlər, zərdablar və s. Lazım olduqda antidepressantlar, neyroleptiklər və s. bu kimi preparatlar istifadə oluna bilər.

Xəstəliyin müalicəsində ultrabənövşəyi şüalanma metodları böyük yer tutur. Belə müalicə zamanı müxtəlif «fotosensibilizatorlar» adlı xüsusi preparatlar istifadə olunur ki, onların köməyilə dərinin ultrabənövşəyi şülarına olan həssaslıq artır. Nəticədə isə melanoqenez — dəridə melanin piqmentinin əmələ gəlməsi prosesi də stimullaşdırılır.

Bundan əlavə müalicə zamanı lazer, təbii gün işığı istifadə olunur.

Vitiliqo xəstəliyinin cərrahi müalicə üsulları da mövcuddur.

Vitiliqo xəstəliyi olan insanların pəhrizində tərkibində C və B vitaminləri (sitrus meyvələri, bibər, pomidor, kartof, kələm, itburnu, qara ciyər, qarabaşaq, yulaf yarması, araxis, süd və süd məhsulları, yumurta, balıq və s.), mis mikroelementi (qoyunun qara ciyəri, pendir, noxud və s.) olan qida məhsulları böyük yer tutmalıdır.

saglamolun.az
Top