Sızanaqlar niyə əmələ gəlir?

Sızanaqlar niyə əmələ gəlir?

Üz nahiyəsi də daxil olmaqla, praktiki olaraq, insanın bütün bədəni tüklərlə örtülmüşdür. Tük dərinin dərin qatında yerləşən tük soğanağı olan follikuldan inkişaf edir.

Tük follikulunun soğanağının yanında dəri piyi ifraz edən piy vəzisi yerləşir. Piy vəzisi dərini qurumaq və çatlamaqdan qorumaq üçün tük follikulu vasitəsi ilə dərinin səthinə piy xaric edir. Dəri nə qədər çox piy ifraz edirsə, onun səthində sızanaqların əmələ gəlməsi ehtimalı da o qədər artıq olur. Buna görə də, adətən, yağlı dərisi olan insanlarda sızanaqlar daha tez-tez təsadüf edilir. Dərisi quru olan insanlarda sızanaqlara, demək olar, rast gəlinmir. Qadınların üz, çənə, bel və sinə-döş nahiyəsində çoxlu sayda kiçik tükcüklər (tük follikulları) mövcuddur. Sızanaqlar da əksər hallarda məhz bu sahələrdə yaranır.
 

Akne – tük follikullarının və onunla yanaşı yerləşən piy vəzilərinin iltihablaşmasıdır. Bu zaman follikulun ağızcığı dəri pulcuqlarından və dəri piyindən əmələ gələn sıx “tıxac” ilə qapanmış olur. Aknelər müxtəlif olur. Follikullar açıq olduqda tıxaclar üz dərisində qara nöqtə kimi görünür və açıq kamedonlar adlanır. Kamedonlar bağlı da olur (dəri səthi ilə əlaqəsi olmur). Belə kamedonlar ağ zivcələr (ağ nöqtələr və ya miliumlar) adlanır. Bu zaman dəri piyi ifraz olunsa da, onun axarı bağlı olduğu üçün piy dərinin səthinə çıxa bilmir. Nəticədə kiçik hündürlük (təpəcik) – piy şişi (“jirovik”) əmələ gəlir.

Kamedon və ya dərialtı civzələr iltihablaşdıqda, yəni onlara mikroblar düşdükdə, üz dərisində irinli civzələr əmələ gəlir. Beləliklə, üz nahiyəsində civzələr şəklində olan səpgilər, açıq və bağlı kamedonlar – bunların hamısı aknenin müxtəlif formalarıdır.

Bəs aknenin əmələ gəlmə səbəbləri nədir? Aknenin əmələ gəlmə səbəbləri çoxdur. Cinsi yetkinlik dövründə həm qız, həm də oğlan uşaqlarının orqanizmi xeyli miqdarda kişi cinsi hormonu hazırlamağa başlayır. Bu hormon piy vəzisini daha çox piy ifraz etməyə məcbur edir. Məhz bu piyin içərisində bakteriyalar inkişaf etməyə başlayır; çünki piy onlar üçün qidalı mühitdir. Adətən, yeniyetmələrdə olan bu sızanaqlar cinsi inkişaf dövrü başa çatanadək (20-25 yaşadək) keçib gedir.

Hormonal problemlər yuxarı yaşlarda olan insanlarda da baş verdiyi hallarda, onların da dərisində sızanaqlar əmələ gələ bilər. Məsələn, qadınların dərisində sızanaqların əmələ gəlməsi səbəbi əksər hallarda hormonal tarazlığın pozulması olur. Qadın xəstəliyini müalicə etdikdən sonra onun dərisindəki sızanaqlar da keçib gedir.

Orqanizmdə hormonal tarazlığın pozulmasından savayı, dəridə sızanaqların əmələ gəlməsinin bir çox digər səbəbləri də ola bilər: dəriyə düzgün və kifayət qədər qulluq edilməməsi, mikroblar tərəfindən törədilən iltihabi proseslər, daxili orqanların bəzi xəstəlikləri, streslər və s. səbəblərdən immunitetin zəifləməsi, qeyri-düzgün qidalanma (yağlı və şirin qidalardan artıq dərəcədə qəbul edilməsi və s.), dekorativ kosmetik vasitələrin bəzi növləri (bu barədə aşağıda oxuya bilərsiniz) və digərləri.

İrsiyyət də sızanaqların əmələ gəlməsinin səbəblərindən biridir. Sızanaqlar, adətən, dərisi yağlı olan insanlarda daha çox təsadüf edilir. Bu əlamət isə, adətən, irsi şəkildə verilir.

Bəzi dərman preparatlarının (antibiotiklər, hormonlar, steroidlər) qəbul edilməsi də sızanaqların əmələ gəlməsinə təkan verə bilər.

Sızanaqların əmələ gəlməsi və daha çox yayılmasına səbəb olan səhvlərdən biri irinləmiş sızanaqların əllə sıxılmasıdır. Təəssüf doğuran odur ki, bunu nəinki insanların özləri, bir çox hallarda hətta bəzi “kosmetoloqlar” da edirlər. Sızanaqların əllə sıxılması zamanı infeksiya iltihablaşmış piy vəzisi yolundan iltihablaşmamış piy vəziləri yollarına keçərək onları da iltihablaşdırır.

Heç bir halda, xüsusən də isti yay günlərində, çoxlu miqdarda dekorativ kosmetika vasitələri işlətməklə (tonal krem, krem-pudra) sızanaqları “gizlətməyə” də çalışmayın! Bu zaman tonal krem, pudra, toz və tərin bir-birinə qarışması nəticəsində dəridəki məsamələr daha artıq dərəcədə qapanmış olurlar. Bunun nəticəsi olaraq dəridə olan sızanaq və kamedonların sayı da artır.
 

Əgər sizin dəriniz sızanaqların əmələ gəlməsinə meyllidirsə, yağ əsaslı kosmetik vasitələrdən imtina edərək, su əsaslı kosmetik vasitələrdən istifadə edin. Ümumiyyətlə isə, əgər siz dərinizin sağlam olmasını istəyirsinizsə, dekorativ kosmetik vasitələrdən, xüsusilə tonal kremlərdən, sıx pudralardan yalnız istisna hallarda istifadə etməyə çalışın.

Sızanaqlardan yaxa qurtarmaq üçün qadınlar çox zaman üzlərini daha tez-tez sabunla yumağa, dərilərini tərkibində spirt olan tinkturalarla (bitkinin spirtdə olan məhlulu), turşularla və s. bu kimi vasitələrlə silməyə çalışırlar. Əslində isə bu, düzgün fikir deyil. Bu yolla sızanaqlardan qurtulmaq mümkün olmayacaq. Axı sızanaqlar piy vəziləri tərəfindən piyin artıq dərəcədə ifraz olunmasından baş verir. Bu piyin funksiyası isə dərini nəmləndirmək və onu qorumaqdan ibarətdir. Tez-tez yuyunma və dərinin spirt və turşular vasitəsi ilə qurudulması, dəri üzərindəki piy qatını xaric edərək, piy vəzilərini hər dəfə daha çox işləməyə vadar edir. Bütün bunların nəticəsində isə dəridə olan sızanaqlar azalmır, əksinə, onların sayı daha da artır. Buna görə də dərini yaxşı vəziyyətdə saxlamaq üçün yağlı dərisi olanlar gündə 2 dəfə yalnız yağlı dərilər üçün nəzərdə tutulmuş xüsusi yuyucu vasitələrlə üzlərini yuya bilərlər. Üz yuyulan suya bir qədər alma sirkəsi və ya limon şirəsi də qatmaq olar. Bu zaman ehtiyatlı olmaq lazımdır. Dərini qurutmamaq üçün məhlul çox zəif olmalıdır.

Əgər sizin dərinizdə sızanaqlar varsa, uzun müddət ərzində günəş şüaları altında qalmayın və solyariya getməkdən imtina edin. Günəş şüaları dərini qurudur, piy vəzilərini daha güclü şəkildə işləməyə məcbur edir. Az miqdarda olan günəş şüaları isə bunun əksinə olaraq, dərisində akne olanlara müsbət təsir göstərir, sızanaqların müalicəsinə kömək edir.

Mənbə: sağlamolun.az 

Top