Dəri orqanizmin örtük təbəqəsini təşkil etməklə müxtəlif funksiyaları yerinə yetirir. Quruluşuna görə dəri xarici epitel və daxili birləşdirici toxuma qatlarından təşkil olunmuşdur.
Xarici epitel qatı - epidermis nisbətən nazikdir. Bədənin müxtəlif sahələrində epidermisin qalınlığı eyni deyil. Belə ki, ovucda, ayaq altında və bədənin bel nahiyəsinin aşağı hissəsində epidermis daha qalındır. Dəri örtüyü göz qapaqlarında, qulaq seyvanlarında kişilərə nisbətən qadınlarda nazikdir.
Xüsusi dəri və ya derma epidermisə nisbətən daha qalındır. O, lifşəkilli birləşdirici toxuma hüceyrələrindən ibarətdir. Bunların arasında elastik liflər yerləşir ki, bunlar dəriyə elastiklik verir. Xüsusi dəridə piy və tər vəziləri, tük kisəcikləri, reseptorlar, dəri kapillyarları və limfa sahələri yerləşir.
Piy vəziləri ifraz etdiyi dəri piyi ilə epidermisi və tükləri yumşaldır. Baş, üz və bel nahiyələrində onların sayı daha çoxdur. Tük və dırnaq epidermisin törəmələridir. İnsanda dəri örtüyü tüklərlə təchiz olunmuşdur. Tər vəziləri uzunsov borucuq şəklindədir. İnsanın dəri örtüyündə təxminən 2 milyona qədər tər vəzisi yerləşmişdir. Onlar orqanizmin daxili mühitinin sabit saxlanılmasında, su-duz mübadiləsinin tənzim olunmasında və ifrazat funksiyasının yerinə yetirilməsində bilavasitə iştirak edir.
Dərialtı təbəqədə piy qatı yerləşmişdir ki, bunun da qalınlığı hər yerdə eyni deyildir. Dərinin funksiyalarından ən əvvəl qoruyucu funksiyasını göstərmək lazımdır. Orqanizmin xarici mühitin mexaniki, fiziki, kimyəvi və bioloji təsirlərindən mühafizə olunmasında dərinin rolu böyükdür.
Dəri orqanizmdə duyğu orqanı kimi də funksiya daşıyır, burada lamisə, təzyiq, temperatur hissi yaradan reseptorlar yerləşir.
Dəri bədən temperaturunun sabit saxlanılmasında mühüm yer tutur. Onun tər vəziləri və zəngin kapillyar sistemi orqanizmin xarici mühitin dəyişkən temperaturu şəraitinə uyğunlaşmasında mühüm rol oynayır. İnsanda dərinin tənəffüs funksiyası olduqca zəifdir. Dəri eyni zamanda orqanizmin mühüm qan deposu kimi də fəaliyyət göstərir. Onun kapillyarlarında 1000 ml-dək qan yığıla bilər.
Dərinin ifrazat funksiyası xeyli yüksəkdir. Dəri örtüyünün müxtəlif sahələrində tər vəzilərinin miqdarı eyni deyildir. İnsan normal şəraitdə sutkada 500 ml tər ifraz edir. Tərin tərkibində 98% su, 2% üzvi və qeyri-üzvi maddələr, o cümlədən, natrium-xlorid, sidik cövhəri, ammonyak və s. vardır. Tər vəzilərinin fəaliyyətini vegetativ sinir sistemi tənzim edir, ali tənzim mərkəzləri isə uzunsov beyində və hipotalamusda yerləşir. Burada temperatur tənzimi mərkəzi də yerləşir.