Göbələk xəstəlikləri

Göbələk xəstəlikləri

GÖBƏLƏK XƏSTƏLİKLƏRİ dərini, saçları və dırnaqları zədələyən göbələklər tərəfindən törədilir. Bunlar yoluxucu xəstəliklərdir. Xəstəliyi yoluxduran göbələk sporları isə epidermis pulcuqları, tökülmüş tük və saçlar vasitəsilə keçirilir. Bu xəstəliklərin yayılmasında heyvanlar (pişiklər, siçanlar, qaramal, davar, atlar) da böyük rol oynayır.
Mikrosporiya xüsusilə çox yoluxucudur. O əsasən uşaqlar arasında yayılmışdır. Başlıca yoluxdurucu pişiklərdir. Zədələnmə ocaqları saya dəridə- halqaşəkilli eritematoz disklərlə yerləşir. Disklər arasında isə sağlam dəri zolaqları qalır. Mikroskopiya başın tüklü hissəsini tutduqda, burada xeyli iri (diametri 5 — 6 sm qədər) və kəskin surətdə məhdudlaşmış dairəvi zədələnmə ocaqları əmələ gəlir. Bu sahələrin dərisi asbest-şəkilli nazik qabıqla örtülür. Zədələnmə ocaqlarındakı saçların demək olar ki, hamısı parlaqlığını itirərək tündləşir və dəri səthindən 4-8 mm hündürlükdə olan yerindən (bu hündürlükdə qırxılmış saç kimi) sınır. Saçın kötüklərinin (qaidəsi) isə göbələk sporlarından ibarət ağımtıl-boz örtüyə bürünmüş olur.
Keçəllik saya dərini, saçları və dırnaqları zədələyir. Başın tüklü hissəsində diametri darı və böyük olan və mərkəzindən saç teli keçən nəlbəki şəklində batıq, sarımtıl — oxra rəngində sipərciklər (skutullar) əmələ gəlir. Zədələnmiş saç parlaqlığını itirərək bozumtul-kül rəngi (parik saçları kimi) alır və asanlıqla qopur, lakin trixofitiya və mikrosporiya halında olduğu kimi sınmır.
Saya dəri trixofitiyası — əksəriyyətlə bədənin açıq yerlərində: (üzdə, boyunda, əllərdə) olub, burada parlaq-qırmızı dəyirmi formalı və azca qabarıq ləkələr əmələ gətirməsi ilə fərqlənir. Ləkələr tədricən böyüyür və onların səthi nazik qabıqla örtülür, kənarlarında isə bəzən halqa şəklində xırda qovuqlar əmələ gəlir.
Başın saçlı hissəsində — trixofitiya zədələnmələri nəticəsində, qabıqla örtülmüş xırda eritematoz ləkələrə peyda olur. Göbələyin saçlara daxil olması nəticəsində onlar lap kökü yanında (qara nöqtələr şəklində) və ya dəri səthində 1 — 3 mm yuxarı hissəsində sınır. Beləliklə, sanki qırxılmış dairəşəkilli sahələr (kötüklər) əmələ gəlir. Trixofitiya ilə zədələnmiş dırnaqlar dişlənmiş və ovulan şəkil alır və çirkli-boz rəngli olur. Bəzi hallarda bu dırnaqların səthində oyuqlar və çatlar əmələ gəlir.

Yaşlılarda xronik trixofitiya — sürtünmə simptomları ilə xarakterizə olunur. Zədələnən saya dəridə açıq çəhrayı rəngli azca kəpəklənən ləkələr əmələ gəlir. Bu cür ləkələr əksəriyyətlə dirsəklərin, əllərin və sarğı sahəsinin dərisində müşahidə olunur. Başın tüklü hissəsində zəif qovuqlanan ovulub atrofiya ilə nəticələnən xırda eritematoz zədələnmə ocaqları qeyd edilir.
Zədələnmiş dərinin qabıqları, zədələnmiş dırnaq və saçlar tədqiqat üçün materialdır. Xəstəni xəbərdar etmək lazımdır ki, tədqiqat üçün material götürülməzdən qabaq bu sahələri yumasın və bunlara heç nə sürtməsin.
Qabıqları küt skalpellə, kağız üzərində qaşıyırlar. Bu zaman materialı zədələnmə ocağının (mikrosporiya, trixofitiya zədələrinin) kənarından başlayaraq qaşımaq lazımdır. Epidermofitiyanın diaqnostikası üçün ayaqların barmaqlar arası büküşləri dərisindən (xüsusilə IV və V barmaqlar arası və ayaq tağı dərisindən) qabıqların qaşınması əhəmiyyətlidir. Kandidomikozun diaqnozu üçün döş vəziləri büküşlərindəki, habelə qasıq-bud və sarğılar arası büküşlərdəki qovuqcuqların örtüyündən, epidermis qabıqları və sürtülən buynuz qatından qopan epidermis layları götürülməlidir.
Dırnaq təbəqəsi (lövhəsi) skalpel və ya qayçı ilə qaşınır. Bu zaman dırnağın zədələnmiş daha dərin təbəqələrindən material (nümunə) götürməyə çalışırlar.
Tədqiq edilmək üçün lazım olan saçları epilyasiya (yolma) pinseti ilə yolurlar. Bu zaman xəstənin başını əlverişli vəziyyətdə tuturlar. Uşaqların başını isə tibb işçiləri dizləri üstündə saxlayır. Bu halda başın altına polietilen salfet və ya müşəmbə sərirlər.
Tədqiqat üçün sınmış və qara nöqtəli saç hissələri götürülməlidir. Onları mütləq kökündən yolub çıxarmaq lazımdır.
Alınan materialı təmiz predmet şüşəsi üzərində qoyaraq, üstündən 1 — 2 damcı 20 — 30 %-li kalium-hidroksid məhlulu tökür və örtük şüşəsi ilə örtürlər. Sonra həmin preparatı spirt lampası üzərində, ehtiyatla, qovuqcuqlar çıxana qədər, qızdırırlar. Material şəffaflaşandan sonra isə onu mikroskop altında yoxlayırlar.
Göbələk xəstəliklərinin lüminessent diaqnostikası — göbələklə zədələnmiş saç və qabıqların lüminessent lampanın işığı altında parlaq-yaşıl işıq vermək qabiliyyətinə əsaslanır.
Bu tədqiqatın keçirilməsi üçün tamamilə qaranlıq otaq və lüminessent lampa lazımdır. Yoxlanılacaq saçlar və dəri tamamilə quru olmalı, həmçinin onların üzərində hər hansı məlhəm və xarici dərman qalıqları da olmalıdır. Xəstəni əlverişli və rahat vəziyyətdə oturaq lüminessent lampanı tədqiq olunacaq sahədən (başın tüklü hissəsindən, saya dəridən) 25 — 30 sm aralı məsafədə qoyurlar. Mikrosporiya ilə zədələnmiş saçlar və dəri qabıqları lüminessent lampanın şüaları altında səciyyəvi parlaq-yaşıl işıq verir. Əgər şüalanan sahədə vazelin qalmışsa — göy flüoressensiya baş verir. Odur ki, belə hallar nəzərə alınaraq, əvvəlcə başı sabunla yaxşıca yumaq lazımdır.

Müalicə. Qeyd edilən göbələk xəstəliklərinin müalicəsi birinci növbədə, göbələklə zədələnmiş saçların, dırnaqların və epidermis buynuz qatının kənar edilməsinə, habelə patogen göbələyin məhv edilməsinə yönəldilən tədbirlər ibarət olmalıdır.
Saya dəridə məhdud zədələnmə ocaqları olduqda bu yerlərə hər gün səhər 2-5 %-li yod tinkturu və axşam velkinson məlhəmi sürtürlər. Saya dəridə çoxlu zədələnmə ocaqları olduğu zaman, həmçinin tüklər və başın saçlı hissəsi və dırnaqlar zədələndikdə daxilə göbələk əleyhinə antibiotik — qrizeofulvin — forte və eyni zamanda sürtmək üçün Ariyeviçin qabıqaralayıcı məlhəmi təyin edilir.
Qrizeofulvin-forte antibiotikini, adətən, yemək vaxtı qəbul edirlər, bağırsaqlarda daha yaxşı sorulub həzm olunması üçün isə onu çay qaşığına tökülmüş bitki yağı ilə birlikdə içirlər. Qrizeofulvin forte edilən bütün dövr ərzində saçların 7-10 gündə 1 dəfə ülgüclə qırxılması, habelə isti su və sabunla yuyulması tələb edilir. Başın tüklü hissəsinə hər gün səhər 2 %-li yod tinkturu və axşam kükürd-salisil məlhəmi sürtülür.
Qrizeofulvin qəbul edilən zaman qarında ağrılar, baş ağrısı, ürək ağrısı, ürək bulanması, qusma, ishal kimi kənar hadisələr, habelə qanın formulunda dəyişikliklər baş verə bilər. Belə hallarda preparatın qəbul edilməsini müvəqqəti (2-3 günlüyə) dayandırmaq və bu barədə həkimi xəbərdar etmək lazımdır.
Adətən, kənar hadisələr 2-3 gündən sonra yox olduğundan, preparatı yenidən təyin etmək olar. Lakin təkrar qəbul edilmə nəticəsində kənar hadisələr yenidən baş verdiyi halda qrizeofulvin qəbul edilməsi tamamilə dayandırdır.
Qrizeofulvinə əks göstəriş olduğu zaman xəstə saçların kənar edilməsi üçün 4 %-li epilin plastırı məlhəmi tətbiq edilir. Zədələnmiş saçlara plastır qoyulmazdan qabaq zədələnmə sahəsindəki saçları ülgüclə təmiz qırxırlar, başın zədələnməmiş sahəsindəki saçları qısa qırxır və başı isti su və sabunla yuyurlar. Bundan sonra zədələnmə ocağına məlhəm horrasını nazik qatla yaxaraq, üzərindəki yapışqanlı plastır zolaqlarını kirəmit şəklində yapışdırırlar. Epilin plastırının tətbiq dozası xəstənin çəkisindən asılıdır.
6 yaşına qədər uşaqlara epilin plastırı 20 günlüyə qoyulur, 6 yaşından böyük uşaqlara və yaşlı şəxslərə hər 30 gündən bir cəmi iki dəfə qoyulur.
3 yaşına qədər uşaqlara epilin plastırı qoyulması məsləhət görülmür. Saçların tökülməsi 12 — 14-cü gündə başlayır və 20 — 25-ci gündə qurtarır. Plastır götürüldükdə saçlar ağrısız kənar edilir. Bundan sonra bir sutkalığa 2 %-li salisil vazelini ilə kompres sarğısı qoyulur. Daha sonra əllə diqqətli surətdə epilyasiya (tük yolma) və yuxarıda göstərilmiş surətdə medikamentoz müalicə keçirilir. Epilin plastırının tətbiq edilməsi konyuktivit, bleforokonyuktivit, allergiya səpgiləri kimi kənar xəstəlik hadisələrinə də səbəb ola bilər.
Rentgen epilyasiyası hazırda, bir qayda olaraq, keçirilmir. Bu üsul ancaq qrizeofulvinə və epilin plastırına dözümsüzlük hallarında tətbiq edilir. Şüalandırmağa başlamazdan qabaq yağlı sarğılar və ya 2 — 3 %-li salisil vazelini qoyulmaqla qabıqlar kənar edilir: saçları elə qırxırlar ki, onların qırxılmamış hissəsinin uzunluğu 2-3 mm-dən artıq olmasın. Şüalanmadan sonrakı 14 — 16-cı gündə saçlar tökülür. Şüalandıqdan 11 -12 gün sonra başı hər gün isti su və sabunla yuyurlar. Bu yuma saçlar tamamilə tökülənə qədər davam etdirilir. Diaqnoz qoyulduğu andan tamamilə sağalma dövrünə qədər xəstə başına tənzif ləçək bağlamalı və ya təkyə geyməlidir.
Hər halda çalışmaq lazımdır ki, xəstənin başında göbələklə zədələnmiş saç qalmasın. Xəstə tüklərin tamamilə kənar edilməsi vacibdir. Bundan ötrü rentgenlə şüalamadan sonra qalan qara nöqtə və kötüklər (qırıq saçlar) əllə yonulub kənar edilir. Eyni zamanda zədələnmə yerlərinin dərmanla müalicəsi: 1-ci gün başın tüklü hissəsinə 2 %-li yod tinkturu, 2-ci gün — vilkinson məlhəmi sürtülməsi, 3-cü gün — başın sabunla yuyulması təyin edilir. Ağırlaşmalar olmadıqda bu müalicə dövrəsi 4 həftə ərzində təkrarlanır. Epidermisin buynuz qatının aralanması üçün başın saçlı hissəsinə 48 saat müddətinə tərkibində 12 %-li salisil turşusu və 6 % süd və ya benzol turşuları olan məlhəmli kompres sarğısı qoyulur. Sonra bir sutka müddətinə 2 — 5 %-li salisil vazelin yaxılır. Bunun nəticəsində epidermis lay-lay aralanır və onunla birlikdə göbələklə zədələnmiş saç qalıqları da ayrılıb tökülür.
Dırnaqlar zədələnəndə müalicə üçün xüsusi məlhəmdən istifadə edilir. Bu məlhəmi qoymazdan əvvəl dırnaqları 250 ml suya 2-3 çay qaşığı soda əlavə edilmiş sabunlu su vannasında yumşaldırlar. Dırnağın ətrafındakı yumşaq toxumaya adi leykoplastır yapışdırırlar. Zədələnmiş dırnağın (dırnaq lövhəsinin) səthinə isə keratolitik (buynuz qatını yumşaldıcı) məlhəm plastır kütləsini yaxır və 5 — 6 gün müddətinə, onun üzərindən enli leykoplastır lenti yapışdırırlar. Göstərilən 3-5 applikasiyadan sonra dırnaq plastinkası (lövhəsi) yumşalır və tamamilə düşür. Sonralar isə bu cür təmizlənmiş dırnaq yatağına fungisid (göbələk əleyhinə) plastırları (üç xlorlu sirkə, timol, piroqall, yod plastırları), hər biri 48 saat müddətinə qoyulur. Eyni zamanda daxilə qrizeofulvin-forte təyin edilir.
Müalicənin qiymətləndirilməsi üçün o dərhal dayandırılandan sonra və bundan 1 — 2 ay keçdikdən sonra göbələk olub-olmamasını müəyyən etməkdən ötrü təkrar tədqiqat aparılır. Göbələk üzrə 3 mənfi analiz nəticəsi alındıqdan və dezinfeksiya keçirildikdən sonra uşağı kollektivə buraxmaq olar; başın tüklü hissəsi zədələnmiş olduqda papaq geymək zəruridir.
Mikrosporiya, trixofitiya və keçəllik xüsusilə çox yoluxucu göbələk xəstəliklərdir. Buna görə də xəstəliklərin yayılmasının qarşısının alınmasına

Profilaktika tədbirləri
olduqca mühüm rol oynayır.
Tibb bacısı uşaq müəssisələrində və başqa təşkilatçı kollektivlərdə dövri tibbi müayinələrin keçirilməsində iştirak edərək, yoluxma ocaqlarını və xəstələrlə təmasda olanları aşkar edir, mikrosporiya, trixofitiya ilə xəstələnənlərin qeydiyyatını aparır: Qeyd dəftərində xəstənin familiyası, adı, atasının adı ilə birlikdə yoluxma mənbələri və onun təmasda olduğu şəxslər haqqında məlumat da göstərilir. Hər bir xəstələnmə hadisəsi barəsində məlumat formasının (281 №-li formanın) doldurulması və tibb bacısının vəzifəsinə daxildir. Bu məlumat forması rayon sanitar-epidemioloji stansiyasina göndərilir. Eyni zamanda son dezinfeksiya şöbəsinə məlumat verilir. Bundan əlavə, xəstəliyin heyvanlar vasitəsilə yayılmasının qarşısını almaq məqsədilə hər bir xəstələnmə hadisəsi haqqında baytarlıq xidməti idarəsinə məlumat verilir, habelə xəstələrlə təmasda olan şəxslərin müayinə edilməsi üçün həkim çağırılır.
Göbələk xəstəliklərinə tutulmuş xəstələrə qulluq edənlər rezin əlcəklə (profilaktika üçün) işləməlidirlər. Uşaq müəssisələrində kütləvi müayinələr aparılmasının xüsusilə böyük əhəmiyyəti vardır. Xəstələnmə hallarında profilaktik müayinələr 5-6 həftə ərzində hər 5 — 7 gündən bir keçirilməlidir. Bu zaman, mikrosporiyanın erkən (başlanğıc) formalarının aşkar edilməsi üçün hökmən lüminessent lampalarından istifadə edilməlidir.

Epidermofitiya — dəri və dırnaqların səthi qatlarının göbələk xəstəliyi. Yoluxma vasitəli kontaktla (hamamlarda, hovuzlara bu müəssisələrdə sanitariya-gigiyena qaydalarına riayət olunmadığı hallarda) keçirilir. Xəstəliyin yoluxmasına tərlilik, ayaqların sürtüklüyü, dərinin çirklənməsi kömək edir.
Zədələnmə ocaqları, adətən, ayaq tacaltı, ayaqaltının xarici və daxili kənarları və barmaqlar arasında, çox vaxt üçüncü və dördüncü barmaqlararası büküşlərdə yerləşir. Bu yerlərdə dəri qabığının soyulması və sonralar çox vaxt bitişmiş eroziyalı sahələr əmələ gətirən qovuqcuqlar peyda olması müşahidə edilir. Barmaqlararası büküşlər sahəsində hiperemiya, ödem, sürtünmə, çatlar olur, gövdədə isə allergiya səpgiləri əmələ gələ bilər.
Müalicə. Kəskin iltihab hallarında qulyard suyu, 1:1000 rivanol və s. ilə islatma tətbiq edilir. Qovuqcuqlar olduqda onların örtük hissəsi kəsilir və onlara metilin abısının 2 %-li spirt məhlulu sürtülür; gündə 2-3 dəfə hər biri 8-10 dəqiqə davam edən kalium-permanqanat vannaları aparılır. Kəskin iltihab prosesi yox olduqdan sonra bor bismut — naftalan məlhəmi təyin edilir. Müalicənin son mərhələsində dərinin laylanması (aralanması) metodlarından istifadə edirlər. Dərini lay ayrıcı məlhəm qoyulmazdan qabaq zədələnmə ocağı ilə sərhədlənən sağlam dəri sahəsini yoluxmadan qorumaq üçün ona sink pastası sürtmək lazımdır.
Profilaktika. Barmqlararası büküşlər və ayaqaltı dərisinə 2 %-li yod tinkturu sürtülməsi tövsiyə edilir. Epidermofitiya ilə xəstələnənlər məsləhət görülür ki, rezin ayaqqabı geyməsinlər və ayaqlarını formalinlə silsinlər.
Epidermofitiyanın təkrarlanmasının qarşısını almaq üçün ən yaxşı vasitə ayaq dərisinə qulluq üzrə mövcud gigiyena qaydalarına riayət edilməsidir. Ayaqları — hər dəfə, yayda və çox tərləmə hallarında isə hər gün yumaq lazımdır.
Yuduqdan sonra dəri tam qurulanana kimi diqqətlə silinməli, corablar vaxtına dəyişilməli və qaynar suda yuyulmalıdır. Ayaq dırnaqları da səliqəli surətdə kəsilib gödəldilməlidir.

Həmçinin bax: Dərinin göbələk xəstəliyi

Müəllif: tibb elmləri doktoru B.A. Berenbeyn

İsveç Ayaq Sağlamlığı Mərkəzinin mütəxəssisi Spesifik İşgör, təmizliyinə diqqət yetirilməyən hovuzlarda uşaqların göbələk xəstəliyi ilə qarşılaşacaqlarına diqqət çəkir. İşgör qeyd edir ki, yaş, nəm və havasız mühit göbələk xəstəliyinin əmələ gəlməsinə əlverişli şərait yaradır. Yay aylarında dırnaq göbələyi bu yolla meydana çıxır. Ona görə də hovuzdan çıxdıqdan sonra uşaqları dəsmalla möhkəm qurulamaq, barmaqların, dırnaqların arasında qalan nəmliyi aradan qaldırmaq məsləhətdir.

Top