Dua və Qurandan dualar

Dua və Qurandan dualar

YUSİF ƏLEYHİSSƏLAMIN QARDAŞLARININ ÖZ ATALARINDAN KÖMƏK İSTƏMƏSİNİN İZAH OLUNMASI
Şirklə dolu dualarda Allahdan başqasını çağıran (onlara yalvarıb-yaxaran) şəxslər özlərinin bu əməllərinə görə hər hansı bir sübuta sahibdirlər? Onlar avam insanları aldatmaq üçün dəlil adı altında özləri üçün bir bəhanə uydurmuşlar. Bəzən Həzrət Yəqubun övladlarının onu (yəni Yəqub əleyhissəlamı) çağırdıqlarını və ona dediklərini dəlil gətirirlər: “(Oğlanları ona): “Ey atamız, bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq!” – dedilər. (Yəqub) dedi: “Mən Rəbbimdən sizin bağışlanmağınızı diləyəcəyəm. …”
Dua və Qurandan dualar
Onlara cavab olaraq deyilməlidir ki:
Əvvəla,  Həzrət Yəqub ölü deyildi, diri idi. Ona əziyyət verdikləri və onun Yusifini oğurladıqları üçün onların vəzifəsi bu idi ki, gedib ondan üzr istəməli və onu Allahdan onlar üçün bağışlanma diləməyə vadar etməli idilər. Bu, hər bir müsəlmanın vəzifəsidir ki, əgər bir şəxsə əziyyət versə, gedib ona yalvarmalıdır ki, ta Allahdan onun üçün bağışlanma diləsin. Bunun haqqında danışdığımız məsələyə heç bir aidiyyatı yoxdur, çünki hazır olan (yəni bizimlə üzbəüz olan) diri Yəqubu çağırmaq (yəni çağıraraq ondan bir şey istəmək) adi və ənənəvi bir çağırış və istəmədir ki, biz bunun dua edilən qeybi bir varlığın çağırılması olmadığını dedik. Əgər Həzrət Yəqub vəfat etmiş olsaydı ona: “Ey atamız! Bizim üçün günahlarımızın bağışlanmasını dilə”, – deyə bilərdilər? Əgər desəydilər, Yəqub əleyhissəlam eşidib cavab verə bilərdi? Əlbəttə, xeyr!
Deməli, hazırı (şəxsən məclisdə iştirak edən şəxsi) qaiblə (gözdən uzaqda olan şəxslə), vəfat etməmiş şəxsi vəfat etmiş şəxslə müqayisə etmək doğru deyildir[2]. Bizim məqsədimiz budur ki, hazır olmayan (yəni qaib olan), dünyadan xəbərsiz olan, bərzəx cənnətində sakin olan və orada dünya qəmindən və kədərindən xəbərsiz olan İmam, yaxud Peyğəmbəri çağırmaq (yəni ona yalvarıb-yaxarmaq) olar? O, bizə cavab verər?
İkincisi Həzrət Yəqub övladlarına deyir: “… Allahdan gələn heç bir şeyi sizdən dəf edə bilmərəm. …”[3]
Necə olur ki, Yəqub əleyhissəlamın o kəlamını qəbul edirsiniz, lakin sizə pak bir su təqdim edən bu kəlamı və “heç bir iş görə bilmərəm”, – buyuruğunu qəbul etmirsiniz? Yaxud ondan xəbərsizsiniz?
İMAM BÜTÜN DİLLƏRİ BİLİR VƏ BÜTÜN VAXTLARDA BÜTÜN YERLƏRDƏ HAZIRDIR?
Görəsən, Allah Rəsulundan, yaxud İmamdan bizə belə bir xəbər çatıb ki, bizi çağırın (yəni bizə yalvarıb-yaxarın)? Halbuki qəti olaraq belə bir xəbər mövcud deyildir.
Əgər insanlar Peyğəmbəri, yaxud İmamı çağırsa, onlar hamıya qulaq asırlar? Görəsən, hər yerdə hazırdırlar? Onları çağıranlardan birinin səsi başqasının səsinə mane olmur? Onlar (yəni Peyğəmbər və İmam) Allahın sifətlərinə malikdirlər? Və Allahın “bir iş Onu başqa bir işi görməkdən çəkindirə bilməz” və “bir səs Onun başqa bir səsi eşitməsinin qarşısını ala bilməz” sifətlərində Onunla şərikdirlər?
Məgər Peyğəmbər və İmamlar məcburdur ki, kim onları səsləsə, onu dərhal eşitsinlər, dərhal ona itaət etsinlər və hamı üçün vasitəçilik etsinlər? Minlərlə saxta duaları İmami-Zamanın adına yazmışlar, halbuki deyilənlərə görə İmam demişdir: “Kim Böyük Qeybət dövründə məni gördüyünü iddia edərsə, deməli, o, iftiraçı və yalançıdır!”
İmami-Zamanın bir çox dualarını Böyük Qeybət dövründə onun dilindən nəql etmişlər.
“… PEYĞƏMBƏR DƏ ONLAR ÜÇÜN ƏFV İSTƏSƏYDİ …” AYƏSİNİN İZAH OLUNMASI
Bəzən deyirlər: Allah-Taala “Nisa” surəsinin 64-cü ayəsində münafiqlər barəsində buyurmuşdur: “… Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın Təvvab (tövbələri qəbul edən), Rəhim (mərhəmətli) olduğunu bilərdilər”.
Yəni sənin hökumətinə və qəzavətinə (qazılığına) razı olmayan və sənin arxanca pis danışan bu münafiqlər sənin yanına gəlsəydilər və Allahdan bağışlanma istəsəydilər və Rəsul da onlar üçün Allahdan bağışlanma istəsəydi, görərdilər ki, Allah tövbələri qəbul edəndir, mərhəmətlidir. Bu ayəni dəlil gətirənlər sonra belə bir nəticə çıxarırlar ki, hər bir müsəlman hər bir zamanda Allahın verdiyi hər bir işdə Allah Rəsulunun yanına getməlidir. Cavab budur ki:
Əvvəla, ayədə əks tərəf Allah Rəsuluna əziyyət vermiş münafiqlərdirlər və gedib üzr istəmək də onların vəzifəsi idi. Bunun digər müsəlmanlara heç bir aidiyyatı yoxdur.
İkincisi, Allah “Peyğəmbərin yanına gedin!” – deməmişdir, əksinə “əgər münafiqlər gəlsəydilər”, – deyə buyurmuşdur. Deməli, vəzifələri Allah Rəsulunun yanına getmək olan şəxslərə belə “Gedin!” – deyə buyurmur, nəinki hələ başqaları olsun.
Üçüncüsü, o vaxt Peyğəmbərin yanına getmələri mümkün idi, çünki Peyğəmbər sağ-salamat idi və xalqın arasında idi. Lakin sonrakı dövrdə kiminsə Peyğəmbərin yanına getməsi mümkün deyildir, çünki Peyğəmbər artıq dünyadan köçmüşdür, baqi olan bir aləmdədir. O, bu fani dünyanın qəm-qüssəsindən və əziyyətlərindən xəbərsizdir.
Bu qeyri-düzgün bir müqayisədir. Əmirülmöminin “Nəhcülbəlağə”də buyurur: “Allah Öz Elçisini xalqın arasından apardı”.
88-ci hikmətli sözdə (aforizmdə) buyurur: “Yer üzündə Allahın əzabından iki aman (təhlükəsizlik) vəsiləsi var idi. Onlardan biri (yüksək aləmə) qaldırıldı. Digərindən yapışın. Qaldırılan aman vəsiləsi Rəsulullah idi. Allahın rəhməti və salamı olsun ona və ailəsinə! Yer üzündə qalan aman isə istiğfardır (tövbə və qayıdışdır). Allah-Taala buyurmuşdur: “Halbuki sən onların arasında ola-ola Allah onlara əzab verən deyildi. Bağışlanma diləyərkən də Allah onlara əzab verəcək deyildir!”[4]”
Seyid Rəzi demişdir: “Əmirülmömininin bu sözü ayədən ən yaxşı çıxarış və ən incə istinbatdır”.
ALLAHIN VƏZİRİ (NAZİRİ) VARDIR?
Bəzən deyirlər: Sultanla görüşmək istəyən şəxs vəzirin/nazirin, yaxud başqa bir məmurun yanına getməlidir. Biz də Allahla işimiz olduğu hər bir vaxt Onun müqərrəblərinə (yəni Ona yaxın olan bəndələrə) müraciət etməliyik. Cavab olaraq deyirik:
Sultan hər yerdə hazır deyildir və rəiyyətin vəziyyətindən də xəbərdar deyildir, rəiyyət onun yanına getsə, ona yalan danışması və məsələləri ona həqiqətə zidd olaraq təqdim etməsi mümkündür. Buna görə də məmurlara və nazirlərə müraciət etməyə məcburdur. Lakin Allah belə deyildir. Özü hər yerdə hazırdır, bəndələrinin vəziyyətindən xəbərdardır və onların ehtiyaclarını bilir. Özü buyurmuşdur ki, Biz ona şah damarından daha yaxınıq[5]. Əlavə olaraq onu da deməliyik ki, Allahı şah və başqa bir məxluqa bənzətmək olmaz. Quranda buyurulur: “… Ona bənzər heç bir şey yoxdur. …”[6] Allah Rəsulu və hidayət imamları buyurmuşlar: “Kim Xaliqi məxluqa oxşadarsa, o, müşrikdir”.
Siz nə üçün öz tövhidinizi şirkə bulaşdırırsınız? Allahın əmirə və vəzirə ehtiyacı yoxdur. Özü göstəriş verib ki, Onu çağırsınlar. Əgər sultan öz rəiyyətinə “Nə ehtiyacınız varsa, mənim özümə müraciət edin”, – desə, rəiyyətə yaraşar ki, ona etina etməyib “Xeyr, mən vəzirə müraciət etməliyəm”, – desin?
YAXŞI ADAMLARI VƏSİLƏ QƏRAR VERMƏK ŞİRKDİR
Bəzən isə belə deyirlər: Biz Allah dərgahına yaxın olanları çağırırıq (yəni onlara dua edirik) ki, ta vəsilə (vasitəçi) olsunlar. Allah Quranda buyurmuşdur: “Ey iman gətirənlər! Allahın yasaq etdiyi işlərdən qorunun və Ona yaxınlaşma yolu (vəsilə) axtarın. …”[7]
Cavab budur ki:
Əvvəla, Allah bu ayədə “vəsilə axtarın”, – deyə buyurmuşdur, “öz ehtiyaclarınızı təmin etmək üçün vəsiləni çağırın (ona dua edin)”, – deyə buyurmamışdır. Vəsilə çağırılası bir şey yox, axtarılası bir şeydir ki, nəinki Allaha yaxınlaşmaqda, bəlkə, yeməkdə, geyimdə, məskəndə, ticarət, əkinçilik və s. işlərdə belə insan vəsilələrə möhtacdır. Peyğəmbərlər və vəsilər duada və ehtiyacların Allaha ərz edilməsində vəsilə deyildirlər. Allah bizdən uzaq deyildir ki, ta onların vasitəçiliyinə möhtac olsun. Dua və ehtiyacların ərz edilməsi üçün peyğəmbərlər özləri də buyurmamışlar ki, biz vasitə, yaxud vəsiləyik, əksinə buyurmuşlar: “Ona yalvarıb-yaxardığım və Ondan qeyrisinə dua etmədiyim Allaha həmd olsun! Əgər Ondan başqasına dua etsəydim, mənim duam puça çıxardı”.
İkincisi, “Ona yaxınlaşma yolu (vəsilə) axtarın” ayəsi Rəsulullaha və digər möminlərə xitab edir. İndi baxaq görək Allah Rəsulu və Əli əleyhissəlam bu ayəyə necə əməl etmişlər? Hansı vəsiləni axtarırdılar? Allah Rəsulu belə ərz edir: “Ey mənim İlahım! Sənə olan vəsiləm Sənə olan imanımdır!”
Əli əleyhissəlam “Nəhcülbəlağə”nin 110-cu xütbəsində buyurur: “Allah sübhanəhu taalaya təvəssül edənlərin təvəssül etdikləri ən fəzilətli vəsilə Ona və Rəsuluna iman gətirmək və Onun yolunda cihad etməkdir. …”
“Kumeyl” duasında belə ərz edir: “Rübubiyyətinə iman gətirməklə Sənə təvəssül edirəm!”
Şəban ayının minacatında belə ərz edir: “… Günahı iqrar etməyi Sənə yaxınlaşmaq üçün vəsilə qərar verirəm. …”
İmam Səccad “Əbuhəmzə duası”nda belə ərz edir: “Ey mənim İlahım! Sənə dua etməklə Sənə təvəssül edirəm”.
Deməli, vəsilə iman, təqva, dua və ibadətdən ibarətdir, nəinki müqərrəb şəxslərdən.
Əlavə olaraq onu deyək ki, iman, təqva və ibadəti axtarmaq və ələ gətirmək olar. Lakin müqərrəb bəndələri axtarmaq və əldə etmək mümkün deyil, çünki onlar dünyadan köçüblər və onları axtarmaq bizim qüdrət dairəmizdə deyildir. İlahi təklif də güc və qüdrətə bağlıdır. Deməli, müqərrəb bəndələr bizim və sizin itaətinizdə deyildirlər və bizim vəziyyətimizdən xəbərdar da deyildirlər ki, ta dərhal gəlib bizim üçün vasitəçilik etsinlər və getsinlər.
BATİL DUALARDA ALLAH TƏHQİR OLUNUR
Saxta duaların digər fəsadlarından biri də budur ki, o dualarda Allah üçün ilahi məqama layiq olmayan sifətlər və adlar zikr olunmuşdur. Məsələn, “Məfatihul-Cinan”da rəcəb ayının əməllərinə daxil olan beşinci duada Allaha belə deyilir: “… Səninlə onlar (yəni ilahi işlərə rəhbərlik edənlər, imamlar) arasında heç bir fərq yoxdur. Yeganə fərq odur ki, onlar Sənin bəndələrindirlər, məxluqundurlar. Onları cırmaq və yamamaq Sənin əlindədir. …”
Məsələn, “Müridlərin minacatı”nda Allaha belə ərz olunur: “… Sənə qovuşmaq (Sənin vüsalın) qəlbimin arzusudur. …” Halbuki Allahın vəsl və fəsli yoxdur (yəni Allaha qovuşmaq və Ondan ayrılmaq deyilən bir şey yoxdur).
Məsələn, “Nüdbə” duasında İmama deyilir: “Ey “Tur”un və “Adiyat”ın (“Qaçan atlar”ın), ey “Ya sin”in və “Zariyat”ın (“Sovurub dağıdan küləklər”in) oğlu!”
Bir qrup alimnümalar (yalançı alimlər) bu mənasız və məntiqsiz ifadələri təvil (yozum) zoru ilə təshih edirlər (yəni düzəldirlər), halbuki bu iş doğru deyildir, çünki hər bir küfrü təvil zoru ilə imanla əlaqələndirmək mümkündür.
ƏN GÖZƏL PƏNAHGAH QURANDIR
Hər halda saxta duaların və ziyarətlərin çoxu Qurana ziddir. Millətimiz Qurandan uzaq düşdüyü və ondan xəbərsiz olduğu üçün bu şeylərə diqqət etmirlər. Deməli, hər bir müsəlmanın bacardığı qədər Quranla tanış olması vacibdir, çünki səmavi Kitab üzərində tədəbbür etmək zəruridir və ondan uzaqlaşmaq isə həlak olmağa və məzhəbi xurafatlar içində qərq olmağa səbəbdir. Quran ayələrilə tanış olmağın vasitələrindən biri də budur ki, insan Qurandakı duaları əzbərləməli, minacat, dua və ehtiyacların ərz edilməsi məqamında onları oxumalıdır. Əmirülmöminin buyurmuşdur: “Quranı olan bir şəxsin başqa heç bir şeyə ehtiyacı yoxdur və hər bir Kitabdan da ehtiyacsızdır”. Çox təəssüflər olsun ki, bir nəfər cahilin Quranın dualarını bir yerə yığaraq çap etdirdiyinin və oxumaq üçün xalqa verdiyinin şahidi olmuşam. Lakin o, başısoyuqluq edərək hamının oxuması münasib hesab edilməyən, yaxud eşidənin məsxərə etməsinə səbəb olan duaları bir yerə yığmışdır. Məsələn, İmranın həyat yoldaşının “Ey Rəbbim, bətnimdəkini sənə xidmətkar olmaq üçün nəzir edirəm. Məndən qəbul et!” – deyə oxuduğu duanı yazmışdır. Halbuki kişinin bu duanı oxuması münasib deyil. Həmçinin camaat oxusun deyə kafirlərin cəhənnəmdə oxuduqları duaları yazmışdır ki, bu da düzgün deyildir.
Hər halda cahilin yerinə yetirdiyi iş bundan daha yaxşı ola bilməz. Lakin biz bu yazıda hamının oxuya biləcəyi duaları yazırıq. Əvvəl “Rəbbəna!” (“Ey bizim Rəbbimiz!”) ilə başlayan duaları və ondan sonra “Rəbbii!” (“Ey mənim Rəbbim!”) ilə başlayan duaları yazırıq. O dualardan sonra oxunması hamı üçün faydalı və zəruri olan bir neçə ayəni qeyd edəcəyəm. Hər bir halda istər namazda, istər iş zamanı, istərsə də yatdıqda onları oxumaq olar.
“RƏBBƏNA!” (“EY BİZİM RƏBBİMİZ!”) İLƏ BAŞLAYAN QURAN DUALARI
“Bəqərə” surəsinin 128-ci ayəsi. O, Həzrət İbrahim və onun övladı Həzrət İsmayılın oxuduqları duadır. Duanı oxuyan şəxsin dua oxuyarkən başqa bir şəxsi də nəzərdə tutması daha münasibdir.
“Ey Rəbbimiz, bizim hər ikimizi Sənə təslim olan qıl və nəslimizdən də Sənə təslim olan ümmət meydana çıxart. Bizə həcc əməllərini və ibadət qaydalarını göstər, tövbəmizi qəbul et. Həqiqətən, Sən Təvvabsan (tövbələri qəbul edənsən), Rəhimsən!”
 
  • “Bəqərə” surəsinin 127-ci ayəsi. “… Ey Rəbbimiz, bizdən qəbul et, Sən, həqiqətən, Eşidənsən, Bilənsən!”    “Bəqərə” surəsinin 201-ci ayəsi. “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəllik ver və bizi atəşin əzabından qoru!”
  • “Bəqərə” surəsinin 250-ci ayəsi. “Ey Rəbbimiz, bizə bolluca səbir ver (üzərimizə səbir yağdır), bizi sabitqədəm et və kafir qövmə qarşı bizə yardım et!”
  •  “Bəqərə” surəsinin 286-cı ayəsi. “Ey Rəbbimiz, unutsaq və yanılsaq, bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi çətin vəzifələrlə yükləmə! Ey Rəbbimiz, bizi gücümüz çatmayan şeyə mükəlləf etmə! Bizi əfv et, bizi bağışla, bizə rəhm et! Sən bizim Mövlamızsan. Kafir qövmə qarşı bizə yardım et!”
  •   “Ali-İmran” surəsinin 8-9-cu ayələri. “Ey Rəbbimiz! Bizi hidayət etdikdən sonra qəlblərimizi (haqqdan) döndərmə (ürəklərimizə şəkk-şübhə salma)! Bizə Öz tərəfindən bir rəhmət bəxş et, çünki Sən, Vəhhabsan (rəhmət bəxş edənsən)! Ey Rəbbimiz! Olacağına şübhə edilməyən bir gündə bütün insanları (bir yerə) toplayan Sənsən. Allah Öz vədəsindən əsla dönməz!”
  •  “Ali-İmran” surəsinin 16-cı ayəsi. “Ey Rəbbimiz, biz, həqiqətən, iman gətirdik. Bizim günahlarımızı bağışla və bizi atəşin əzabından qoru!”
  •  “Ali-İmran” surəsinin 53-cü ayəsi. “Ey Rəbbimiz, nazil etdiyinə iman gətirdik və Rəsula (Elçiyə) tabe olduq. Artıq bizi (haqqa) şahid olanlarla bir yerdə yaz!”
  •  “Ali-İmran” surəsinin 147-ci ayəsi. “Ey Rəbbimiz, etdiyimiz günahlara və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! Bizi sabitqədəm elə və kafir qövmə qarşı bizə yardım et!”
  • “Ali-İmran” surəsinin 191-194-cü ayələri. “Ey Rəbbimiz, Sən bunları boş yerə yaratmamısan! Sən hər cür eyib və naqislikdən uzaqsan! Bizi atəşin əzabından qoru! Ey Rəbbimiz! Sən cəhənnəm oduna atdığın kəsi, əlbəttə, rüsvay edərsən və zalımlara kömək edən olmaz! Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə iman gətirin!” – deyə imana çağıran bir kimsəni eşidən kimi iman gətirdik. Ey Rəbbimiz! Artıq günahlarımızı bağışla, pis əməllərimizin üstünü ört və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al! Ey Rəbbimiz! Öz peyğəmbərlərin vasitəsilə bizə vəd etdiklərini ver və qiyamət günündə bizi rüsvay etmə! Əlbəttə, Sən Öz vədinə xilaf çıxmazsan!”
  •   “Nisa” surəsinin 75-ci ayəsi. “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə Öz tərəfindən mühafizəçi (gözətçi) göndər, yardımçı yolla!”
  •   “Maidə” surəsinin 83-cü ayəsi. “Ey Rəbbimiz, biz iman gətirdik, bizi (haqqa) şahid olanlarla bir yerə yaz!”
  •   “Əraf” surəsinin 23-cü ayəsi. “Ey Rəbbimiz, biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!”
  •  “Əraf” surəsinin 47-ci ayəsi. “Ey Rəbbimiz, bizi zalımlarla bir etmə!”
  •  “Əraf” surəsinin 89-cu ayəsi. “Ey Rəbbimiz, bizimlə qövmümüz arasında haqq ilə (ədalətlə) hökm et. Axı Sən hökm verənlərin ən xeyirlisisən!”
  •   “Əraf” surəsinin 126-cı ayəsi. “Ey Rəbbimiz, üzərimizə səbir yağdır və bizi müsəlman olaraq öldür!”
  •  “Yunus” surəsinin 85-86-cı ayələri. “Ey Rəbbimiz, bizi zalım qövmün fitnəsinə uğratma (onların basqı və şiddətinə məruz qoyma! Zalım tayfanın əlində sınağa çəkmə!) Və bizi Öz rəhmətinlə kafir qövmün əlindən xilas et!”
  •  “İbrahim” surəsinin 38-ci ayəsi. “Ey Rəbbimiz, Sən bizim gizli saxladığımız və aşkar etdiyimiz hər şeyi (bütün gizli və aşkar əməllərimizi) bilirsən. Yerdə də, göydə də Allahdan gizli heç bir şey qalmaz!”
  •  “İbrahim” surəsinin 40-41-ci ayələri. “Ey Rəbbim, məni də, nəslimdən olanları da (vaxtlı-vaxtında, davamlı) namaz qılanlar et. Ey Rəbbimiz, duamı qəbul buyur! Ey Rəbbimiz, haqq-hesab çəkilən gün (qiyamət günü) məni, valideynlərimi və möminləri bağışla!”
  •  “Kəhf” surəsinin 10-cu ayəsi. “Ey Rəbbimiz, bizə Öz dərgahından mərhəmət bəxş et və işimizə fərəc ver (işimizi asanlaşdır)!”
  •  “Muminun” surəsinin 109-cu ayəsi. “Ey Rəbbimiz, biz iman gətirdik. Artıq bizi bağışla, bizə rəhm et. Sən rəhm edənlərin ən xeyirlisisən!”
  •  “Fürqan” surəsinin 65-ci ayəsi. “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən uzaqlaşdır. Şübhəsiz ki, onun əzabı çox çətin və acıdır!”
  •  “Fürqan” surəsinin 74-cü ayəsi. “Ey Rəbbimiz, bizə göz aydınlığı olacaq (yəni bizi sevindirəcək) zövcələr və nəsillər ver və bizi müttəqilərə imam et!”
  •  “Qafir” (“Mumin”) surəsinin 7-9-cu ayələri. “Ey Rəbbimiz, Sənin rəhmətin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin yoluna tabe olanları bağışla, onları cəhənnəm əzabından qoru! Ey Rəbbimiz! Onların özünü də, atalarından, zövcələrindən və nəsillərindən əməlisaleh olanları da özlərinə vəd buyurduğun Ədn cənnətlərinə daxil et. Şübhəsiz ki, Sən Əzizsən (yenilməz qüvvət sahibisən), Həkimsən (hikmət sahibisən)! Onları pisliklərdən qoru. O gün pisliklərdən kimi qorusan, şübhəsiz ki, ona rəhm etmiş olursan. Ən böyük qurtuluş budur!”
  •  “Duxan” surəsinin 12-ci ayəsi. “Ey Rəbbimiz, bizi bu əzabdan qurtar. Biz artıq iman gətirmişik!”
  •   “Həşr” surəsinin 10-cu ayəsi. “Ey Rəbbimiz, bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı kin-küdurətə yer vermə. Ey Rəbbimiz, Sən, həqiqətən, Rəufsan (mehribansan), Rəhimsən (mərhəmətlisən)!”
  •  “Mümtəhinə” surəsinin 4-5-ci ayələri. “Ey Rəbbimiz, biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə tərəf qayıtdıq. Axır dönüş də ancaq Sənin hüzurunadır. Ey Rəbbimiz! Bizi kafirlərin əli ilə sınağa çəkmə! Bizi bağışla! Ey Rəbbimiz! Həqiqətən, Sən Əzizsən (yenilməz qüvvət sahibisən), Həkimsən (hikmət sahibisən)!”
  •   “Təhrim” surəsinin 8-ci ayəsi. “Ey Rəbbimiz! Nurumuzu bizim üçün tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!”
“RƏBBİİ!” (“EY RƏBBİM!”) İLƏ BAŞLAYAN QURAN DUALARI
  1.  “Bəqərə” surəsinin 126-cı ayəsi. “Ey Rəbbim, buranı təhlükəsiz və asudə bir şəhər et, əhalisinin Allaha və axirət gününə iman gətirənlərinə cürbəcür meyvələrdən ruzi ver!”
  2.  “Ali-İmran” surəsinin 38-ci ayəsi. “Ey Rəbbim! Mənə Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!”
  3.  “Əraf” surəsinin 151-ci ayəsi. “Məni də, qardaşımı da bağışla. Bizi Öz rəhmətin altına al. Axı Sən rəhm edənlərin ən rəhmlisisən!”
  4.   “Hud” surəsinin 47-ci ayəsi. “Ey Rəbbim! Haqqında heç bir elmə malik olmadığım bir şeyi Səndən istəməkdən Sənə pənah aparıram. Əgər məni bağışlamasan və mənə rəhm etməsən, ziyana uğrayanlardan olaram!”
  5.   “İbrahim” surəsinin 35-ci ayəsi. “Ey Rəbbim, bu diyarı əmin-amanlıq yurdu et. Məni və oğullarımı bütlərə ibadət etməkdən uzaq elə!”
  6.  “İsra” surəsinin 80-ci ayəsi. “Ey Rəbbim! Məni daxil edəcəyin yerə xoşluqla daxil et, məni çıxaracağın yerdən də xoşluqla çıxart. Öz dərgahından mənə kömək edə bilən bir dəlil ver!”
  7.  “İsra” surəsinin 24-cü ayəsi. “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!”
  8.   “Məryəm” surəsinin 4-cü ayəsi. “Ey Rəbbim! Artıq sümüyüm sustalmış, başım ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam”.
  9.  “Ta Ha” surəsinin 25-27-ci ayələri. “Ey Rəbbim! Köksümü açıb genişlət, işimi yüngülləşdir və dilimdəki düyünü aç!”
  10.  “Ta Ha” surəsinin 114-cü ayəsi. “Ey Rəbbim! Mənim elmimi artır!”
  11.  “Ənbiya” surəsinin 89-cu ayəsi. “Ey Rəbbim! Məni tək buraxma. Sən varislərin ən xeyirlisisən!”
  12.  “Muminun” surəsinin 26-cı ayəsi. “Ey Rəbbim! Onların məni yalançı hesab etmələrinə qarşı mənə kömək et!”
  13.  “Muminun” surəsinin 29, 94, 97, 98 və 118-ci ayələri. “Ey Rəbbim! Məni mübarək (xeyir-bərəkətli) bir yerə endir. Sən sığınacaq verənlərin ən xeyirlisisən! … Ey Rəbbim! Məni zalım tayfanın içinə qoyma! … Ey Rəbbim! Mən şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların yanımda olmalarından da Sənə pənah gətirirəm! … Ey Rəbbim! Bağışla və rəhm et! Sən rəhm edənlərin ən xeyirlisisən!”
  14.   “Şüəra” surəsinin 83-85-ci ayələri. “Ey Rəbbim! Mənə doğru bir mühakimə qabiliyyəti (hökm və hikmət) bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı anılma qismət elə! Məni Nəim cənnətinin varislərindən et!”
  15.  “Şüəra” surəsinin 117-118-ci ayələri. “Ey Rəbbim! Həqiqətən, qövmüm məni təkzib etdi. Artıq mənimlə onlar arasında Sən hökm ver, məni və mənimlə birlikdə olan möminləri qurtar!”
  16.  “Şüəra” surəsinin 169-cu ayəsi. “Ey Rəbbim! Məni və ailəmi bunların gördüyü işdən qurtar!”
  17.  “Nəml” surəsinin 19-cu ayəsi. “Ey Rəbbim! Mənə mənim özümə və ata-anama ehsan buyurduğun nemətə şükür etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün qüvvət ver! Və məni Öz rəhmətinlə saleh bəndələrinin zümrəsinə daxil et!”
  18.  “Qəsəs” surəsinin 16-cı ayəsi. “Ey Rəbbim! Şübhəsiz ki, mən özüm-özümə zülm etdim. Buna görə məni bağışla”.
  19.  “Qəsəs” surəsinin 21-ci ayəsi. “Ey Rəbbim! Məni bu zalım tayfanın əlindən qurtar!”
  20.  “Qəsəs” surəsinin 24-cü ayəsi. “Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam!”
  21.  “Ənkəbut” surəsinin 30-cu ayəsi. “Ey Rəbbim! Fitnə-fəsad törədən qövmə qarşı mənə yardım et!”
  22.  “Saffat” surəsinin 100-cü ayəsi. “Ey Rəbbim! Mənə salehlərdən olacaq (bir övlad) bəxş et!”
  23.  “Təhrim” surəsinin 11-ci ayəsi. “Ey Rəbbim! Mənə Öz nəzdində – Cənnətdə bir ev tik!”
  24.  “Nuh” surəsinin 26-cı ayəsi. “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma!”
  25.   “Nuh” surəsinin 28-ci ayəsi. “Ey Rəbbim! Məni, valideynlərimi, mənim evimə mömin kimi daxil olan kimsəni və bütün mömin kişiləri və qadınları bağışla. Zalımların isə ancaq və ancaq həlakını artır!”
OXUNMASI ÇOX FAYDALI OLAN BƏZİ AYƏLƏR
 “Allahdan başqa, heç bir ilah yoxdur. O, Həydir (daima diridir), Qəyyumdur (hər şeyin Ona bağlı olduğu varlıqdır)! O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa, Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən, Onun Özünün istədiyindən başqa, heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. O, Əliydir (ucadır), Əzimdir (böyükdür)! Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edildi. Tağutu inkar edib Allaha iman gətirən kəs, şübhəsiz ki, qırılması mümkün olmayan ən möhkəm bir qulpdan (dəstəkdən) yapışmış olur. Allah Eşidəndir, Biləndir! Allah iman gətirənlərin dostudur, onları zülmətlərdən çıxarıb nura tərəf yönəldər. Kafirlərin dostu isə Tağutdur. Onları nurdan ayırıb zülmətlərə salarlar. Onlar cəhənnəmlikdirlər və orada uzun müddət qalacaqlar!”
 “Allahdan başqa, heç bir ilah yoxdur. O, Həydir (daima diridir), Qəyyumdur (hər şeyin Ona bağlı olduğu varlıqdır)! Sənə özündən əvvəlkiləri təsdiq edən kitabı haqq olaraq O nazil etdi. Tövratı da, İncili də O endirdi. Daha öncə insanları hidayət etmək üçün. Fürqanı da O nazil etdi. …”
 “Allah şahidlik etdi ki, Özündən başqa heç bir ilah yoxdur. Mələklər, haqq və ədalətdən ayrılmayan elm sahibləri də O Əzizdən (mütləq qüvvət sahibi), Həkimdən (hikmət sahibi) başqa, heç bir ilah olmadığına şahidlik etdilər. Allah yanında din İslamdır. Kitab verilmiş şəxslər ancaq bildikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa başladılar. Allahın hökmlərini inkar edənlərlə, şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəcəkdir”
 “Allahdan başqa, heç bir ilah yoxdur. Olacağına şübhə edilməyən qiyamət günü hamınızı, əlbəttə, O toplayacaqdır. Allahdan daha doğru danışan kim ola bilər?!”
 “Əgər onlar üz döndərsələr, de: “Mənə təkcə Allah yetər. Ondan başqa, heç bir ilah yoxdur. Mən yalnız Ona təvəkkül etdim. O, böyük ərşin Rəbbidir!”
 “Allahdan başqa, heç bir ilah yoxdur. Ən gözəl adlar (əsmayi-hüsna) yalnız Ona məxsusdur!”
 “O, Özündən başqa heç bir ilah olmayan qeybi və aşkarı bilən, Rəhman, Rəhim Allahdır. O, Özündən başqa heç bir İlah olmayan Məlik (görünən və görünməyən bütün aləmlərin sahibi və idarəçisi), Qüddus (hər cür əskiklik və naqislikdən uzaq, bütün kamal sifətləri ilə müttəsif olan, çox müqəddəs, heç bir ləkə götürməyən, olduqca pak), Səlam (sağlamlıq verən, barış və əmniyyətin qaynağı, qullarını təhlükələrdən salamatlığa çıxaran), Mumin (etimad verən, vədinə etimad edilən, etimad qaynağı), Mühəymin (kainatın bütün işlərini nizamlayan, insanları nəzarətdə saxlayan), Əziz (yenilməz qüvvət sahibi), Cəbbar (qalib olub hökmü keçən), Mütəkəbbir (hər şeyin fövqündə olan) Allahdır! Allah müşriklərin Ona qoşduqları sifətlərdən uzaqdır. O, Xaliq (hər şeyi ölçüsünə uyğun şəkildə yaradan), Bari (hər hansı bir nümunə və örnək olmadan varlıqları yaradan), Müsəvvir (surət verən) Allahdır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onu təsbih edir (yəni Onu təqdis edib şəninə təriflər deyir). O, Əzizdir, Həkimdir!”
 
“Allahdan başqa, heç bir ilah yoxdur. Buna görə də möminlər ancaq Allaha təvəkkül etsinlər!”


Mənbə: muselmanqadin.az
Top