Məsələ 1542: İnsan öləndən sonra, onun diriliyində yerinə yetirmədiyi namaz və başqa ibadətlər üçün başqasını əcir tutmaq olar. Yəni: muzd verib onları yerinə yetirmək olar. Əgər bir kəs özü muzd almadan onları yerinə yetirsə, səhihdir.
Məsələ 1543: İnsan bəzi müstəhəbb işlər üçün məsələn; Həcc, Ümrə, Peyğəmbər və imamların (əleyhis-səlam) qəbirlərini ziyarət etmək üçün, diri adamlar tərəfindən əcir ola bilər. Habelə müstəhəbb iş görüb onun savabını dirilərə və ölülərə hədiyyə edə bilər.
Məsələ 1544: Meyitin qəza namazları üçün əcir olunmuş şəxs, gərək ya müctəhid olsun ya namazı təqlid üzündən səhih yerinə yetirsin ya da ehtiyata əməl etsin. Belə ki, ehtiyatın əsaslarını kamil bilsin.
Məsələ 1545: Əcir niyyət edərkən meyiti müəyyən etməlidir. Amma onun adını bilməsi lazım deyildir. «Onun üçün əcir olduğum şəxs tərəfindən namaz qılıram» deyə niyyət edərsə, kifayətdir.
Məsələ 1546: Əcir, gərək əməli meyitin zimməsində (boynunda) olanın qəsdi ilə yerinə yetirsin. Əgər əncam verdiyi əməlin savabını onun üçün hədiyyə etsə, kifayət deyil.
Məsələ 1547: Əməli yerinə yetirəcəklərinə əmin olduqları bir şəxsi əcir tutmalıdırlar.
Məsələ 1548: Meyitin namazları üçün əcir tutmuş olduqları şəxsin onları yerinə yetirmədiyini və ya batil olaraq yerinə yetirdiyini anlayarlarsa, ikinci dəfə əcir tutmaları gərəkdir.
Məsələ 1549: Əgər əcirin əməllərini yerinə yetirib-yetirmədiyindən şəkk edərsə, əcir əməlini yerinə yetirdiyini etiraf etsə belə, onun sözünə xatircəmliyi olmazsa, yenidən əcir tutmaları gərəkdir. Amma əgər onun əməlinin düzgün olub-olmadığından şəkk edərsə, düzgün olduğunu qəbul edə bilər.
Məsələ 1550: Üzrü olub, məsələn; təyəmmümlə və ya oturaq halda namaz qılan bir şəxs, meyitin namazları da bu cür qəza olmuş olsa belə, ehtiyata əsasən mütləq şəkildə meyitin namazlarını qəza etmək üçün əcir tutula bilməz.
Məsələ 1551: Kişi qadın üçün, qadın kişi üçün əcir ola bilər və namazı ucadan ya yavaşdan qılmaqda gərək əcir öz təklifinə əməl etsin.
Məsələ 1552: Bir günün zöhr ilə əsr və şam ilə xiftən namazları kimi, tərtiblə qılınması lazım olan namazlardan başqa, meyitin namazlarının tərtiblə qəza edilməsi lazım deyildir.
Məsələ 1553: Əcirlə, əməli xüsusi bir şəkildə yerinə yetirməsini şərt etmişdirlərsə, o şəkildə yerinə yetirməlidir. Əgər şərt etməmişdirlərsə, o əməldə öz təklifinə görə əməl etməlidir. Amma özünün və ya meyitin vəzifəsindən hansı biri ehtiyata daha uyğundursa, ona görə əməl etməsi ehtiyat-müstəhəbbdir. Məsələn; meyitin vəzifəsi təsbihati-ərbəəni üç dəfə oxumaq olduğu halda, öz vəzifəsi yalnız bir dəfə oxumaq olarsa, üç dəfə oxuyar.
Məsələ 1554: Əgər əcirlə namazı, müstəhəbblərindən nə qədəri ilə birlikdə qılması şərt edilməmişdirsə, namazın müstəhəbblərindən normal olan miqdarını yerinə yetirməsi lazımdır.
Məsələ 1555: Əgər insan bir neçə nəfəri meyitin qəza namazı üçün əcir tutursa, 1552-ci məsələyə görə, onların hər biri üçün bir vaxt müəyyən etməsi lazım deyil.
Məsələ 1556: Əgər bir şəxs məsələn; bir il boyunca meyitin namazlarını qılmağa əcir olur və həmin müddət tamamlanmadan ölərsə, onun yerinə yetirmədiyi namazlar üçün, başqasını əcir tutmaları gərəkdir. Yerinə yetirmədiyinə ehtimal verdikləri üçün də əcir tutmaq vacib-ehtiyatdır.
Məsələ 1557: Bir meyitin namazları üçün əcir tutulan şəxs onların hamısının haqqını alır və namazları qılıb qurtarmamış ölərsə, bütün namazları özü qılacağı barədə meyit sahibi ilə şərtləşibsə, qılmadığı namazların əvəzi olan ücrət (əmək haqqı) əcirin malından meyitin vəlisinə verilə bilər. Əgər şərt etməmiş olsalar, gərək vərəsəsi onun malından bir kəsi əcir tutsun. Amma malı olmasa, onun vərəsəsinə bir şey vacib deyil.
Məsələ 1558: Əgər meyitin namazları tamam olmamışdan əcir ölsə və özünün də qəza namazı olsa, qabaqkı məsələdə deyilmiş göstərişə əməl edəndən sonra onun malından bir şey artıq qalsa, belə ki, özü vəsiyyət etsə və vərəsə icazə versə, onun bütün namazları üçün əcir tutulmalıdır, əgər icazə verməsə, onun üçdə birini onun namazına sərf etməyə çatdırmalıdır.
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri