Məsələ 1525: Fitr və Qurban bayramlarının namazı İmam əleyhissəlamın zühuru zamanında vacibdir və gərək camaat ilə birlikdə qılınsın. Bizim zamanımızda İmam (əleyhissəlam) ğayibdir və bu namazları həm camaatla, həm də fərdi qılmaq müstəhəbbdir.
Məsələ 1526: Fitr və Qurban bayramlarının namazının vaxtı bayram günü Günəş çıxandan günortaya qədərdir.
Məsələ 1527: Qurban bayramı namazının Günəşin yüksəlməsindən sonra qılmaq müstəhəbbdir. Fitr bayramında isə, Günəşin yüksəlməsindən sonra iftar edib, fitrəni verdikdən sonra bayram namazını qılmaq müstəhəbbdir.
Məsələ 1528: Fitr və Qurban bayramı namazları iki rükətdir. Belə ki, birinci rükətdə Həmd və surəni oxuduqdan sonra, beş dəfə təkbir deyib, hər iki təkbirin arasında bir qunut oxuyar və beşinci təkbirdən sonra başqa bir təkbir də deyib, rükuya gedərsə, iki səcdə etdikdən sonra təkrarən ayağa qalxar, ikinci rükətdə isə dörd təkbir deyər və hər iki təkbirin arasında bir qunut oxuyar və dördüncü təkbirdən sonra, başqa bir təkbir də deyərək rükuya gedər, rükudan sonra iki səcdə edib təşəhhüdü oxuyar və namazın salamını verər.
Məsələ 1529: Fitr və Qurban bayramlarının namazının qunutunda hər hansı bir dua və zikri oxusa kifayətdir. Amma yaxşıdır ki, bu duanı oxusun.
Əllahummə əhləl kibriyai, vəl-əzəməti və əhləl-əfvi vərrəhməti və əhlə-t-təqva vəl-məğfirəti əsəlukə bihəqqi hazəl yaumi əlləzi cə'əltəhu lilmusliminə idən və limuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzidən ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və ali Muhəmmədin və ən tuxricənli min kulli suin əxrəctə minhu Muhəmmədən və ali Muhəmmədin sələvatukə ələyhi və ələyhim. Əllahummə inni əsəlukə xəyrə ma səələkə bihi ibadukə əssalihun və əuzu bikə mimma istəazə minhu ibadukəl muxləsun.
Məsələ 1530: İmam (əleyhissəlam) ğayib olan zamanda, əgər Fitr və Qurban bayramlarının namazı camaatla qılınsa, lazım ehtiyat odur ki, ondan sonra iki xütbə oxunsun. Yaxşı olar ki, Fitr bayramının xütbəsində fitrənin zəkatının hökmləri, Qurban bayramının xütbəsində isə qurbanlığın hökmləri şərh olunsun.
Məsələ 1531: Bayram namazının xüsusi surəsi yoxdur. Amma yaxşı olar ki, onun birinci rükətində "Şəms" (91-ci surə) surəsini və ikinci rükətində «Gaşiyə» (88-ci surə) surəsini oxusun və yaxud birinci rükətdə «Səbbih ismə» (87-ci surə) surəsini və ikinci rükətdə "Şəms" (91-ci surə) surəsi oxunsun.
Məsələ 1532: Bayram namazını səhrada qılmaq müstəhəbbdir. Həmçinin Məkkədə, Məscidul-haramda da qılınması müstəhəbbdir.
Məsələ 1533: Müstəhəbbdir ki, bayram namazına piyada, ayaqyalın və vüqar ilə getsinlər və namazdan qabaq qüsl edib, başlarına ağ əmmamə qoysunlar.
Məsələ 1534: Bayram namazında yerə (torpağa) səcdə etmələri, təkbir deyərkən əllərini qaldırmaları və baram namazı qılan şəxsin, istər imam-camaat olsun, istər münfərid qılsın, namazı uca səslə qılması müstəhəbbdir.
Məsələ1535: Fitr bayramı axşamının şam və xiftən namazından, sübh namazından və Fitr bayramının namazından sonra bu təkbirləri demək müstəhəbbdir:
Əllahu əkbər, əllahu əkbər, la ilahə illəllah, vallahu əkbər, əllahu əkbər vəlillahil-həmd, əllahu əkbər, əla ma hədana.
Məsələ 1536: Müstəhəbbdir ki, insan Qurban bayramında on namazdan sonra (onların birincisi bayram gününün zöhr namazı, axırıncısı isə on ikinci günün sübh namazıdır) keçmiş məsələdə olan təkbirləri desin və sonra əlavə etsin: Əllahu əkbər, əla ma rəzəqənə min bəhimətil ənam vəlhəmdu lillahi əla mə əblənə.
Amma Qurban bayramını Minada olsa, on beş namazdan sonra (onların birincisi bayram gününün zöhr namazı, axırıncısı isə Zilhiccə ayının on üçüncü sübh namazıdır) bu təkbirləri desin.
Məsələ 1537: Qadınların bayram namazına getməkdən çəkinmələri ehtiyat-müstəhəbbdir. Amma bu ehtiyat, qoca qadınlara aid deyil.
Məsələ 1538: Bayram namazında da başqa namazlar kimi məmum, Həmd və surədən başqa namazın qalan zikrlərini özü oxusun.
Məsələ 1539: Əgər məmum, imam təkbirlərdən bir neçəsini söylədikdən sonra özünü çatdırarsa, imam rükuya əyildikdən sonra, imamla söyləmədiyi təkbir və qunutları özü söyləməlidir. Əgər hər qunutda bir «Subhanəllah» ya bir "Əlhəmdu-lillah" desə kifayətdir.
Məsələ 1540: Əgər bayram namazında şəxs namaza yetişərkən, imamın rükuda olduğunu görərsə, niyyət edib, namazın birinci təkbirini deyərək rükuya gedə bilər.
Məsələ 1541: Əgər bayram namazında bir səcdəni unudarsa, namazdan sonra onu yerinə yetirməsi lazımdır. Həmçinin, əgər gündəlik namazında səhv səcdəsini vacib edən bir əməl qarşısına çıxarsa, iki səhv səcdəsi etməsi lazımdır.
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri