Ayətul kürsi adlanan dua Qurani- Kərimin 2-ci surəsi olan Əl-Bəqərə surəsinin 255-ci ayəsini əhatə edir. Ayətəl kursi 9 cümlədən ibarətdir. Onlara nəzər salaq.
اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ ۚ لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ ۚ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ ۚ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ ۖ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ ۚ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ ۖ وَلَا يَئُودُهُ حِفْظُهُمَا ۚ وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ. (Əl-Bəqərə 255)
1. Allahu la ilahə illə huvəl həyyul qəyyum.
Allahın iki mübarək adını özündə cəmləşdirən cümlə. Əl-Həyy və Əl Qəyyum. “Həmişə yaşayan”, “Həyatın qaynağını əlində tutan”.
Bu cümlə ilə duanın son cümləsi arasında bağlılıq vardır.
Cümlə 9. Və huvəl əliyyul əzim. Burada da Allahın 2 adı vardır. Eynilə ilk cümlə kimi.
2. La təxuzuhu sinətun və la nəvm. (Onu mürgüləmə və yuxu tutmaz)
Burada insanda olan, yalnız Allaha xas olmayan cəhətlər söylənilmişdir. Bu cümlə isə sondan ikinci cümlə ilə bağlıdır.
Cümlə 8. Və la yəuduhu hifzuhumə. (Onları (yeri və göyü) qorumaq və gözətmək Onu yormaz). Əlaqə açıqdır. Yuxu və mürgüləmə yorulan zaman baş verir.Allah da 8-ci cümlədə əsla yorulmadığını qeyd edir.
3. Lə humə fissəməvəti və mə fil ard. (Göylərdə və yerdəkilərin hamısı Onundur). Burada Allahın Malik adının mənası açıqlanmışdır. Malik “sahib olmaq” deməkdir, yəni hər şeyin sahibi Odur.
İndi isə sondan 3-cü cümləyə nəzər salaq.
Cümlə 7. Vəsiyyə kürsiyyuhus səməvəti. (Onun kürsüsü (hökmranlığı) göyləri və yeri tutmuşdur). Burada isə Allahın Məlik adının mənası açıqlanmışdır.
İnsan hər şeyə sahib ola bilər, lakin hökmranlığa yox, yaxud da əksinə. Hökmran ola bilər, lakin bu onun hər şeyə sahib olacağı mənasına gəlmir. Deməli, bu ikisinin birlikdə olması şərtdir. Bu mənada, Malik 3-cü cümlədə, Məlik isə 7-ci cümlədə öz mənalarını tapmışdır.
4. Mən zəlləzi yəşfəhu indəhu illə bi iznihi. (İzni olmadan Onun qatında kim şəfaət edə bilər?!)
Yəni Allah icazə vermədiyi müddətdə insanı heç kəs qoruya bilməz, heç kəs ona şəfaət edə bilməz. Sondan 4-cü cümləyə nəzər salaq.
Cümlə 6. Və la yuhitunə bi şeyn mən ilmihi illə bimə şəə. (Onun elmindən heç bir şeyi tam olaraq bilməzlər. Onun bildikləri xaric).
Bu iki cümlədəki bənzərlik Allahın izni ilə bağlıdır. Allah izn vermədikcə heç kəs şəfaət edə bilməz (4) və Allahın izni olmadan onun biliyinə heç kim yiyələnə bilməz (6).
Ortadakı cümlə
Cümlə 5. Yələmu mə beynə əydihim və xəlfəhum. (O önlərindəkiləri və arxalarındakıları bilir).
Bu cümlə önlərindəki və arxalarındakı deyərək digər cümlələri bir-birindən ayırır. Nəzərə alsaq ki, Quran yazılı şəkildə deyil, şifahi şəkildə çatdırılmışdır, onda Allahın möhtəşəm danışığının və qüsursuz biliyinin şahidi olarıq. Çünki insan danışarkən daha çox səhvlərə yol verir, nəinki yazarkən.
Sədəqallahul əliyyul əzim