Hacət namazı

Hacət namazı

Hər hansı istəyin həyata keçməsi niyyəti ilə qılınan namaz. Qurani-kərimdə buyurulur: «Səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin!» («Bəqərə», 45).

Hədislərdə hacət namazının qılınma qaydası fərqli şəkillərdə göstərilib. Hacət namazını adətən iki və ya dörd rükət şəklində qılırlar. Gecə qılınması məsləhətdir. Hacət namazından əvvəl qüsl almaq, səliqəli paltar geyinmək, ətir vurmaq müstəhəbdir. Bəzi rəvayətlərdə bu namazı açıq havada (çöldə və ya evin damında) qılmaq tövsiyə edilib.

hacət namazıHəzrət Mühəmməd Peyğəmbərin (s) belə buyurduğu rəvayət edilib: «Allahdan və ya hər hansı şəxsdən arzu-istəyi olan adam kamil şəkildə dəstəmaz alıb, iki rükət namaz qılsın, Allaha həmdü-səna etsin Peyğəmbərə salavat söyləsin. Bunun ardınca belə dua etsin (duanın tərcüməsi verilir): «Allahdan başqa məbud yoxdur. O, helm və kərəm sahibidir. Uca ərşin sahibi olan Allah bütün nöqsanlardan uzaqdır.

Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Ya Rəbbim! Səndən mərhəmətinin səbəblərini, əfvinin vəsilələrini, hər cür yaxşılıqdan mənə pay verməyini, hər cür günahdan məni qorumağını istəyirəm. Öhdəmdə elə bir günah saxlama ki, onu bağışlamayasan. Məni elə bir sıxıntıya salma ki, onu yüngülləşdirməyəsən. Mənə elə bir ehtiyac vermə ki, Sənin razılığına uyğun olmasın və onu yerinə yetirməyəsən. Ey mərhəmətlilərin ən mərhəmətlisi!» («Sünənüt-Tirmizi», «Vitr» babları, 479-cu hədis; «Sünənü İbn Macə», «İqamətüs-sələvat» babları, 1384-cü hədis).

Aşağıda hacət namazının qılınma formalarından bəzilərini təqdim edirik:
İmam Zeynülabidindən rəvayət edilən bir hədisdə hacət namazını 4 rükət (iki dəfə iki rükət) şəklində qılmaq tövsiyə edilir. Birinci rükətdə «Fatihə» və «Zilzal», ikinci rükətdə «Fatihə» və «Nəsr», üçüncü rükətdə «Fatihə» və «Kafirun», dördüncü rükətdə isə «Fatihə» və «İxlas» surələri oxunur. Axırda əlləri səmaya qaldırıb bu duanı oxumaq lazımdır (duanın tərcüməsi verilir): «İlahi, səni and verirəm o adlarına ki, onları çağırmaqla səmanın bağlı qapıları açılar. İlahi, səni and verirəm o adlarına ki, onları çağırmaqla yerin darlıqları genişlənər. İlahi, səni and verirəm o adlarına ki, onları çağırmaqla çətinlik qapıları asanlıqla açılar. İlahi, səni and verirəm o adlarına ki, onları çağırmaqla qəbirlər yarılar. Mühəmmədə və nəslinə Sənin salavatın olsun! İstəyimi qəbul et!». 

Başqa bir rəvayətə görə, ehtiyacı olan adamın gecəyarısı (cümə gecəsi daha yaxşıdır) iki rükət namaz qılıb, sonra 70 dəfə bu duanı oxuması məsləhətdir: «Ya əbsərən-nazirin, ya əsrəəl-hasibin, ya əsməəs-samiin, ya əkrəməl-əkrəmin, ya ərhəmər-rahimin, ya əhkəməl-hakimin». («Ey bütün nəzarətçilərdən daha yaxşı görən, ey hamıdan daha tez hesab çəkən, ey bütün eşidənlərdən daha yaxşı eşidən, ey kəramətlilərin ən kəramətlisi, ey mərhəmətlilərin ən mərhəmətlisi, ey hökm edənlər içində ən adalətli hakim!»).

Bəzi rəvayətlərdə hacət namazının birinci rükətində «Fatihə»dən sonra üç dəfə «ayətül-kürsi», o biri rükətlərdə isə «Fatihə»dən sonra «İxlas», «Fələq» və «Nas» surələri oxumaq məsləhət görülür. Namazdan sonra Allaha həmdü-səna etmək, Peyğəmbərə və nəslinə salavat söyləmək, bundan sonra öz istəyini dilə gətirmək tövsiyə edilir. 

islam.az
Top