Müstəhəbb namazlar (nafilə)

Müstəhəbb namazlar (nafilə)

Məsələ 772: Müstəhəbb namazlar çoxdur və onlara «nafilə» deyilir. Müstəhəbb namazlardan gecə-gündüz nafilələri qılmaq daha çox tövsiyə olunmuşdur. Onlar cümə günündən başqa otuz dörd rükətdir ki, səkkiz rükəti zöhrün nafiləsi, səkkiz rükəti əsrin nafiləsi, dörd rükəti şamın nafiləsi və iki rükəti xiftənin nafiləsi, on bir rükət gecə nafiləsi və iki rükət sübhün nafiləsidir. Xiftən namazının iki rükəti vacib ehtiyata əsasən oturduğu yerdə qıldığına görə bir rükət hesab olunur. Amma cümə günündə zöhr və əsr nafiləsinin on altı rükətinə dörd rükət də artırılır. Daha yaxşı odur ki, bu iyirmi rükəti zəvaldan qabaq yerinə yetirsin.
Məsələ 773: Gecə nafiləsinin on bir rükətindən səkkiz rükətini gecə nafiləsi niyyəti ilə və iki rükətini şəf namazı niyyəti ilə, bir rükəti «Vitr» niyyəti ilə qılınmalıdır. Gecə nafiləsinin kamil göstərişi dua kitablarında deyilmişdir.
Məsələ 774: Nafilə namazlarını oturan yerdə qılmaq olar. Amma bütün fəqihlər demişlər ki, oturaq halda qıldığı iki rükət nafilə namazı bir rükət hesablansın. Məsələ; səkkiz rükət olan zöhr namazının nafiləsini oturaraq qılmaq istəyən şəxsin, on altı rükət qılması daha yaxşıdır. Əgər vitr namazını oturaraq qılmaq istəsə də, oturaraq bir rükətli iki namaz qılar. Amma bunun daha yaxşı olduğu məlum deyildir. Belə ki, rəca qəsdi ilə yerinə yetirilərsə, eybi yoxdur.
Məsələ 775: Zöhr və əsr namazlarının nafiləsi səfər zamanı qılınmamalıdır. Amma xiftənin nafiləsinin rəca qəsdilə qılınmasının eybi yoxdur.

GÜNDƏLİK NAFİLƏLƏRİN VAXTI


Məsələ 776: Zöhr namazının nafiləsi zöhr namazından əvvəl qılınır. Onun vaxtı günortanın əvvəlindən başlayıb, onu günorta namazından əvvəl qılmağın mümkün olduğu zamana qədər davam edir. Ancaq əgər bir şəxs günortanın nafiləsini günortadan sonra görünməyə başlayan şaxisin kölgəsinin onun boyunun yeddidə ikisinə çatmasına qədər, yəni əgər şaxisin hündürlüyü yeddi qarışdırsa, kölgənin miqdarı iki qarışa çatarsa, artıq bu vaxtda nafiləni qılmadan günorta namazını qılması daha yaxşıdır.
Məsələ 777: Əsrin nafiləsi, əsr namazından qabaq qılınır. Onun vaxtı əsr namazından əvvəl qılma imkanı oluncaya qədər dayam edər; ancaq əgər bir şəxs əsrin nafiləsini şaxisin kölgəsinin yeddidə dördünə yetişincəyə qədər təxirə salarsa, artıq əsr namazını qılması daha yaxşıdır. Əgər zöhr və ya əsrin nafiləsini vaxtından sonra qılmaq istəsə, zöhrün nafiləsini, zöhr namazından sonra və əsrin nafiləsini əsr namazından sonra qıla bilər. Amma ehtiyat olaraq, əda və ya qəza niyyəti etməməlidir.
Məsələ 778: Şam nafiləsinin vaxtı şam namazının tamamlanmasından sonra, vaxt daxilində qılmaq imkanı olana qədər davam edir; lakin, bir şəxs onu günəşin batmasından sonra göy üzündə görünən, göy üzünün qərb tərəfindəki qırmızılığın itdiyi zamana qədər qabaqlarsa, artıq xiftən namazı qılması daha yaxşıdır.
Məsələ 779: Xiftən nafiləsinin vaxtı xiftən namazının tamamlanmasından, gecə yarısına qədərdir. Xiftən namazından sonra gözləmədən dərhal qılınması daha yaxşıdır.
Məsələ 780: Sübh nafiləsi sübh namazından əvvəl qılınır və onun vaxtı gecə namazı vaxtından gecə namazı qıla biləcək qədər bir müddət keçdikdən sonra başlayıb, onu sübh namazından əvvəl qılmağın mümkün olduğu zamana qədər davam edir. Amma əgər bir şəxs sübhün nafiləsini şərq tərəfdə qırmızılığın görünməsinə qədər qabaqlarsa, bu vaxtda sübh namazını qılması daha yaxşıdır.
Məsələ 781: Məşhur görüşə əsasən, gecə namazının vaxtı, gecə yarısından başlayıb, sübh azanına qədər davam edir. Amma sübh azanına yaxın qılınması daha yaxşıdır.
Məsələ 782: Müsafir və gecə nafiləsini, gecə yarısından sonra qılması özünə çətin olan şəxs, onu gecənin əvvəlində yerinə yetirə bilər.

ĞUFEYLƏ NAMAZI


Məsələ 783: Müstəhəbb namazlardan biri də ğufeylə namazıdır ki, şam və xiftən namazları arasında qılınır. Onun birinci rükətində həmddən sonra surə əvəzinə bu ayə oxunur:
Və zənnuni iz zəhəbə muğazibən fəzənnə ən lən nəqdirə ələyhi fənədə fizzuluməti ənlə iləhə illə əntə subhanəkə inni kuntu minəzzaliminə fəstəcəbnə ləhu və nəccəynəhu minəl ğəmmi və kəzəlikə nuncil-muminin.
Ikincinci rükətdə də həmddən sonra surə əvəzinə bu ayə oxunur:
Və indəhu məfətihul-ğəybi lə yələmuha illə huvə yələmu mə fil-bərri vəl-bəhr. Və mə təsqutu min vərəqətin illə yələmuhə. Və lə həbbətin fi zulumətil-ərzi və lə rətbin və lə yəbisin illə fi kitabin mubin.
Qunutda bu dua oxunmalıdır: Əllahummə inni əsəlukə bi məfatihil-ğəybil-ləti lə yələmuhə illə əntə ən tusalliyə ələ Muhəmmədin və ali Muhəmməd və ən təfələ bi kəzə və kəzə.
«Kəza və Kəza» kəlmələrinin əvəzində öz hacətlərini söylər və sonra bu duanı oxuyar: Əllahummə əntə vəliyyu niməti vəl qadiru alə talibəti tələmu hacəti fə əsəlukə bihəqqi Muhəmmədin və ali Muhəmməd ələyhi və ələyhuməssəlam ləmma qazəytəha li.
Top