Gündəlik vacib namazlar beşdir: zöhr və əsr namazı hər biri dörd rükətdir. Şam namazı üç rükətdir, Xiftən namazı dörd rükətdir və sübh namazı iki rükət.
ZÖHR VƏ ƏSR NAMAZLARININ VAXTI
Məsələ 737: Əgər ağacı və ya ona bənzər olan "şaxis" adlanan düz bir şeyi hamar yerdə basdırsalar, sübh vaxtı günəş doğduğu zaman, onun kölgəsi məğrib (günbatan) tərəfə düşər. Belə ki, günəş yüksəldikcə, bu kölgə qısalır və bizim şəhərlərdə şəri-günortanın başlandığı an, ən qısa halım alır. Zöhrdən sonra, həmin ağacın və ya çubuğun kölgəsi məşriqə (günçıxana) tərəf dolanır və günəş batdıqca, kölgə çoxalır. Buna əsasən, kölgə ən qısa olduğu anı keçib (yəni axırıncı dərəcəyə yetişib), yenidən iki dəfə artmağa başladıqda, şəri günortanın olduğu anlaşılır. Məkkə kimi, bəzən kölgənin tamamilə yox olduğu bəzi şəhərlərdə, kölgənin yenidən ortaya çıxdığı zaman, günortanın olduğu anlaşılır. Şəri-günorta, günün yarısının keçməsindən ibarətdir. Məsələn; əgər gündüz on iki saatdırsa, günəşin doğmasından altı saat keçdikdən sonra şəri-günorta olur. Əgər gündüz on üç saatdırsa, günəşin doğmasından 6,5 saat keçdikdən sonra şəri-günorta olur. Əgər gündüz on bir saatdırsa, 5,5 saat keçdikdən sonra şəri-günorta olur. Beləliklə, günəşin doğmasından batmasına qədər olan müddətin yarısının keçməsindən ibarət olan şəri-günorta, ilin bəzi vaxtlarında saat on ikidən bir neçə dəqiqə qabaq, bəzən də bir neçə dəqiqə sonra olur.
Məsələ 738: Zöhr və əsr namazının vaxtı zəvaldan (günəş əyiləndən) günəş batana qədərdir. Amma əsr namazını qəsdən zöhr namazından əvvəl qılsa batildir. Amma əgər vaxtın bitməsinə, yalnız bir namaz qıla biləcək qədər bir müddət qaldığı zamana qədər, bir şəxs zöhr namazını qılmamış olarsa, artıq onun zöhr namazı qəza olmuşdur və gərək əsr namazın qılsın. Əgər bir şəxs, bu vaxtdan qabaq səhvən əsr namazını tamamilə, zöhr namazından qabaq qılarsa, namazı səhihdir. Amma o namazı zöhr qəbul edib, sonrakı dörd rükət namazı da «mafiz-zimmə» niyyətlə qılması ehtiyat-müstəhəbbdir.
Məsələ 739: Zöhr namazını qılmadan, səhvən əsr namazına məşğul olar və namaz əsnasında səhv etdiyini bilərsə, niyyəti zöhr namazına çevirməlidir. Yəni «indiyə qədər qıldığım, indi qılmaqda olduğum və bundan sonra qılacağımın hamısı zöhr namazı olsun» deyə, niyyət etməli və namazı tamamladıqdan sonra, əsr namazını qılmalıdır.
CÜMƏ NAMAZI VƏ HÖKMLƏRİ
Məsələ 740: Cümə namazı, sübh namazı kimi iki rükətdir. Amma fərq budur ki, cümə namazından əvvəl iki xütbə oxunur. Cümə namazı vacib təxiridir. Yəni mükəlləf, cümə günü şərtlərin hazır olduğu təqdirdə, cümə namazı və ya zöhr namazı qılmaqda ixtiyar sahibidir. Əgər cümə namazını qılarsa, zöhr namazından kifayət edər. Cümə namazının vacib olmasının bir neçə şərti vardır:
1. Vaxtın daxil olması; cümə namazının vaxtı, zəval vaxtının ürfi-baxımdan ilk bölümü sayılan qismidir. Belə ki, əgər cümə namazını bu vaxtdan gecikdirərsə, artıq onun vaxtı sona çatmışdır və zöhr namazını qılmalıdır.
2. Fərdlərin sayı, imamla birlikdə 5 nəfər olmalıdır. Əgər beş nəfər müsəlman cəm olmasa cümə namazı vacib olmaz.
3. İmamət şərtlərinə hazır olan imamın olması. Camaat namazı bölümündə gələcəyi kimi, imam camaat, ədalət və digər sifətlərə malik bir imam olmalıdır. Əks təqdirdə cümə namazı vacib olmaz.
Cümə namazının səhih olmasının bir neçə şərti vardır:
1. Camaatla qılınmalıdır, buna görə də fərdi qılınması səhih deyildir. Əgər məmum cümə namazının ikinci rükətində rükudan əvvəl imama yetişərsə, kifayət edər, ona bir rükət də özü əlavə etməlidir. Amma əgər rükuda imama qoşularsa, kifayət etməsi mübahisəlidir, lakin ehtiyat, tərk etməməsidir.
2. Namazdan qabaq iki xütbə oxunmalıdır. Birinci xütbədə Allaha həmd-səna deyilib, təqva və günahlardan qorunmağa tövsiyə edilərək Qurandan qısa bir surə oxunulur. Sonra imam oturub-qalxaraq ikinci xütbəyə başlayır. Yenidən Allaha həmd-səna edib Rəsuli-əkrəm (s.ə.v) və müsəlmanların imamlarına (on iki imam) salavat göndərməlidir. Müstəhəbb ehtiyat odur ki, ayrılıqda mömin kişi və qadınlar üçün də Allahdan bağışlanmalarını istəsin. Xütbələrin namazdan əvvəl oxunması lazımdır. Əgər xütbələrdən qabaq namaza başlayarsa, səhih deyildir. Xütbələrin zəvaldan əvvəl (zöhr namazından əvvəl) oxunması işkallıdır.
Xütbə oxuyan imam xütbə oxuyarkən, ayaq üstə durmalıdır. Əks təqdirdə səhih deyildir. İkinci xütbə arasında oturaraq fasilə vermək vacibdir. Belə ki, bu oturmanın qısa və müxtəsər olması gərəkdir.
Allaha həmd-səna etmək və Peyğəmbəri-əkrəm (s.ə.v.) ilə müsəlmanların imamlarına (on iki imama) salavat göndərmək, ehtiyata əsasən ərəb dilində olmalıdır. Amma yerdə qalanların ərəb dilində olması şərt deyildir. Hətta əgər namazda hazır olanların çoxu ərəbcə bilmirlərsə, lazım ehtiyat odur ki, xüsusən təqvaya dəvət etməyin hazır olanların dilində olması gərəkdir.
3. İkinci cümə namazı arasında olan məsafə bir fərsəxdən az olmamalıdır. Buna əsasən də bir fərsəxdən az bir məsafədən ayrı bir cümə namazı da qılınarsa, belə ki, hər ikisi də eyni zamanda başlanarsa, hər ikisi batildir. Amma əgər biri, yalnız təkbirətül-ehramı o birindən əvvəl demiş olsa, birincisi səhih, ikincisi isə batildir. Bununla belə, əgər cümə namazı qılındıqdan sonra, bir fərsəxdən az bir məsafədə ondan əvvəl və ya onunla eyni zamanda ayrı bir cümə namazının da qılındığı aşkar olarsa, istər vaxt keçməzdən əvvəl, istərsə də vaxt keçdikdən sonra aşkar olsun, zöhr namazını qılmaq vacib deyildir. Zikr olunmuş məsafə daxilində bir cümə namazının qılınması, digər bir cümə namazına, yalnız özünün bütün şərtlərə hazır olub, səhih olduğu təqdirdə maneəli olur. Əks təqdirdə maneəli olması şübhəli və hətta maneəli olmadığı daha güclü görüşdür.
Məsələ 741: Şərtləri hazır plan bir cümə namazı qılınarsa və əgər onu qılan Məsum İmam (ə.s.)-ın özü və ya onun təmsilçisi olsa, o cümə namazında iştirak etmək vacibdir. Əks təqdirdə iştirak etmək vacib deyildir. Birinci təqdirdə də iştirak etməyin vacib olması üçün bir neçə şey şərtdir:
1. Mükəlləf kişi olmalıdır; qadınların cümə namazında iştirak etmələri vacib deyildir.
2. Azad olmalıdır; qulların cümə namazında iştirak etmələri vacib deyildir.
3. Müsafir olmamalıdır; buna əsasən müsafirə cümə namazı vacib deyildir. Bu xüsusda müsafir olanın vəzifəsi, namazını qəsr və ya tam qılmaq arasında bir fərq yoxdur, iqamə qəsdində olan müsafir kimi.
4. Xəstə və kor olmamalıdır; buna görə də xəstə və kora cümə namazı vacib deyildir.
5. Qoca olmamalıdır; buna görə də qocalara cümə namazı vacib deyildir.
6. Şəxslə cümə namazı qılınan yer arasında məsafə iki fərsəxdən artıq olmamalıdır. İkinci fərsəx uzaqlıqda olan şəxsə cümə namazında iştirak etmək vacibdir. Həmçinin, yağış şiddətli külək və buna oxşar maneələrlə üzləşən şəxsə cümə namazında iştirak etmək vacib deyildir.
Məsələ 742: Cümə namazı ilə bağlı bir neçə hökm bunlardan ibarətdir:
1. Üzərindən cümə namazı saqit olub, cümə namazına hazır olması vacib olmayan şəxsin vaxtın əvvəlində dərhal günorta namazını qılması caizdir.
2. İmamın xütbə oxumağa məşğul olduğu zaman danışmaq məkruhdur və əgər xütbəni eşitməyə mane olarsa, lazım ehtiyat olaraq caiz deyildir. Bu xüsusda cümə namazının əslinin vacib olmasında şərt olan iştirakçıların sayı ilə, daha çox iştirak edənlərin sayı arasında fərq yoxdur.
3. Vacib ehtiyat odur ki, hər iki xütbəni dinləmək vacibdir. Amma xütbəni mənasını bilməyən şəxslərin dinləməsi vacib deyildir.
4. Cümə gününün ikinci azanı bidətdir. Bu azana xalq arasında üçüncü azan deyilir.
5. Zahirə əsasən imamın xütbə oxuduğu zaman hazır olmaq vacib deyildir.
6. Cümə namazına çağırıldığı zaman alış-veriş etmək namaza mane olduğu təqdirdə haramdır. Əks təqdirdə haram deyildir. Amma haram olduğu təqdirdə belə, edilən müamilənin batil olmadığı daha güclü görüşdür.
7. Özünə cümə namazına getmək vacib olan şəxs əgər cümə namazına getməyib, günorta namazını qılarsa, namazının səhih olduğu daha güclü görüşdür.
ŞAM VƏ XİFTƏN NAMAZLARININ VAXTI
Məsələ 743: Vacib-ehtiyata əsasən, günəşin batmasından sonra, günçıxan tərəfdə meydana gələn qırmızılığın, onun başının üzərindən günbatana doğru keçməsindən qabaq, şam namazını qılmamalıdır.
Məsələ 744: Şam və xiftən namazlarının vaxtı, sərbəst olan şəxs üçün, gecə yarısına qədərdir. Amma üzrlü olan bir şəxs üçün (məsələn, unutmaq, yuxuya qalmaq və ya heyzli olmaq və buna bənzər bir səbəbdən, namazı gecə yarısına qədər qılmamışdırsa) şam və xiftən namazlarının vaxtı sübh açılana qədər davam edər. Ancaq hər surətdə, bu iki namaz arasında tərtibə riayət etmək lazımdır, yəni xiftən namazı qəsdən şam namazından qabaq qılınarsa, batildir. Amma əgər gecə yarısına, yalnız xiftən namazını qıla biləcək qədər vaxt qalmışdırsa, xiftən namazını şam namazından qabaq qılması gərəkdir.
Məsələ 745: Əgər bir şəxs səhvən xiftən namazını şam namazından qabaq qılsa və namazdan sonra agah olsa, namazı səhihdir. Şam namazını ondan sonra qılmalıdır.
Məsələ 746: Əgər şam namazını qılmamışdan əvvəl, səhvən xiftən namazı qılsa və namaz əsnasında səhv etdiyini başa düşsə, belə ki, dördüncü rükətin rukusuna getməyibsə, gərək niyyəti şam namazına döndərsin və namazı tamam etsin və sonra xiftən namazın qılsın. Əgər dördüncü rükətin rukusuna getmişdirsə, xiftəni tamam edə bilər və sonra şamı yerinə yetirər.
Məsələ 747: İxtiyarı öz əlində olan şəxs üçün xiftən namazının axırıncı vaxtı gecə yarısıdır. Gecə gün batandan sübh açılana qədərdir.
Məsələ 748: Əgər ixtiyar üzündən şam ya xiftən namazını gecə yarısına qədər qılmasa, vacib ehtiyata əsasən, gərək sübh azanından qabaq, əda və qəza niyyəti olmadan o namazı yerinə yetirsin.
SÜBH NAMAZININ VAXTI
Məsələ 749: Sübh azanına yaxın gün çıxan tərəfdən bir ağartı yuxarıya tərəf hərəkət edir ki, ona «birinci fəcr» deyilir. O ağartı yayılan vaxt «ikinci fəcr» və sübh namazının əvvəl vaxtıdır. Sübh namazının axır vaxtı günəşin çıxan vaxtıdır.
NAMAZ VAXTININ HÖKMLƏRİ
Məsələ 750: İnsan, yalnız vaxtın daxil olduğuna əmin olduğu və ya iki adil kişinin vaxtın daxil olduğunu xəbər verdikləri zaman, namaz qılmağa başlaya bilər. Hətta əmin olduğu təqdirdə, azan oxunması ilə və vaxtı bilən bir şəxsin sözü ilə kifayətlənə bilər.
Məsələ 751: Əgər bir şəxs maneə vasitəsilə, məsələn, kor və ya zindanda olduğuna görə namaz vaxtının əvvəlində, vaxtın daxil olmadığını yəqin edə bilməsə, gərək namaz vaxtının daxil olmasına əmin olana ya yəqinlik tapana qədər namazı təxirə salması gərəkdir. Həmçinin lazım ehtiyata əsasən, əgər vaxtın daxil olmasına yəqinlik hasil etməyə maneə olan bir şey bulud, toz və bu kimi ümumi maneələrdən olarsa da hökm eynidir.
Məsələ 752: Əgər insana, yuxarıda adı çəkilən üsullardan biri ilə namaz vaxtının daxil olduğu sübut olub və namaza başlayar, sonra namaz əsnasında vaxtın daxil olmadığını anlayarsa, namazı batildir. Əgər namazdan sonra bütün namazı vaxtından qabaq qılmış olduğunu bilərsə də, hökm eynidir. Amma əgər namaz əsnasında, vaxtın daxil olduğunu anlayar və namazdan sonra, namazda ikən daxil olduğunu bilərsə, namazı səhihdir.
Məsələ 753: Əgər insan, namaz vaxtının daxil olduğunu yəqin etməklə, namaza başlayacağını bilmədən namaz qılarsa, namazdan sonra bütün namazı vaxtında qıldığını anlayarsa, namazı səhihdir. Əgər namazı vaxtından əvvəl başa düşsə yaxud bilməsə ki, vaxtında qılıb ya vaxtından qabaq, namazı batildir. Hətta əgər namazdan sonra, vaxtın daxil olduğunu anlasa belə, o namazı yenidən qılmalıdır.
Məsələ 754: Vaxtın daxil olduğuna əmin olaraq namaza başlayar və namaz əsnasında, vaxtın daxil olub-olmadığı barədə şəkk edərsə, namazı batildir. Amma namazda ikən vaxtın daxil olmuş olduğuna əmin olduğu halda, namazdan indiyə qədər qıldığı qisminin, vaxt ərzində qılınıb-qılınmadığı barədə şəkk edərsə, namazı səhihdir.
Məsələ 755: Əgər namazın vaxtı o qədər dar olsa ki, namazın müstəhəbb işlərindən bəzisini əmələ gətirməklə, onun bir hissəsi vaxtdan sonra qılınacaqsa, gərək o mütəhəbbi işi əmələ gətirməsin. Məsələn, əgər qunutu deməklə namazın bir hissəsi vaxtdan sonra qılınacaqsa, gərək qunutu deməsin.
Məsələ 756: Bir rükət miqdarında namaz qılmağa vaxtı olan şəxs, gərək namazı əda niyyəti ilə qılsın. Amma qəsdən, namazı bu qədər təxirə salmamalıdır.
Məsələ 757: Müsafir olmayan şəxsin, əgər gün batan kimi beş rükət namaz qılmağa vaxtı vardırsa, gərək zöhr və əsr namazının hər ikisini qılsın. Əgər az vaxtı vardırsa, gərək yalnız əsr namazını qılsın və sonra zöhr namazını qəza etsin və habelə əgər gecə yarıya kimi beş rükət qılmağa vaxtı vardırsa, gərək şam və xiftən namazını qılsın. Əgər vaxtı azdırsa, gərək yalnız xiftən namazını qılsın və sonra şam namazını əda və qəza niyyəti olmadan yerinə yetirsin.
Məsələ 758: Müsafir olan şəxsin, əgər gün batana qədər üç rükət namaz qılmağa vaxtı vardırsa, gərək zöhr və əsr namazını qılsın. Əgər az vaxtı vardırsa, gərək yalnız əsr namazını qılsın və sonra zöhr namazını qəza etsin. Əgər gecə yarısına qədər dörd rükət namaz qıla biləcək qədər vaxtı vardırsa, gərək şam və xiftən namazını qılsın. Əgər üç rükət namaz qıla biləcək qədər vaxtı vardırsa, əvvəlcə xiftəni qılmalı, sonra da şam namazının bir rükətini vaxtında qılması üçün, dərhal şam namazını qılmalıdır. Əgər üç rükət namaz qılınacaq müddətdən daha az vaxt vardırsa, əvvəlcə xiftəni qılmalı, sonra da əda və qəza niyyəti etmədən, şam namazını yerinə yetirməlidir. Amma xiftən namazını qıldıqdan sonra, gecə yarısına bir rükət qıla biləcək və ya daha çox vaxt qaldığı anlaşılırsa, dərhal şam namazını əda niyyəti ilə qılmalıdır.
Məsələ 759: Namazı vaxtın əvvəlində qılmaq müstəhəbbdir və bu haqda çox tövsiyə edilmişdir. Gözləyib camaatla qılmaq kimi bir səbəbdən gecikdirmək bundan qeyri hallardan başqa, vaxtın əvvəlinə nə qədər yaxın olsa, o qədər daha yaxşıdır.
Məsələ 760: Əgər insanın bir üzrü olub, vaxtın əvvəlində namaz qılmaq istədiyi təqdirdə təyəmmümlə namazı qılmağa naçardır. Əgər üzrün vaxtın sonuna qədər qalacağını bilir və ya onun aradan qaldırılmasından ümidini kəsmişsə, vaxtın əvvəlində təyəmmüm edib namaz qıla bilər. Amma əgər üzrünün aradan qalxmasına ümidini kəsməmişsə, gərək üzrü aradan gedənə qədər səbr etsin. Əgər üzrü aradan qalxmazsa, vaxtın sonunda namaz qılmalıdır. Namazın yalnız vacib işlərini görə biləcək qədər gözləməsi lazım deyil. Azan, iqamə və qunut kimi namazın müstəhəbblərini yerinə yetirə biləcək qədəri vaxtı olduğu halda da təyəmmüm edib namazını müstəhəbbatı ilə birlikdə yerinə yetirə bilər. Lakin, təyəmmümdən kənar digər üzrlərdə üzrünün bərtərəf olmasından ümid kəsməsə belə, namazı vaxtın əvvəlində qılması caizdir; amma vaxt sona çatmamışdan əvvəl üzrü aradan qalxsa, o namazı yenidən qılması gərəkdir.
Məsələ 761: Namaz hökmlərini və namazdakı şəklər və səhvlərlə bağlı hökmləri bilməyən bir kimsə əgər namaz qıldığı vaxt bunlardan biri ilə qarşılaşacağına və hökmü öyrənmədiyi üzündən çətin bir hökmə müxalifət edəcəyinə ehtimal verirsə, bunları öyrənmək üçün namazı vaxtın əvvəlindən qabaqlamalıdır. Amma namazı düzgün bir şəkildə yerinə yetirmək ümidilə namaza vaxtın əvvəlində başlarsa, bu halda əgər hökmünü bilmədiyi bir məsələ ilə qarşılaşmazsa, namazı səhihdir. Əgər hökmünü bilmədiyi bir məsələ ortaya çıxarsa, ehtimal verdiyi iki tərəfdən birinə görə əməl edərək, namazı tamamlaması caizdir; amma namazdan sonra məsələni soruşmalı, əgər namazı batil imişsə, yenidən qılmalıdır. Əgər səhih imişsə, yenidən qılması lazım deyil.
Məsələ 762: Namaz vaxtının geniş olduğu bir müddətdə, tələbkar öz tələbini istəyərsə, mümkün olduğu təqdirdə, əvvəlcə öz borcunu verməli, sonra namaz qılmalıdır. Həmçinin, dərhal yerinə yetirməli olan ayrı bir vacib əməllə qarşılaşarsa, məsələn; məsciddə nəcis olduğunu görərsə, əvvəlcə məscidi pak etməli və sonra namaz qılmalıdır. Hər iki təqdirdə də, əgər əvvəlcə namazı qılarsa, günah etməsinə baxmayaraq, namazı səhihdir.