Valideynlər uşağa hər zaman diqqət yetirməlidir. Xüsusilə - analar bətnində uşağı hiss etdiyi ilk andan onu tərbiyə etməli və ünsiyyətdə olmalıdır. Uşaq ata – ana məhəbbətini hiss etməlidir. Ana bətnində uşaqla düzgün ünsiyyət qurmaq gələcəkdə uşağın tez danışmasına kömək edir. Uşaq dünyaya gəldikdən sonra da diqqət azalmamalıdır. Ana ilə bərabər atanın da üzərinə böyük məsuliyyət düşür. Bundan əlavə ata uşaqla müxtəlif oyunlar oynamalıdır. Belə oyunlar gələcəkdə uşağın intellektual səviyyəsini yüksəldir. Bildiyimiz kimi ailə kiçik bir dövlətdir. Və bu dövləti qurmaq üçün ata – ana uşaqlarını düzgün tərbiyə və düzgün nitqinin inkişafı üçün əlindən gələni əsirgəməməlidir.
Nitqin inkişafına bir neçə amil təsir edə bilər.
- a) Musiqi
- b) Oyun
- c) Nağıllar, tapmacalar, yanıltmaclar, şerlər və i.a
Musiqi uşağa körpə yaşından dinlədilməlidir. Hətta digər uşaqlarla müqayisədə ana bətnində ikən musiqini hiss edən uşaqlar dünyaya gəldikdən sonra daha sakit, mehriban və insanlarla gözəl ünsiyyət qururlar. Musiqini dinləyən uşaqlarda zehni, əqli, fiziki inkişaf, gözəl musiqi duyumu və ən əsası dil formalaşır. Lakin musiqi elə seçilməlidir ki, sözlər aydın tələffüz edilsin. Məs;Şəfiqə Axundovanın, Rübabə Muradovanın, Qara Qarayevin,Fikrət Əmirovun və i.a musiqilərinə qulaq asmaq daha məsləhətlidir. Çünki bu bəstəkarların və müğənnilərin musiqilərində sözlər aydın və səlist səslənir.
Oyunlar da uşağın nitqinə təsir göstərən amillərdən biridir. Oyunlar arasında didaktik oyunlar xüsusi yer tutur. Oyunlar elə seçilməlidir ki, uşaqların yaşına uyğun olsun. Valideyn oyuncaqları uşağın qarşısına töküb oynaması ilə kifayətlənməməlidir. Uşaqlarda oyuna həvəs, maraq oyatmalıdır. Oyunlarla oynayarkən uşaqlarda iradə, səbr, aydın nitq, qətiyyətlilik, düzgünlük, doğruçuluq hissləri inkişaf edir.
Valideynlər bir neçə yanıltmaclar da deyib uşaqların nitqinin inkişafına kömək edə bilər. Məsələn: Getdim gördüm bir dərədə iki kar, kor kürkü yırtıq kirpi var. Dişi kar, kor kürkü yırtıq kirpi erkək kar, kor kürkü yırtıq kirpinin kürkünü yamamaqdansa, erkək kar, kor kürkü yırtıq kirpi dişi kar, kor kürkü yırtıq kirpinin kürkünü yamayır.
Ağ balqabaq, boz balqabaq
Al balqabaq bal balqabaq.
Uşağa qulluq zamanı hərtərəfli ünsiyyətdə olmaq inkişafa müsbət təsir göstərir. Yəni hər hansı bir şeyi edəndə — yemək yedirəndə, gəzdirəndə və. i.a işləri görəndə uşağı məlumatlandırmaq lazımdır. Belə olduqda uşağın söz bazası artır və normal nitq inkişafı zamanı lüğət ehtiyyatı zənginləşir.
Nitqin inkişafına təsir göstərən amillərdən biri də valideynin uşağı ilə dialoq qurmasıdır. Hər bir valideyn övladının sağlam, zəngin dünyagörüşü, gözəl nitq mədəniyyətinə sahib olması üçün çalışmalıdır.
Bəzən uşaqların nitqində fonetik cəhətdən bəzi qüsurlara rast gəlinir. Onlar “r, ş, s, k“ səslərini deməkdə çətinlik çəkirlər. Bu problemləri bərpa etmək üçün loqoped xüsusi məşğələlər təşkil edir. Məşğələlər nəticəsində səslər düzgün tələffüz edilir. Müəyyən qədər qüsurun ağırlaşmaması, dərinləşməməsi üçün Siz valideynlər mütəxəssisə müraciət edənə kimi elementar gimnastikalardan, tənəffüs, dil, dodaq v. i.a istifadə edə bilərsiz. Artikulyasiya aparatının hərəkətliliyi və tənəffüsün düzgün olması üçün valideynlər bu gimnastikaları uşaqlara maraqsız olmaması üçün oyun şəklində təşkil edə bilər.
Şamı söndürmə oyunu.
Uşaq dodaqlarını qabağa uzadıb və bir qarış məsafədən yanan şamı söndürməlidir. Bunu bir neçə dəfə təkrar edin.
Futbol oyunu.
Pambıqdan şariklər yumurlayın, əllərinizdən və yaxud başqa bir şeydən stolda qapı düzəldin. Təxminən 20 – 30 sm məsafədən şarikləri qapıya üfürün.
Və yaxud pambıqdan bir az götürüb burunun ucuna qoymaq, alt dodağı bir qədər irəli verib və pambığa nəfəs vermək lazımdır. Verilmiş tapşırığı düzgün yerinə yetirdikdə pambıq burundan vertikal vəziyyətdə uçur. Burda əsas fikir vermək lazımdır ki, uşaq çənəsini yox, alt dodağını uzatsın.
Mürəbbə, yoqurt və s bir az üst və alt dodağa çəkmək, üst və alt dişlərinizin köməyi ilə onu götürmək. Bunu 5 – 10 dəfə təkrar edin.
Köpüklərin üfürülməsi. Dərindən burundan nəfəs alın, dodaqlarınızı genişləndirin və üfürün.
Valideynlər hecalarla da bağlı oyunlar təşkil edə bilər.
Mənbə: geleceknesil.az