Dirsək oynağının çıxığı 5 yaşadək uşaqlarda ən çox rast gələn hallardan biridir. Dirsək oynağının çıxığı mil sümüyünün oynaqdakı normal vəziyyətindən kənara çıxması nəticəsində baş verir.
Çıxıq uşağı əlindən sərt dartanda yaxud bir əlindən tutaraq yuxarı qaldıranda əmələ gəlir. Bu, həmçinin uşaq yıxıldığı zaman da baş verə bilər. Yerindən çıxmış sümüyü travmatoloq yerinə sala bilər. Əgər bu, vaxtında baş verərsə, gələcəkdə heç bir ağırlaşma baş verməyəcək.Bunu həkim-pediatr Həmid Hacıağayev açıqlayıb.
Həkimin dirsək oynağı çıxıqları, onların əlamətləri və görülməli olan tədbirlər barədə məqaləsini təqdim edirik:
Dirsək çıxığının əlamətləri və simptomları hansılardır?
Normada sümüklər oynaqda güclü bağların yardımı ilə sabit dururlar. Lakin uşaq yıxılanda yaxud əlindən sərt şəkildə dartılanda oynaq bağları normadan çox dartınır və sümük oynaqdan kənara çıxır.
Adətən çıxıq baş verdiyi andan etibarən uşaq ağlamağa başlayır və zədələnmiş qolunu istifadə etmir yaxud həmin qolda hərəkətləri kəskin məhdudlaşır. Dirsək çıxığı olan qolu həmçinin hərəkətsiz şəkildə asılmış kimi ola bilər.
Yardım üçün nə zaman müraciət etmək lazımdır?Əgər övladınızda dirsək çıxığı olduğunu düşünürsünüzsə, dərhal travmatologiya şöbəsinə yaxud təcili tibbi yardıma müraciət edin. Çıxmış sümük nə qədər çox dirsəkdən kənar qalsa, onun yerinə salınması o qədər ağrılı və çətin olacaq, həmçinin oynağın tam bərpası da uzun müddət çəkəcək.
Dirsək oynağı çıxığının müalicəsi:
Hissəvi çıxıq halları həkimin yardımı ilə (sümüyü yerinə qaytarmaqla) tam bərpa olurlar. Bu, ağrılı prosedur olsa da, tez baş verir. Xarakter səs ilə sümük yerinə qayıdır. Dirsək çıxığı zamanı rentgen müayinə mütləq deyil.
Lakin uşağı bir müddətlik şöbədə saxlaya bilərlər ki, hər hansı ağrı olub olmadığını, uşağın qolunu istifadə etməsini müşahidə etsinlər. Bəzi uşaqlar çıxıq aradan qalxan kimi və oynaq bərpa olan kimi həmin qolunu istifadə etməyə başlayırlar. Digər uşaqlara isə bunun üçün müəyyən vaxt lazım olur.
Əgər uşaq oynaq bərpa olduqdan sonra da qolunu tərpədə bilmirsə, hər hansı sınıq olub olmadığını aşkar etmək üçün rentgen müayinə edilir. Bütün müayinələr həkim tərəfindən təyin edilirlər.Əgər uşaq cüzi ağrı hiss edirsə, ağrıkəsici yardım edə bilər. Lakin əgər uşaq bir gün sonra da qolu ilə hərəkət etmir və güclü ağrıdan şikayət edirsə, çıxıq yenidən baş vermiş ola bilər. Bu halda yenidən həkimə müraciət etmək lazımdır.Əgər oynaq çıxığı tamamilə aradan qaldırılıbsa, bu, gələcəkdə heç bir ağırlaşmaya səbəb olmayacaq.
6 yaşdan böyük uşaqlarda isə dirsək oynağının çıxığı adətən olmur, çünki onların oynaq bağları artıq güclənmiş olurlar.
Mənbə: Milli.Az /news.milli.az