Körpələrdə qusma və gəyirmə bir çox hallarda normal hal sayılır. Hətta uşaq orqanizminin statusuna görə belə olması lazımdır. Biz pediatrlar bunu fizioloji hal kimi qiymətləndiririk. Amma qusmalar müxtəlif cür və müxtəlif xarakterdə olur.
Ümumiyyətlə qusmalar 2 cür olur:
1. Fizioloji qusma
2. Patoloji qusma
Bu qusmaları bir-birindən ayırmaq üçün nəyə fikir verilir?
Normal halda körpələrdə qeyri-iradi olaraq mədə möhtəviyyatı qida borusuna və hətta agız boşluguna qədər atılır. Təbii ki,artıq qida yeni doğulmuşların ağız boşluğuna gəldikdə tüpürcəklə yavaşca xaricə atılır. Bəzən isə fəvvarə formasında atılır. Bu mədə divarının hansı təzyiqlə qidanın çıxmasından asılıdır.
Fizioloji qusmanın səbəbləri:
1. Qidalanma düzgün aparılmadıqda. Körpələrin mədə tutumundan artıq qidalandırılması.
2. Mədənin kardial hissəsini fizioloji olaraq 1 yaşa qədər tam inkşaf etməməsi ilə əlaqədardır. Bir yaşdan sonra kardial sfinktor inkşaf etdiyindən qidanın geri atılmasının qarşısını alır. Ona görədə xüsusilə ilk aylarda kardial sfinktor inkşaf etmədiyindən uşaqlar tez-tez qusur.
3. Udma ilə bagırsaq peristaltikası arasında dissonans.
4. Yeni doğulmuşlarda güclü qaz əmələ gəlmənin və koliklərin olması sayəsində. Körpə qidalanan zaman qaz qabarcıqlarının udulması nəticəsində mədədə təzyiq yaranır və buda qusma ilə nəticələnir.
5. Körpələrdə sinir sistemi yüksək həssaslıqlı oldugundan mədə divarı tez spazma meyilli olur.
Diqqətli olun.
Bu səbəblərə baxmayaraq əgər körpə hər ay çəkisini normal artırır və inkşaf normal gedirsə bu qorxulu deyil. Bu o deməkdir ki, uşaq artıq qidanı qaytarır. Əgər əksinə çəki və boy geri qalırsa, sidik ifrazı kəskin azalıbsa,uşaq çox ağlağandırsa və gecələr narahat yatırsa, o zaman həyəncan təbili çalınmalıdır və dərhal pediatra müraciət etmək lazımdır. Çünki qusma bir sıra xəstəliklərin əlamətlərindən biri sayılır. Məs: Mədə bağırsaq sisteminin anomal xəstəlikləri, laktoz çatışmazlığı, infeksion xəstəliklər, qurd invaziyaları, bir sıra nevroloji xəstəliklər və s.
Müəllif: Dr. Afət İbrahimli