Uşağın dünyasında ögey ana

Uşağın dünyasında ögey ana

Ögey ana cəmiyyətdə daha çox neqatif xüsusiyyətləri olan, uşaqlara əziyyət verən, mərhəmət və şəfqət hissindən məhrum olan bir qadın kimi qəbul olunur. Buna səbəb həyatda həqiqətən də belə modellərin olması, həmçinin bəzi kinofilmlərdir. Cəmiyyətdəki bu münasibət bəzən uşaqlara da mənfi təsir göstərir. Xüsusilə, yaşı daha böyük olan uşaqlar bu neqatif münasibətin təsiri ilə ögey analarını həmişə “nəzarət altında saxlamağa” çalışırlar.

Məktəbəqədər dövrdə isə uşaqlar məsələyə daha emosional yanaşırlar. Təbii ki, onların ögey anaya qarşı reaksiyaları da emosional olur. Bu prosesin uşaq üçün asan olmadığını da unutmaq olmaz. Çünki uşaq birdən-birə tanımadığı bir adamla tanış olur və üstəlik, bu adam onun çox sevdiyi, bəlkə də ən sevdiyi bir adamın yerini tutur.
ögey ana olmaqın öhdəlikləri


Bunu qəbul etmək əlbəttə ki, çox çətindir. Ona görə də, uşaqlar ilk mərhələdə (bəzən bu, sonrakı mərhələlərdə də davam edir) ona “ana” deməkdən imtina edirlər. Hətta, ögey ana ilə xoş davranmağı analarına qarşı xəyanət kimi qiymətləndirirlər. Onlara görə evə ögey ananın gəlməsi atalarının onlara qarşı münasibətini də dəyişir. Bəzi uşaqlar isə ögey ananın atası ilə arasına girdiyini düşünürlər. Buna görə də, ilk günlər mütəmadi olaraq müşahidə mövqeyində olurlar.

Nəticədə, hər hansı bir səbəblə bağlı olmasa belə müxtəlif psixoloji problemlər yaşayırlar. Buna görə də, uşaqla empatiya qurmalı və nə hiss etdiyini başa düşməyə çalışmalısınız. Digər tərəfdən, düşdüyü vəziyyətdən asılı olaraq evə ögey ananın nə üçün gəldiyini (boşanma və ya vəfat kimi) başa salmalı, həmçinin, onu hansı gələcəyin gözlədiyini izah etməlisiniz. Əks təqdirdə uşaq bu prosesi ətrafdakıların da təsiri ilə öz içində yaşaya və psixoloji mənada ciddi zərbələrə məruz qala bilər.

Müəllif : Aydan Kərimli
Mənbə :qadinla.com
Top