Qucağa almaqmı almamaqmı?
Adətən analara uşağı qucağa almamasını, əks halda qucağa öyrəşəcəyini deyirlər. Amma yenidoğulmuş uşağın rahatlığı onu tərbiyə etməkdən daha önəmlidir. Körpəyə sevginizi göstərin ki xoşbəxt böyüyə bilsin. Onu qucağınıza aldıqda sizin iyinizi, səsinizi tanıdığı üçün ağlamasını dayandırıb sakitləşəcəkdir. Üstəlik bunun müvəqqəti olduğunu unutmayın, bir müddət sonra sizdən uzaqlaşacaq, böyüdüyü zaman qucaq istəyi olmayacaq. Körpəliyinin dadını çıxarın…
1 aylıq körpənin refleksləri
Yenidoğulmuşların doğuşdan sahib olduqları bir sıra refleksləri vardır. Məsələn əmmə, axtarma refleksi- yanağına və ya dodağının kənarına əlinizi və ya əmziyi toxundurduqda başını və ağzını həmin tərəfə çevirir. Və ya addımlama refleksi və ya el arasında buna dirəşmə də deyirlər – uşağın qoltuqaltından tutub havaya qaldırdıqda yeriyirmiş kimi edəcəkdir, sərt müstəviyə qoyduqda isə ayaqlarını yerə dirəyir.
Burda toxunmaq istədiyim məqam bu refleksin 2-4 ay arasında itməsi və 8-9 ayda uşağın tutub durması ilə yenidən geri dönməsidir. Analar bu refleksle əlaqədar çox müraciət edirlər. 2-4 aydan sonra dirəşməməsindən narahat olurlar. Bu normal haldir. Bir digər refleks tutma refleksidir. Körpənin əlinə hər hansı əşyanı yaxınlaşdırdıqda onu tutur. Bu refleks de digərləri kimi 3-4 ayda sönür və öz istəyi ilə tutma ilə əvəz olunur.
Qısacası 1 aylıq uşaq nələri edir:
Düz səthə uzandırıldıqda başını qısa müddət üçün qaldıra bilər;
15-30 sm məsafədə əşyalara və üzə baxışlarını cəmləyə bilər;
Ağlamaqdan başqa da səslər çıxara bilər (qiğıldamaq);
Öz özünə və ya sizin gülüşünüzə qarşılıq olaraq gülə bilər;
Barmağını əmə bilər;
Üzüüstə uzandıqda başını 90° qaldıra bilər;
Arxasıüstdə uzandıqda yana çevrilməyə cəhd edə bilər.
Dr. Ellada Nagiyeva
tibbdunyasi.com