Ana südü “ideal qida” deyil!

Ana südü “ideal qida” deyil!

Dünyada elə bir ana yoxdur ki, ana südünün övladı üçün necə mühüm bir nemət olduğunu bilməsin. Bəs hər bir ananın bunu bilməsinə, illər boyunca ana südünün təbliğ olunmasına baxmayaraq, niyə analar hələ də övladlarına süni qida verirlər? Doğum evlərinin divarlarından asılan təbliğat posterlərində ana südünün necə əvəzsiz qida olduğu yazılır, ginekoloqlar, pediatrlar analara balalarını əmizdirməyi tövsiyyə edir, ana südünün mühümlüyü haqqında kitablar yazılır, təşkilatlar təsis edilir.

Hətta süni uşaq qidası istehsal edən şirkətlər belə öz məhsullarını reklam edərkən ana südünün uşaqlar üçün ən sağlam qida olduğunu vurğulayırlar. Niyə bütün bunlar anaları ana südü ilə qidalandırmağa inandırmaq və ruhlandırmaq üçün kifayət etmir? Bəlkə ana südünün təbliğində istifadə etdiyimiz dil kifayət qədər qəliz və dolaşıqdır? Dünyada nüfuzlu ana südü təbliğatçısı Diane Wiessinger “Watch your language” (tərcümədə “Danışığımıza nəzər yetirək”) adlı yazısında maraqlı məqamları vurğulayaraq təbliğatda düzgün söz seçimi etməyə çağırır! Görək anaların öz övladlarını əmizdirməyə təşviq etdiyimiz leksikon nədən ibarətdir:

“İdeal qida” – bəlkə də südəmizdirmənin təbliğatında ən çox istifadə etdiyimiz kəlmə budur. Ana südünün ideal olduğunu təbliğ etdiyimiz ana bizə “Hə, nə olsun ki?” dedikdə, cavabımız nə olacaq? Özümüzdən başlayaq. Həyatımızın hansı sahəsində ideallığa can atırıq? Ətrafımızda “ideal” anlayışına uyğun gələn hər hansı bir əşya, insan, möhvum mövcuddurmu? Axı bu dünyada heç bir insanın ideal bir şeyə ehtiyacı yoxdur. Hamilə və ya zahı ana da ideal qida istəmir, “normal” qida ona kifayətdir. Əslində isə, ana südü normal, süni qida isə anormal qidalanma üsuludur. Sadəcə olaraq ana südü ideal dərəcəsinə qaldırıldıqda, süni qida avtomatik olaraq “normal” səviyyəsinə qalxır.

“Üstünlüklər” – bir çox hallarda analara ana südünün üstünlüklərindən bəhs edilir. Bəzən isə ana südü və süni qidanın üstün və mənfi cəhətləri sadalanaraq anadan bir növ öz “seçimini” etməsi tələb olunur. Ana südünün üstünlükləri arasında uşağın nəcisinin xoşagəlməz qoxuya malik olmaması cüzi əhəmiyyətli faktı, süni qidanın “üstünlükləri” arasında isə cəmiyyət içində uşağın qarnını sıxıntı çəkmədən doydurmaq imkanına malik olmaq sadalanır. Nəticədə ana bu kimi əhəmiyyətsiz meyarlar əsasında həyati vacib əhəmiyyət daşıyan bir məsələdə “seçim” etməli olur. Ümumiyyətlə qeyd etmək lazımdır ki, ana südü seçim yox, doğru olan yeganə yoldur. “Daha sağlam” – südəmizdirmə barəsində danışarkən ürəklə südəmər uşaqların daha sağlam olduğunu deyirik. Halbuki, süd əmizdirilən uşaqlar “daha sağlam” yox, SAĞLAMdırlar! Bu bir faktdır və müqayisənin özü kökündən yalnışdır. Südəmizdirməni bir bonus kimi təqdim etmək yox, süni qidalanmanın necə zərərli olduğundan bəhs etmək lazımdır.

“İmmuniteti daha yüksək” – tez-tez eşitdiyimiz bir məsələ də südyeyənlərin immunitetinin süni qida yeyən uşaqlarla müqayisədə daha yüksək olmasıdır. Əslində isə süd əmizdirilən uşağın immuniteti “daha yüksək” yox, normaldır. Süni qida yeyən uşaqların immuniteti isə həmin bu norma ilə müqayisədə zəifdir.

“Ana və uşaqda xərçəng riskini azaldır” – tez-tez internet portallarında süd əmizdirməyin xərçəngə yaxalanma riskini 25% azaltdığı hallanır. Əslində isə, süd əmizdirmək ananı xərçəngdən 75% qoruyur. Artan faizlər isə övladlarını süni qida ilə qidalandıran analarda müşahidə olunur. Yəni düzgün seçilmiş sözlərlə desək, süni qidalandıran ana özünün və körpəsinin xərçəng riskini 25% artırır.

“Uşaqlıq normal ölçüsünə qayıdır” – ana südünün təbliğində bu faktın tez-tez əldə “al bayraq” edilməsinin şahidi oluruq. Məgər övladlarını süni qidalarla qidalandıran anaların uşaqlığı normal ölçüsünə qayıtmır? Süni qida istehsalçıları öz təbliğatlarında süni qidanı az qala ana südünə bərabər tutmuşkən, bizim bu cür yarımifik faktlarla ana südünü təbliğ etməyimiz güclü yanğına qarşı su tapançaları ilə hücuma keçməyə bənzəyir.

“Xüsusi”– analara südəmizdirmənin xüsusi bir proses olduğu, bunun üçün xüsusi bir yer və vaxtın seçilməli olduğu təlqin edilir. Südəmizdirmə prosesini bu cür çətinləşdirmək onsuz da yorğun ananı daha da həvəsdən sala bilər. Çünki, xüsusilik, əziyyət tələb edən bir şeydir. Südəmizdirmə isə xüsusi bir hal yox, gündəlik həyat tərzidir.

“Birinci” – bütün dünyada ana südünün körpələr üçün ən yaxşı qida olduğu, süni qidanın ikinci yaxşı qida olduğu təbliğ edilir. Baxmayaraq ki, dünyanın ən nüfuzlu səhiyyə orqanı olan Ümumdünya Səhiyyə Təşkilatı bu təsnifatla razı deyil.

Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının nizamnaməsinə əsasən körpələrin qidalandırılmasında ierarxiya bu cür olmaldır:
1. Ana südü
2. Ananın öz südünün sağılıb alternativ yollarla körpəyə verilməsi
3. Digər bir ananın (donor) südü
4. Süni qidalar.

Biz bu sıralamanı əzbərləməli və başqalarına təbliğ etməliyik. Ananın öz südündən sonra körpə üçün ən yaxşı qida digər bir ananın südüdür, süni qidaların tərkibindəki quru inək südü yox. Həkimin kabinetində və market rəflərində yüksək məqama sahib olan süni qida isə əmizdirmə ilə bağlı problemlərin ən sonuncu həll yoludur. Bəzi analar digər anaların xasiyyətinin və xəstəliklərinin övladlarına keçəcəyindən ehiyatlanaraq süni qidanı üstün tuturlar. Amma, mənşəyi bəlli olmayan, bir çox hallarda bruselyoz, irinli mastit xəstəliyindən əziyyət çəkən öküzxasiyyətli inəklərin südünü övladlarının qanına yeritməyi isə normal qəbul edirlər. Bir düşünək: əlavə qana ehtiyacı olan bir insan sağ və sağlam qalması üçün qanın dördüncü əvəzləyicisinə üz tutmur. Qan bankına müraciət edərək digər insanların qanından faydalanır və heç bir alim özünə əziyyət verib qanəvəzləyici maddə icad etmir, çünki, başqa insanların qanı bu məsələdə kifayətdir. Qana ehtiyacı olan insanın digər insanların qanından faydalanması üçün xüsusi bir xəstəlikdən əziyyət çəkməsi tələb olunmur, o, sadəcə qan çatışmazlığından əziyyət çəkir. Amma körpənin başqa ananın südünü içməsi üçün onun ilk əvvəl süni qidaya qarşı allergiyası olmalıdır. Beləliklə, sıralamada üçüncü olan əvəzləyicini almaq şərəfinə nail olmaq üçün körpənin orqanizmi ilk əvvəl dördüncüdən imtina etməlidir. Süd banklarının həyatımıza nüfuz etməsi üçün, ilk əvvəl düşüncə tərzimizə və dilimizə nüfuz etməsi lazımdır.

“Günahkar, yoxsa günaha qarşı kar” – son vaxtlar belə bir tendensiya müşahidə etmək olar: biz övladını süni qida ilə qidalandıran anaların özünü günahkar hiss etməməsi üçün bu məsələni müzakirə etməməyə çalışırıq. Axı əgər südəmizdirmə anadan asılı olmayan səbəblərdən baş tutmayıbsa, ana özünü niyə günahkar hiss etməlidir? Bəs əgər ana maarifsizliyi ucbatından övladını bu nemətdən məhrum edirsə necə? Bir gün məlumatsızlığı səbəbi ilə balasını əmizdirmədiyini öyrənən, üsyana qalxan və bu məsələyə görə məsuliyyət daşıyan bütün insanları günahlandıran yüzlərlə ana var. Belə olan halda günahkar olan biz oluruq və ana özünü “günahkar” hiss edər deyə öz günahımıza qarşı gözümüzü kor, qulağımızı kar, dilimizi lal edirik. Axı dünyada yalnız 2-3% qadın həqiqətən əmizdirmək qabiliyyətindən məhrumdur, qalan bütün hallar isə ananın maarifsizliyi və südəmizdirmənin düzgün təşkil olunmaması ucbatından baş verir. Odur ki, analara südəmizdirmənin iki bərabər yoldan biri yox, insan sağlamlığı üçün həyati vacib olan yeganə doğru yol olduğunu təbliğ etmək maarifli insanlar olaraq hər birimizin borcudur.

“Seçimə hörmət” – Valideynliyə dair məqalələrin nəşr olunduğu jurnallardan birində pediatrın bu sözləri qeyd olunub: “Mən xəstəxanada ilk dəfə anaya baş çəkəndə, ondan soruşuram: “Körpəni ana südü ilə qidalandırırsan, yoxsa süni qida ilə? Əgər o desə ki, süni qida ilə, ondan mən digər suallara keçirəm. Valideynlərə dəstək olmaq, onlara bütün seçimlərində dəstək olmaq deməkdir; dərhal onun üstünə şığıyıb dəhşətli bir səhv etdiyini, özünü və uşağını böyük bir şeydən məhrum etdiyini demək nəyə lazımdır”.

Əgər bir cəmiyyətdə 90% ana övladın süni qida ilə qidalandırırsa, yerdə qalan 10% ananın da çoxluğun tərəfinə keçmə ehtimalı var. Əgər vəziyyət əksinə olsa və südəmizdirən anaların sayı çox olsaydı, bu zaman həkimin qərar vermə prosesinə müdaxilə etməməsini hardasa anlamaq olardı. Amma, axı bu gün süni qidalandırma siqaret çəkmək, içki içmək kimi pis vərdişlər siyahısına namizəddir. Halbuki, həkim ananın siqaret çəkdiyini və ya içki içdiyini öyrənsə, onun bu seçiminə “hörmət” etməz və mütləq ona bu vərdişlərdən imtina etməsi ilə bağlı məsləhətlər verər. Bu ikili standartlar kimin xeyrinədir? Əlbəttə ki, həyati seçimlərlə bağlı qərarlar vermək hər kəsin öz işidir. Lakin, bu seçim, insan kifayət qədər məlumatlandırıldıqdan sonra verilməlidir.

“Mədə niyyətli, yoxsa mədəniyyətli” – uşaqların qidalandırılmasından söhbət getdikdə, anaların bəlkə də ən çox eşitdiyi sual körpəsinin süd “yeyib-yemədiyidir”. Halbuki, südəmizdirmə yalnız qarının doydurulmasından ibarət deyil. Odur ki, körpənin “süd yediyini” yox, “əmizdirildiyini” demək daha məqsədəuyğundur. Dünyada heç bir məməli öz balasını yalnız acdığı üçün əmizdirmir. Südəmizdirməni qidalanma ilə bağlayan və bu qidalanma prosesində çətinliklər yaşayan yeganə canlı biz insanlarıq. Analar südəmizdirmə barəsində danışarkən övladını 2 ay əmizdirənlər “2 ay süd yeyib”, 2 il əmizdirənlər isə “2 il əmizdirmişəm” deyir. Çünki, uzun müddət ərzində övladına süd əmizdirən analar südəmizdirməni yalnız uşağın aclığı ilə məhdudlaşdırmır və əsas diqqət ana-bala münasibətlərində cəmlənir. Odur ki, cəmiyyətimizin mədə niyyətli ana südünün təbliğinə yox, südəmizdirmə mədəniyyətinin formalaşdırılmasına ehtiyacı var.

Bu gün yaşadığımız cəmiyyətdə südəmizdirən anaların sayının az olması, qadınların eqoistik şəkildə və ya məcburiyyət qarşısında qalaraq sosial və bioloji emansipasiyaya can atmasından doğan daha bir sosial və texnoloji inqilabın təcəssümüdür. Miniliklər boyunca sağlam qidalar yeyən, lakin, sağlam həyat tərzindən uzaqlaşdıqdan sonra sağlam qidaları “dietik qida”, “pəhriz qidası” adlandıran bu cəmiyyətdə təbii olaraq süni qidalar ana südü kimi rəqibsiz bir nemətə meydan oxuyur. Dünya durduqca ana südünü əvəzləməkdə aciz qalacaq süni qidaların başlatdığı bu informasiya müharibəsində layiqli mübarizə aparmaqda dualarımızla bərabər ən güclü silahımız, dilimizdir. “Söz var kəsər savaşı…” prinsipinə müvafiq olaraq bu nataraz müharibəyə son qoymaq üçün dilimizə nəzər yetirməyin vaxtı çoxdan gəlib çatıbdır.

Hazırladı: Xumar Ərşadlı
Top