Göbək ciyəsi – embrionu, daha sonra dölü bətndə cift vasitəsilə ana orqanizmlə birləşdirən xüsusi bir üzvdür. Onun uzunluğu 50-70 sm və daha artıq ola bilir. Bu da dölün ana bətnində sərbəst hərəkət etməsinə imkan yaratmış olur. Göbək ciyəsinin qalınlığı yeni doğulmuşda 2 sm olur. Bu müvəqqəti orqan karbon qazı, metobolizm maddələrilə zəngin qanı ciftə çatdırır. Doğuşdan sonra kəsilərək göbək büküşünün əmələ gəlməsində iştirak edir.
Cift və göbək ciyəsi, belə desək körpənin xarici qan dövranı sistemidir. Körpə anadan olandan sonra onun qanının təxminən üçdə bir hissəsi hələ də xarici qan dövranı sistemində mövcud olur. Lakin doğuşdan sonra bu qan körpənin bədəninə yol tapır. Amma göbək ciyəsinin doğuşdan dərhal sonra kəsilməsi qanın körpənin bədəninə köçməsi prosesə mane olur. Göbək ciyəsinin tez bir zamanda kəsilməsi praktikası 1960-cı illərin standartlarına uyğundur. Həmin dövrdə tibb hesab edirdi ki, tezliklə kəsilən göbək ciyəsi analarda doğuşsonrası qanxamaları azalda bilər. Sonralar aparılan araşdırmalar isə bunu təsdiq etməsə də bu praktika hələ də davam etməkdədir.
Ümumdünya Səhiyyə Təşkilatı 1-3 dəqiqə, The Royal College of Midwives 3-5 dəqiqə, The International Childbirth Education Association isə göbək ciyəsində nəbzin vurub qurtardığı zaman, hətta ciftin ana bətnindən çıxdığı vaxta kimi gözləməyi tövsiyyə edirlər.
Mütəxəssislər analara doğuşda iştirak edən tibb işçiləri ilə öncədən göbək ciyəsinin daha gec kəsilməsini müzakirə etməyi və öncədən razılaşmağı tövsiyyə edirlər.
Göbək ciyəsinin kəsilməsinin gecikdirilməsinin əsas 5 faydası mövcuddur:
1. Körpələrdə anemia riskinin azalması və dəmir ehtiyatının təmini.
2. Qan həcminin artması və sağlam laxtalanma qabiliyyəti.
3. Ürək və ağciyər sistemlərinin əngəlsiz tənzimlənməsi.
4. İmmun, tənəffüs, mərkəzi sinir və ürək-damar sistemlərinin bünövrəsi olan hüceyrələrin səviyyəsinin artması.
5. Vaxtından öncə doğulan körpələrin ölüm və ağırlaşma riskinin azalması.
Mənbə: www.mommypotamus.com