Çeynəmə

Çeynəmə

Uşaq çeynəməyi necə öyrənir? Uşağa nəinki qaşıqdan və stəkandan istifadə etməyi öyrətmək, onu təzə yeməklərə alışdırmaq, həm də ona yeməyi çeynəməyi də öyrətmək lazımdır. Bunu müəyyən bir plan üzrə öyrətmək lazımdır, çünki bəzi uşaqlar çeynəməyi çətin vərdiş edirlər. Bir çox uşaqlar bütün dişlərinin çıxmasına baxmayaraq, ancaq əzilmiş yeməyi xoşlayırlar. Bəzi uşaqlar məktəb yaşına çatana qədər çeynəmək lazım gələn yeməyi yemirlər, yaxud onu çeynəmədən udurlar. Uşaq yeməyi lazımınca çeynəməsə pis inkişaf edər və dişləri çıxmaz. Uşağa çeynəməyi vaxtında öyrətməklə belə halların qarşısını almaq olar.
Uşaq 7-8 aylıqda qarnı üstə çevrilə bilirsə və bu vəziyyətdə uzana bilirsə, ona çeynəməyə çörəyin qabığını vermək olar. Əvvəlcə çörəyin qabığını çörəyin içi ilə birlikdə vermək lazımdır. Uşaqların çoxu diş çıxıb-çixmamasından asılı olmayaraq çörəyin qabığını əlinə götürüb sorur və çeynəyir.
Fikir vermək lazımdır ki, hələ otura bilməyən uşaq qarnı üstə uzanıb çeynəsin. Həmçinin lazımdır ki, uşaq ağzına iri tikə qoymasın. Uşaq qarnı üstə uzanıbsa, heç bir xoşagəlməz hadisə baş verməz. Doğrudur, uşaq tikəni gəyirə bilər, lakin bu vaxt çörək ağzından çıxar yaxud uşaq onu tüpürər. Uşaq arxası üstə uzanıbsa çörək tikəsi tənəffüs yollarına gedər və uşaq boğula bilər.
Südəmər uşağa hansı tikəni dişləmək lazım gəldiyini və onun əvvəlcə sorduğu qabığı sonra necə çeynəmək lazım gəldiyini göstərmək lazımdır.
Uşağa çeynəmək üçün nə verməli? Çeynəmənin yeməklə bir vaxta düşməsinə çalışmaq lazımdır. Uşaq yedizdirməyə bir neçə dəqiqə qalmış əlinə çörəyin qabığını vermək və onu uşağa 5-10 dəqiqə çeynətmək lazımdır. Uşağı yedizdirməyə başlamamışdan əvvəl qabığın qalan hissəsini onun əlindən götürməlidir. Uşaqlar azca çörək yedikdən sonra daha həvəslə çay içirlər.
Çörək qabığı verilən südəmər uşağa yumşaq meyvələrdən kəsib vermək də olar (məsələn, şaftalı və ya armud). Uşağın dişi çıxdıqdan sonra ona tədricən meyvələri əzmədən vermək lazımdır: 9-10 aylıq uşağa almanı kəsib vermək olar. Bu, irəliyə atılan daha bir addımdır, çünki alma çörək və ya şaftalı kimi ağızda asan əzilmir, onu tez-tez çeynəmək lazım gəlir. Südəmər uşağa almanı doğrayıb verməkdənsə qabığını soyub bütöv vermək yaxşıdır.
Uşağın 4 azı dişi çıxdıqda tərəvəzi doğrayıb vermək olar, o bu dişləri ilə sıyıq yeməyi çeynəyir.
Uşağa birdən-birə sıyıq yeməyi tikə-tikə doğranmış yeməklə əvəz etmək olmaz, belə ki, çox vaxt uşaq dişi çıxmış olsa belə bu cür yeməyi yemir.
Ən yaxşısı, xırda-xırda doğranmış yeməyin üzərində 1-2 tikə bişmiş tərəvəz qoymaqdır, bu tikələr yumşaq olmalıdır, lakin elə də olmasın ki, uşaq bunları çeynəmədən udsun. Adətən uşaqlar bu şəkildə tərəvəzi həvəslə çeynəyirlər. Sonralar uşaq daha yaxşı çeynəyir, onda heç bir çətinlik olmadan sıyıq yeməyi tikə yeməklə əvəz etmək olar.
Bəzi analar əzilmiş yeməyi tədricən çəngəllə əzilmiş yeməklə əvəz edib tikə yeməyə keçirlər, sonralar yeməyi getdikcə az əzirlər ki, uşaq bu fərqi görməsin. Təzə yeməyə bu cür keçmək düzgün deyil. Uşaq əslində fərqi görmür və tərəvəzi çeynəmədən udur. Beləliklə, uşaq çeynəməyə, iri tikələri udmağa adət edir; bu uşaqlar sonralar çox çətinliklə çeynəməyi vərdiş edirlər.
Tikələri çeynəmədən udan uşaqlar o biri uşaqlardan qat-qat çox yeyirlər, çünki yeməyin xeyli hissəsi həzm olunmayıb bağırsaqlardan çıxır, həmçinin uşağın azı dişləri çıxana qədər ona tikə yemək verdikdə də belə olur.
Uşağın tərəvəz və meyvələri tikə-tikə yeməsi də hələ onun yaxşı çeynəməsini göstərmir.
2 yaşına yaxın əksər uşaqların qapalı diş sırası (ən azı 16 diş) əmələ gəlir: uşaq yumşaq çörəyi, bişmiş tərəvəzi və yumşaq meyvələri yaxşı çeynəyir. İndi ona çeynəməyə daha bərk şey (bərk alma sortları, çiy yerkökü, kələm və s.) vermək olar. Uşaq bu yaşda əti də yaxşı çeynəyə bilər.
Uşağa yeməkdən sonra meyvə çeynəməyi öyrətmək. mümkün olsa, çox yaxşıdır (şirniyyat əvəzinə). Uşaqlar şirniyyat kimi meyvələrə də tez öyrəşirlər. Çeynəmə prosesi dişləri möhkəmlədir: uşaq yeməkdən sonra meyvə yedikdə dişləri yemək qalığından təmizlənir.
Yaxşı çeynəyən uşaqlar da qırmızı və ya qara qarağat gilələrini, göynoxudu və s. bütöv udurlar. Çox vaxt 1.5-2 yaşında uşaqlar belə edirlər. Buna görə də hansı yeməyi əzilmiş halda və hansı yeməyi tikə-tikə verməyi qərara almamışdan əvvəl təkcə uşağın dişlərini saymaq kifayət deyil, onun nəcisinə baxıb hansı qidanı çeynədiyini, hansını isə çeynəməyib udduğunu təyin etmək lazımdır.
Mənbə Ananın məlumat kitabı
Müəllif Laslo Maqda,Peterno Pikler Emmi
Top