İlkin ana südü ("ağuz südü")

İlkin ana südü ("ağuz südü")

İlkin ana südü («ağuz südü», «molozivo») ananın süd vəzilərindən uşaq dünyaya gəldikdən dərhal sonra bir neçə gün ərzində ifraz olunan süddür.

İlkin ana südü uşaq doğulduqdan 3-5 gündən sonra yetkin ana südü ilə əvəz olunur.

İlkin süd adi südə məxsus olan rəngdə olmur. Onun rəngi daha çox parlaq-sarı, hətta narıncı olur (yetkin ana südü göyümtül rəngdədir). İlkin süd yetkin ana südü ilə müqayisədə daha qatı olur və onun tərkibindəki qida və digər faydalı maddələrinin miqdarı daha çox olur.

İlkin süd immun hüceyrələri ilə (leykositlər, anticisimlər) çox zəngindir. Məhz buna görə həkimlər ilkin südü uşağın aldığı ilkin peyvənd kimi də dəyərləndirirlər. İlkin südün zəngin olduğu A sinfi immunoqlobulinləri uşaq orqanizmində infeksiyaların asanlıqla daxil ola biləcəyi ən zəif yerlərin — əsnəyin, udlağın, ağ ciyərlərin, mədə-bağırsaq traktının selikli qişalarını onların zərərli təsirindən qoruyur.

İlkin südün həcmi adətən çox olmur. Doğuşdan bilavasitə sonra, körpə ananın döş giləsini ilk dəfə əmərkən təxminən 1 çay qaşığı həcmində ilkin süd sorur. Bu, isə onun orqanizmində təhlükəli infeksiyaların inkişaf etməsi təhlükəsinin azaldılması üçün kifayət edir.

Ağuz südü həmçinin müxtəlif oliqosaxaridlərlə də (onların digər adı “prebiotiklərdir”) çox zəngin olur. Prebiotiklər isə xeyirli bağırsaq mikroflorası üçün qida mənbəyi rolunu oynayır və onların sayının artmasına köməklik edir. Xeyirli bağırsaq mikroflorası isə öz növbəsində, bir tərəfdən, uşağın bağırsaqlarını müxtəlif infeksiyaların zərərli təsirindən qoruyur, digər tərəfdən isə, uşaq orqanizmi tərəfindən xeyirli qida maddələrinin — vitaminlərin və mineralların mənimsənilməsində iştirak edir.

İlkin süd körpənin həzm sisteminin selikli qişasını sanki qoruyucu «pərdə» ilə örtərək, onu, yetkin ana südü ilə əmizdirilməyə və qəbul edilən südün mənilsənilməsinə hazırlayır.

Bəzi vitaminlərin səviyyəsinə görə (A, E) ilkin süd, yetkin ana südünə nisbətən, daha zəngin olur.

Bütün bu deyilənlərdən başqa, ilkin süd yüngül işlədici təsirə də malikdir. Bunun müsbət təsiri sayəsində uşağın bağırsağı tez bir zamanda mekonidən (doğuşa qədər uşağın bağırsağında toplanmış olan nəcis) təmizlənir. Bu zaman uşağın bağırsağı artıq bilirubindən də azad olur ki, bu da körpədə patoloji sarılığın yaranmasının qarşısını alır. Məhz buna görədir ki, həkimlər, sarılığı olan uşaqları daha tez-tez əmizdirməyi məsləhət görürlər. Ana südü, bütün dərmanlarla müqayisədə sarılıq ilə daha yaxşı mübarizə aparır.

saglamolun.az
Top