Uşaq nə vaxt danışmağa başlamalıdır

Uşaq nə vaxt danışmağa başlamalıdır

1 yaşında olan uşaq təxminən 10 sadə söz deməyə bacarmalıdır (məsələn, ana, ata, nənə, baba, bəbə, ver, tut və s.) və təxminən 20 əşyanın və hərəkətin adını bilməlidir (top, kukla, «soska», gəzmək, çimmək və s.).

Uşaq öz adını bilməli, ona müraciət olunan nitqi başa düşməli və ona reaksiya verməlidir. Məsələn, böyüklər «kukla (top, maşın və s.) hanı?» dedikdə, uşaq bu əşyalara tərəf baxmalıdır, böyüklər "əlini ver" dedikdə, uşaq ona əlini uzatmalıdır və s. (digər hərəkətlər də ola bilər).

2 yaşında olan uşaq artıq qısa cümlələri qurmalıdır, danışıqda əvəzliklərdən (mən, o, sən), sifətlərdən (uzun, böyük, balaca, gözəl və s.) istifadə etməlidir. Bu yaşda olan uşaq fəal şəkildə ən azı 50 söz istifadə etməlidir (mütəxəssislər bu yaşda olan uşaqda 100 sözə qədər eşitmək istəyirlər).

2,5 yaşına qədər uşaq «uşaq dilində» danışa bilər — məsələn, "çim-çim" (çimmək), «am-am» (it), «bə-bə» (uşaq) və s. Daha sonra uşağın nitqi tədricən böyüklərin nitqinə bənzəməyə başlamalıdır. Əgər 3 yaşlı uşaq «uşaq dilində» danışmağa davam edirsə, mütləq həkimə müraciət edin.
3 yaşında olan uşaq artıq cümlələri düzgün qurmalı, 200-300 söz istifadə etməli, suallar verməyə, şeirlər və qisa nağıllar («Qoğal», «Turp nağılı» və s.) danışmağa bacarmalıdır, cümlələrdə fəal şəkildə əvəzliklərdən, sifətlərdən və zərflərdən (çox, az, tez və s.) istifadə etməlidir.

Əgər 3 yaşlı uşağın nitqinin inkişafını qiymətləndirmək istəyirsinizsə, onu uşağa tanış olmayan insanın yanında danışdırın. Əgər yad insan uşağın nitqinin 75%-ni (əksər hissəsini) başa düşürsə, uşaq sərbəst şəkildə dialoqda iştirak edirsə, bu o deməkdir ki, uşağın nitqi normal inkişaf edir.
Təbii ki, sadaladığımız bütün bu normalar nisbidir. Əgər sizin uşağınız 1 yaşında 10 deyil, 7 söz deyirsə, narahat olmağa dəyməz. Lakin əgər ləngim daha ciddidirsə (aşağıda bu haqda məlumat var), mütləq vaxt itirmədən mütəxəssislərə müraciət edin.

Nitqin inkişafında uşağın cinsi də böyük rol oynayır. Belə ki, qızlar oğlanlarla müqayisədə daha tez və fəal danışmağa başlayır. Bu oğlanların bəzi fizioloji xüsusiyyətləri ilə izah olunur.

Lakin oğlan uşaqlarının valideynlərini bu heç də lazım olandan artıq arxayın etməməlidir. Məsələ burasındadır ki, nitq inkişafının problemləri ilə oğlanlar qızlarla müqayisədə daha tez-tez üzləşir. Məsələn, kəkəlləyən uşaqların arasında oğlanlar qızlardan 2 dəfə çoxdur. Dizartriyası (uşağın nitqi ətrafdakılar tərəfindən başa düşülmür) olan uşaqların arasında oğlanların sayı qızlarla müqayisədə 3 dəfə çoxdur.

Bu səbəbdən əgər uşağınızın nitqi ləngiyirsə, mütlər defektoloqa və nevropatoloqa müraciət edin. Bir çox valideynlər fikirləşir ki, nitq problemləri ilə loqoped məşğul olur. Lakin bu yalnız qismən belədir. Loqoped danışan uşağın nitqində olan bəzi problemlərin həlli ilə (kəkəlləmə, «r», «l», "ş", «j» səslərin düzgün tələffüzü və s.) məşğul olur və adətən loqopedlər uşaqlarla 4-5 yaşından başlayaraq məşğul olmağa başlayır.

Defektoloqlar məhz nitq inkişafının pozulmaları olan uşaqlarla 2 yaşından başlayaraq məşğul olur və məhz defektoloqlar xüsusi metodikaların köməyi ilə uşağın yaddaşını, diqqətini, təfəkkürünü, nitqini inkişaf edirlər.

Nə zaman uşaqda nitqin inkişafının ləngiməsindən şübhələnmək olar?

— 4 aylıq uşaq gülümsəmir, ona mürciət etdikdə heç bir reaksiya vermir.

— 8-9 aylıq uşaq hecaları təkrarlamağa çalışmır (ba-ba-ba, ma-ma-ma və s.), az səslər çıxardır.

— 1,5 yaşlı uşaq «ana», «ver», «nənə» və s. kimi sadə sözləri demir, adi cümlələri («kukla hanı?», «ana hanı?» və s.) başa düşmür, öz adına reaksiya vermir.

— 2 yaşında olan uşaq yalnız bir neçə söz istifadə edir və yeni sözləri öyrənməyə cəhd etmir.

— 2,5 yaşında olan uşaq adi cümlələri (məsələn, «ana, su ver», «mən yemək istəyirəm» və s.) qurmağa bacarmır, ətrafda olan əşyaların və bədən özvlərin adlarını bilmir, onları göstərmir, adi xahişi yerinə yetirə bilmir («kukla gətir», «top gətir», "əlini ver" və s.), 20 sözdən az istifadə edir.

— 3 yaşlı uşağın nitqini hətta valideynləri çətinliklə başa düşür, uşaq həddən artıq tez və ya əksinə çox asta-asta danışır, sözləri çox uzadır.

— 3 yaşlı uşaq əsasən cizgi filmlərin qərhrəmanlarının cümlələri ilə danışır, özü sərbəst çəkildə cümlələri qurmur.

Beləliklə, əgər siz uşağınızda nitq inkişafının ləngiməsi simptomlarını görürsünüzsə, mütləq defektoloqa və nevropatoloqa müraciət edin. İlk növbədə belə uşaqların eşitmə qabiliyyəti yoxlanılmalıdır. Eşidməyən və ya pis eşidən uşağın nitqində də ciddi problemlər olacaq.

Daha sonra lazım olduqda həkim uşağı digər müayinələrə (neyrosonoqrafiya, MRT və s.) göndərə bilər. Pozulmanın səbəbi təyin olunduqda, uşağa xüsusi müalicə təyin olunur. Müalicə ilə yanaşı uşaqla defektoloq məşğul olur.

Bəzi hallarda valideynlər həkimlərə çox gec müraciət edir və bunu irsiyyətlə izah edir (məsələn, «uşağın yaxın qohumları arasında gec danışanlar çoxdur, ona görə də biz tələsmirdik, gözləyirdik, nə vaxt özü danışacaq»). Lakin bu səhv fikirdir. Əksinə əgər yaxın qohumlarınız arasında bu pozulma varsa, bu o deməkdir ki, sizin uşağınızda da buna genetik meyillilik var. Nəsldən nəslə bu pozulma daha ağır formaları ala bilər. Beləliklə, irsiyyatda nitq inkişafının pozulmaları olan uşağın valideynləri daha diqqətli olmalı və bu pozulmaların ilk simptomlarında (gözləmədən!) həkimlərə müraciət etməlidir. Bu pozulmaların müalicəsi nə qədər tez başlayarsa, nəticə də bir o qədər yaxşı olacaq.

Əgər 6 yaşında olan uşağın nitqi, demək olar, inkişaf etməyibsə, onu danışmağa öyrətmək ehtimalı 0,2% təşkil edir.
Top