Uşaqlarda bir sıra zərərli vərdişlərə rast gəlmək olur. Bunlar ən çox vaxtında və kifayət qədər qida almayan, başqa sözlə ac qalan uşaqlarda, suni qida ilə qidalanan körpələrdə müşahidə edilir.
Kiçik yaşlı uşaqlarda zərərli vərdişlərdən: baş barmağı, bir neçə barmağı, dili, əmziyi, dodaqları, yanağı sormaq, dırnağı, yad cisimləri dişləmək, yuxu zamanı başı düzgün qoymamaq, yumruğu üzün altında qoymaq və s. hallarına daha tez-tez rast gəlinir. Diş-çənə sisteminin formalaşdığı dövrdə vərdişlər uzun müddət davam etdikdə diş sıralarının deformasiyasına səbəb olur.
Barmağın və bir neçə barmağın sorulması, barmağın hansı vəziyyətdə sorulmasından və sorulma müddətindən asılı olaraq üst və alt çənənin normal inkişafını pozur. Nəticədə diş sıraları deformasiyaya uğrayır. Barmaqların sorulması zamanı nəfəs ağızla alındığına görə yüksək damağın əmələ gəlməsi, burun çəpərinin əyilməsi üçündə şərait yaradır.
Uşaq başını arxaya doğru əyərək yatmağa vərdiş etdikdə uşağın alt çənəsi inkişafdan qalır. Əksinə başını sinəsinə sıxaraq yatdıqda alt çənə daha çox irəli çıxır.
Yatarkən uşaq yumruğunu yanağı altında qoyursa belə uşaqların çənə sümüklərinin simmetrik inkişafı pozulur və çəp dişlərin yaranmasına səbəb olur.
Dili dişlərin arasında sıxmaq vərdişi üst diş sırası ilə alt diş sırası arasında boşluq yaranmasına gətirib çıxarır. Barmaqları, yanağı, müxtəlif əşyaları həmişə çənənin bir tərəfində sormaq, dişləmək vərdişi çənələrin assimetrik inkişafına, onların deformasiyasına getirib çıxarır. Bu hal açıq və ya çəp dişlər əmələ gətirir.
Aparılmış müayinələrdən məlum olmuşdur ki, 4-5 yaşlı uşaqların 40%-i bu və ya digər zərərli vərdişlərə malikdir. Və onların 70-75%-də müxtəlif diş-çənə anamaliyaları müşahidə edilir.
Zərərli vərdişlərin diş-çənə sisteminə mənfi təsiri ilk vaxtlarda az nəzərə çarpır. Bu mərhələdə onlar tərgidilməsə proses dərinləşir və nəticədə diş-çənə deformasiyaları aydın görünməyə başlayır. Odur ki, uşaqlarda zərərli vərdişlərin olduğunu gördükdə elə ilk vaxtlardan onun tərgidilməsinə çalışmalı və belə uşaqları diqqət mərkəzində saxlamalıyıq.