Uşağa yeni yeməyi necə öyrətməli

Uşağa yeni yeməyi necə öyrətməli

Südəmər və balaca uşaqları yeni yeməyə necə alışdırmanın ana üçün çox böyük əhəmiyyəti vardır. Yeni doğulmuş uşağa əmməyi öyrətmək lazım gəlmir, bu anadangəlmə instinktdir. Vaxtından əvvəl doğulmuş uşaqlar birinci günlər və ya həftələr əmə bilmirlər, lakin sonralar uşaq bir az böyüyüb bərkiyəndə, döşü əmməyə başlayır.

Uşağı ana südünün dadına öyrətmək lazım gəlmir, çünki ana südü yeni doğulmuş uşaqların hamısının xoşuna gəlir. Lakin südəmər uşaqlara qaşıqdan və stəkandan istifadə etməyi öyrətmək, onları yeni yeməklərə alışdırmaq lazım gəlir. Elə etmək lazımdır ki, gözlənilən səmərənin əksi alınmasın və uşağın yemək həvəsi ölməsin. Təlim nəticəsində uşaq «yeni» yeməyi həvəslə götürsün.

Acmış südəmər uşağa azca yeni yemək və ya yeni təmli maye verib xoşuna gəlib-gəlmədiyinə baxmaq lazımdır. Xoşuna gəlibsə lazımi miqdara çatana qədər gündən-günə artırmaq olar.

Yeməyin uşağın xoşuna gəlib-gəlmədiyini necə bilməli? Bunu hələ yeni doğulmuş uşaqlarda təyin etmək olar: yemək uşağın xoşuna gəlibsə, ağzını marçıldadıb bərkdən sorur, xoşuna gəlməyibsə ağzını açıb yeməyi dili ilə ağzından çıxarır yaxud xoşlamadığı yemək verilən qaşığı görəndə üzünü çevirir. Bəzən ac uşaq bu yeməyi acgözlüklə sorur, sonra isə üzünü turşudub ağzından çıxarır. Yemək heç xoşuna gəlməyibsə ağlamağa başlayır. Beləliklə, yeni doğulmuş uşaqlar, hətta vaxtından əvvəl doğulmuş uşaqlar da bu və ya başqa bir yeməyin xoşlarına gəlib-gəlmədiyini aydın bildirirlər.

Yeni yemək uşağın xoşuna gəlmədikdə nə etməli? Daha həssas uşaqlar yeni yeməyi qəti rədd edirlər, bundan başqa onlar başqa cür hazırlanmış həmişə sevimli yeməyi də rədd edirlər. Adətən iştahla yeyən südəmər uşaqlar da bəzən belə edirlər.
Heç vaxt uşağa yeməyi zorla verməyin. Lakin uşağın hər hansı bir yeməyi birinci dəfə rədd etdiyini görüb arxayın olmaq da yaramaz. Uşağın nə üçün bu yeməyi istəmə­diyini aydınlaşdırmaq və mümkün qədər həmin səbəbi aradan qaldırmaq lazımdır. Yeməyin nəinki hazırlanması qaydasının, həmçinin uşağın vərdişinin, habelə fərdi zövqünün də çox böyük əhəmiyyəti vardır.
Böyük adam bu və ya digər yeməkdə nəyin xoşuna gəlmədiyini bilir. Südəmər uşaq isə bunları bilmir, buna görə də ana nə üçün yeməyin onun xoşuna gəlmədiyini özü təyin etməlidir.

Uşaq yeməyi çox vaxt niyə rədd edir? Bəzi südəmər uşaqlar şirin yeməkləri xoşlayırlar. Şirin olmayan hər şeyi ağzından çıxarırlar (məsələn, çay şirin olmadıqda). Bəzi uşaqlar körpəlikdən azca turş şeyi (məsələn, bir-iki damcı limon suyu tökülmüş çayı) xoşlayırlar.
Bəzən uşaq müəyyən yeməklərin (kələm, yerkökü, ət) dadını xoşlamır. Lakin o kələmdən, ətdən və s. bişirilmiş bütün yeməkləri rədd etmir. Bəzən isə elə olur ki, uşaq yerkökünü çiy halda xoşlayır, bişirdikdə isə xoşlamır Bəzən də uşaq yeni yeməyi ona görə xoşlamır ki, o yaxşı əzilməmişdir və ağzına iri tikə düşüb ürəyini bulandırır və ya qusdurur. Bəzən də uşağı həmişəki vaxtda yedizdirmədikdə yaxud onu anası yox, başqa bir adam yedizdirdikdə yemək istəmir və s.
Ana uşağa diqqətlə fikir verib onun bu və ya başqa bir yeməyi niyə yemək istəmədiyini aydınlaşdırmalıdır. Məsələn, uşaq şirin alma sıyığını xoşlamırsa, ona turş alma sıyığı vermək olar. Adətən südəmər uşaqlar yeni yeməyi görəndə şıltaqlıq edirlər. Lakin uşaq almanın dadına öyrəşibsə sonralar hər cür almanı həvəslə yeyəcəkdir. Həmçinin qalan meyvələri və tərəvəzi də.
Ana yeməyin uşağın yaşına uyğun hazırlanmasına fikir verməlidir. Südəmər uşağa sıyıq yemək vermək vaxtı çatanda, onu həm qatı, həm də duru bişirmək olar, lakin lap sup kimi durulaşdırmaq olmaz.

Uşağın dadbilmə qabiliyyətini inkişaf etdirmək imkanları. Bir çox analar böyüklərin şəkərsiz yediyi bəzi şeyləri (məsələn, ispanaq) uşaq böyüyəndə də ancaq şəkərlə yeyəcəyindən qorxub uşaqların bəzi yeməklərinə şəkər qatmırlar. Lakin ana sonralar şəkəri tədricən azaltdıqda südəmər uşaqların çoxu şəkər qatılmış yeməkdən asanlıqla əl çəkir.
Uşaqlar çox nadir hallarda ailənin başqa üzvlərindən fərqli olaraq şirin yemək istəyirlər. Bu, xalis fərdi zövqdür və buna mane olmaq lazım deyil. Böyük adamın, ümumiyyətlə, şirin şey xoşlamaması və yeməməsindənsə uşağın hər cür şirin şeyi iştaha ilə yeməsi daha faydalıdır. Ana yadda saxlamalıdır ki, şəkərin normada verilməsi uşağa heç bir zərər yetirmir.
Bəzi analar uşağın istədiyi yeməyi verməyə qorxurlar ki, ərköyün olar. Onlar elə bilirlər ki, uşağın istədiyinə əməl edilsə, o gələcəkdə şıltaq və vasvası olar. Çünki onlar elə bilirlər ki, südəmər uşaq dad bilmir, bu onun ancaq şıltağıdır.
Hər bir uşağın özünün anadangəlmə dadbilmə qabiliyyəti vardır, bu ilk gündən özünü bildirir: yeni doğulmuş bir uşaq çayı şəkərsiz içir, o biri uşaq isə ancaq şirin çay içir. Bu xüsusiyyəti nəzərə almaq lazımdır. Uşaq düzgün tərbiyə olunarsa yeməyə qarşı vasvası olmayacaqdır.
Anadangəlmə dadbilmə daimi və dəyişməz xüsusiyyət deyil: dadbilmə qabiliyyətinə təsir edib onu inkişaf etdirmək lazımdır. Uşağın gələcəkdə hansı yeməyi xoşlayacağı tərbiyədən asılıdır. Uşağı düzgün tərbiyə etmədikdə və onu zorla yedizdirdikdə bəzi yeməklərə qarşı onda ikrah hissi əmələ gələcəkdir. Uşağı düzgün tərbiyə etdikdə o gələcəkdə bütün yeməkləri həvəslə yeyəcəkdir.
Deməli, vərdiş və fərdi dadbilmə qabiliyyəti vardır.
Çox vaxt eyni ailədə tərbiyə almış uşaqlardan biri müəyyən bir şeyi həvəslə yeyir, o biri uşaqlar isə bunu xoşlamırlar.

Mənbə Ananın məlumat kitabı
Müəllif Laslo Maqda,Peterno Pikler Emmi

Top