Körpənin bələnməsi və geyindirilməsi

Körpənin bələnməsi və geyindirilməsi

Körpənin birinci paltarı əlbəttə ki, uşaq bezi və bələkdir. Bələyə gəlincə, yaxşı olar ki, hava isti olanda nazik parça bələklərdən, soyuq havada isə flanel bələklərdən istifadə edəsiniz.

Yenidoğulmuş uşaqlar həyatının ilk günlərində əl və ayaqlarını elə vəziyyətdə saxlayırlar ki, sanki bununla onları necə bələmək lazım olduğunu özləri göstərir. Buna görə uşaqlara qoruyucu qolcuqları olan koftalar geyindirir, bədənin aşağı hissəsinə birdəfəlik bez qoyub əsgi ilə bələyirlər. Uşağın ayaqlarını bərk dartmırlar. 2 aylığından başlayaraq uşağa çiynində bağları olan kombinezonlar geyindirə bilərsiniz.

Həkimlər ilk günlərdən başlayaraq geniş bələmə tərəfdarlarıdır. Bu zaman uşağın ayaqları yarımaçıq, rahat vəziyyətdə olur və bud-çanaq oynağı düzgün inkişaf edir.

Uşaq sakitdirsə, onun əllərini bələməmək də olar. Əgər uşaq narahat yatırsa və əllərinin öz-özünə əmələ gələn hərəkətləri ilə özü özünü oyadacaqsa, onda əllərini də bələmək lazımdır.

Körpənin paltarlarının tikişi bayır üzdən olmalıdır ki, tikişlər dərini zədələməsin. Uşaq paltarları körpə üçün rahat olmalıdır. Təbii parçadan (pambıq) geyindirib-soyundurmada asan, gen qollar və enli yaxud düymələnən boyunluq seçimin əsas şərtləri olmalıdır.

Körpənin əynini vacib olduqda dəyişin, həm də yeməkdən sonra yox, əvvəl. Yemək zamanı və sonra qusma hallarının ola biləcəyini nəzərə alıb böyük önlükdən istifadə edin. Körpəni düz səth üzərində geyindirin. Bu, bələmək üçün masa, düz yataq ola bilər. Belə vəziyyətdə körpəylə söhbət edin, əl altında oyuncaqlar da ola bilər. Bu, körpənin fikrini narahatçılıqdan yayındırar və sizin ünsiyyətinizi asanlaşdırar. Körpəni əlavə olaraq qalın geyindirməyin. Belə hal körpənin isitməsinə gətirib çıxara bilər ki, bu da onun üçün təhlükəlidir, eyni zamanda bədənin möhkəmlənməsinə də mane ola bilər.

Uşaqların əsgilərini uşaq sabunu və ya xüsusi uşaq üçün nəzərdə tutulan yuyucu vasitələri ilə yumaq lazımdır. 1 ayına qədər əsgilər mütləq əzicidən keçirilmiş uşaq sabunu və ya xüsusi vasitələr qatılmış suda 15 dəqiqə qaynadılmalıdır. 1 aylığından sonra əsgilər paltaryuyan maşında yuyula bilər. Bu zaman əsgilər yaxşıca suya çəkilməlidir və sonra qaynar ütü ilə hər iki tərəfdən ütülənməlidir.

Hal-hazırda geniş şəkildə tətbiq olunan birdəfəlik uşaq bezləri uşaq üçün çox rahat, istifadə üçün çox əlverişlidir. Anaları çit pambıq bezlərə üstünlük verən uşaqlardan fərqli olaraq birdəfəlik bezlər geyindirilən uşaqlar, bədən səpgilərindən əziyyət çəkmirlər. Birdəfəlik bezlər islanan və ya çirklənən zaman, eləcə də uşaq yatmazdan əvvəl və ayılandan sonra, yedizdirmədən və gəzintiyə çıxarılandan qabaq dəyişdirilir.

Hər dəfə nəcis ifrazından sonra uşaq yuyulmalı (hər dəfə yuyucu vasitələrdən istifadə etmək vacib deyil), yumşaq dəsmalla və ya salfetlə silinməli, sonra isə birdəfəlik bez geyindirilməlidir.

Mənbə: saglamolun.az
Top