Analar körpələrinin doğumundan dərhal sonra onların inkişaflarını böyük bir həyəcanla izləməyə başlayırlar, öz körpələrinin inkişafını ətraflarındakı digər körpələrinkilə müqayisə edirlər. Körpənin inkişafının sağlam olduğundan əmin olmaq istəyirlər. Ancaq bilmək lazımdır ki, hər körpənin bəzi ümumi normalar istisna olmaqla öz təbiətinə uyğun bir inkişaf sürəti olur. Həmçinin qeyd edək ki, inkişaf sürətləri qız və oğlanlar üçün fərqlidir. Ümumiyyətlə körpələrin inkişaf dövrlərini aşağıdakı kimi qruplaşdırmaq olar:
Doğumdan sonrakı ilk aylar:
Yeni doğan bir körpənin inkişafı çox sürətli gedir. Az qala ilk iki həftədən sonra körpənizin üzünüzə maraq ilə baxdığını görərsiniz. 6-cı həftəsində körpəniz artıq sizi tanımağa və sizə gülümsəməyə başlayacaq. Eyni zamanda artıq körpənizin ağlama səbəblərini başa düşə biləcəksiniz. Məsələn, acmaq ağlaması ilə yuxusunun gəldiyini xəbər verən ağlamanı bir-birindən fərqləndircəksiniz.
İlk dörd həftədə körpənin yuxu müddəti orta hesabla15-16.5 saat olur. Bu dövrdə körpələr günün müxtəlif saatlarında hardasa dörd dəfə yatırlar. Ancaq bəzi körpələr də vardır ki, onların yuxu müddətləri gün ərzində doqquz saatı keçə bilməz və bu yuxu müddəti də onlar üçün kafi ola bilər.
Altı-Səkkiz həftələrində körpəniz ətrafındakıların diqqətini özünə çəkəcək şəkildə səslər çıxarmağa başlayacaq. Körpəniz bu dövrdə üzünüzü əllərinizlə gizlədib, sonra həyəcanlı bir şəkildə üzünüzü yenidən gösterdiyinizdə çox sevinəcək və bu oyundan böyük zövq alacaq.
Üç-altı ay arası:
Ümumiyyətlə üçüncü aydan sonra körpənizin bədənini hərəkət etdirə bildiyini, oturanda başını tuta bildiyini görəcəksiniz. Eyni zamanda bu dövr əlinə keçən az qala hər şeyi ağızına apardığı dövrdür.Altı-doqquz ay arası:
Altı aydan sonra körpələr yavaş-yavaş iməkləyərək gəzməyi öyrənməyə başlayırlar. Bəzi körpələrin heç iməkləmədikləri, bəzilərinin isə ombalarının üzərində hərəkət etdikləri müşahidə olunur. Bu dövrdə onlar artıq dəstəksiz otura bilirlər. Doqquzuncu aylarında körpələrin bir yerdən tutaraq dura bildikləri müşahidə edilir.
Körpələrin bu dövrdə «dadadadada» kimi səsləri təkrarladıqlarını və dəyişik səsləri təqlid etdiyi müşahidə olunur. Bu səslər 12-ci və ya 15-ci ayda deyiləcək ilk sözlərin də təməlini qoyur. Körpələrlə bu dövrdə çox danışmaq, danışmağa təşviq etmək dil inkişafına kömək edir. Həkimlər hələ danışmağa başlamayan uşaqların danışmağı üçün 48-ci aya qədər gözləməyin uyğun olduğunu məsləhət görürlər.
Bu dövrdə körpələr gün ərzində iki dəfə yatmaqla, cəmi 14 saat yatırlar.
Bir yaşına doğru:
Bir yaşına yaxınlaşdıqca körpələr heç kimin köməyi olmadan ayaqüstə dura bilir, hətta gəzməyə başlayırlar. Körpəniz 18-ci ayına qədər gəzməsə mütləq həkiminizlə əlaqə saxlayın. Bir yaşına yaxın körpəniz hər hansı bir əşyanı göstərə bilər, nəyisə ata bilər və «bay-bay» deyərək sağollaşa bilər. Eyni zamanda «ana», «ata» deməyə başlayır. 12-ci ayda “xeyr” sözünün mənasını başa düşəcək.
Bu dövrdə körpələr gün ərzində iki dəfə yatır. Orta hesabla bu yaş dövrü üçün yuxu müddəti 14 saatdır.
Mənbə: bebe.az