Dayəlik

Dayəlik

Heç bir valideyn öz "sərvətini" təsadüfi insana etibar etməz. Yaxşı, ixtisaslı dayə tapmaq isə o qədər də asan iş deyil. Dayə axtarışları adətən, qohum və tanışlar ilə soraqlaşmadan başlayır. Onlardan kim isə lazımlı, etibarlı insan məsləhət görə bilsə, bu, çox yaxşıdır. Lakin bəzi hallarda onlar öz xidmətlərini də təklif edir ki, bu da hər zaman  problemin həllinə kömək etmir. Yaxın adamlardan iş cədvəlinə dəqiq riayət etməyi və uşağa qulluğa aid bütün öhdəliklərin yerinə yetirilməsini tələb etmək asan deyil. İstər-istəməz yaxşı münasibətlərdən istifadə edilərək sizin maraqlarınıza zərər yetiriləcək. Tələb olunan işçini elan ilə də tapmaq mümkündür. Bu zaman seçimi 30-55 yaş arasında, övladları olan (yaxşı olardı ki, uşaqlar artıq böyümüş olsun)  qadınlar arasında aparmağa dəyər. İddiaçı ilə şəxsi görüş zamanı onun haqqında mümkün qədər çox məlumat (İlk növbədə- təhsili haqqında) toplamaq lazımdır.

Südəmər körpə üçün ideal dayə - uşaq tibb müəssisələrində iş təcrübəsi olan tibb işçisidir.Bu doğum evi, uşaq poliklinikası, uşaq xəstəxanası və ya yasli də ola bilər. Dayənin vəzifələri və iş cədvəlini əvvəlcədən müzakirə etmək lazımdır ki, sonradan onlar müqaviləyə daxil edilsin. Ona ev işlərini həvalə etməyə dəyməz. Dayənin diqqəti uşağın üzərinə cəmlənməlidir, başqa işlər onu körpəyə qayğıdan yayındıracaq.

Onun vəzifələri - uşağa qulluq etmək, onun paltarını yumaq və ütüləmək, otağını səliqəyə salmaq, onu gəzintiyə çıxarmaq, körpəyə yemək hazırlamaq və yedirmək olmalıdır. Dayəliyə namizəddən əvvəlki iş yerində uşaqla keçirdiyi günü təsvir etməyi, uşağın nə qədər yatdığı, gəzdiyi, asudə vaxtlarda nə etdiklərini, hansı məşğələləri keçirdiyi haqqında danışmağı  xahiş edin.

Onun qulluğuna ehtiyacı olan qohumlar, yaxud uşaq ilə olacağı saatları məhdudlaşdıra biləcək başqa səbəblər haqqında xəbər alın. Bu səbəblər valideynlərə işə yubanmağa, qonaq və ya teatra getməyə mane olacaq. Gələcək köməkçinin hansı ərazidə yaşamasının da əhəmiyyəti var. Şəhər nəqliyyatında keçirilən uzun yol çətin ki,  uşaq ilə görüşənə qədər yaxşı əhval və iş qabiliyyətini qorumağa imkan yaratsın.

Şəxsiyyət vəsiqəsi və təhsil haqqında diplomdan savayı, namizədin əmək kitabçasına da baxmağa dəyər. Bununla qadının əvvəllər harada işləməsi, neçə dəfə və hansı səbəblərə görə işdən azad olması haqqında məlumat toplamaq olar. Söz yox ki, təcrübə nə qədər çox olsa, o qədər yaxşıdır. İşçi haqqında rəydən başqa, onun keçmiş müştərilərinin kontaktlarını da əldə etsəniz yaxşı olar. Bununla siz dayənin necə işçi olduğu və onları nə üçün tərk etdiyini öyrənə bilərsiniz.

Övladınızı etibar edəcəyiniz qadında ona zərər yetirə biləcək xəstəliklərin olmadığına əmin olmalısınız. Dayənin vacib olan illik müayinələrin nəticələri qeyd olunmuş tibb kitabçasının olması da arzuolunandır. Əks halda, o, dəri və psixonevroloji dispanserdən alınmış arayışlar, flüoroqrafiya, VR və İİV-infeksiyasına görə analizlərin nəticəsi, ümumi sağlamlıq vəziyyəti haqqında terapevtin rəyi olan arayışlar təqdim etməlidir.

Qeyd olunan məsələlər üzərində məsuliyyəti dayələrin seçimi ilə məşğul olan agentliyin üzərinə də qoymaq olar. Orada bütün istəkləriniz nəzərə alınacaq və əvvəlcədən psixoloq ilə söhbət etmiş, sənədələri yoxlanılmış işçi ilə görüşünüz təşkil olunacaqdır. Eyni zamanda dayəyə diqqət yetirmək və sizi qane etmədikdə, başqasını seçmək üçün yarım illik zəmanət müddəti də təklif ediləcək. Dayə xəstələnərsə, agentlik onu müvəqqəti əvəz edə biləcək, digər əməkdaşının xidmətini də təklif edə bilər.

Mənbə: Ailə Həkimi jurnalı http://ailehekimi.az
Top