“Azerfon”un Kommersiya direktoru Qəhrəman Kazımov “Qafqazinfo”ya müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
— Hazırda Azərbaycanda mövcud olan 3 mobil operator arasında rəqabət mühitini necə dəyərləndirirsiz? “Nar” bazarda rəqabətə davamlılığını və mövqeyini daha da gücləndirmək üçün hansı addımları atacaq?
— Bu gün Azərbaycanın telekommunikasiya bazarında kifayət qədər güclü rəqabət mövcuddur. Bu, bir çox dünya telekom bazarlarında da görünən faktorlardan biridir. Hazırda bizim bazarda rəqabət çoxşaxəlidir. Həm şəbəkə və xidmət keyfiyyəti, həm müştəri məmnuniyyəti, həm də bazara təqdim olunan məhsullar, innovativ həllər üzrə rəqabət müşahidə edilir. Təbii ki, insanların telekomunnikasiya xidmətlərinə olan tələbatı artdıqca, xidmətləri təklif edən şirkətlər də məsrəflərinin optimallaşdırılması kimi vacib bir məsələ ilə üzləşirlər. Bu amilin isə şirkətlərin rəqabətədavamlı mövqeyinin qurulmasında rolu artmaqda davam edir. “Nar” bazarda rəqabətə davamlılığını bu istiqamətlərdə daim inkişaf etdirir. Hazırda bizim bazardakı mövqeyimiz davamlı olaraq güclənir.
Bunu biz 2018-ci ilin nəticələrindən də görə bilərik. Mövqeyimizin güclənməsinin əsas mənbələrinə gəldikdə isə, təbii ki burada bir sıra istiqamətlər üzrə aparılan işlər və əldə edilən nailiyyətlər nəzərə alınmalıdır. Bu həm texniki baza, həm marketinq və satış, həm də müştəri xidmətləri sahəsində görülmüş işlərin birgə nəticəsidir.
— “Nar” Azərbaycan mobil rabitə bazarına qoşulan ən gənc operatordur. Hazırda bazardakı mövqeyinizi necə dəyərləndirirsiz?
— Nar brendinin telekom bazarında çox aydın strategiyası var. Müştəri yönümlü mobil operator olaraq biz müştərilərin gündəlik həyatlarına rahatlıq gətirməklə onların etibarlı tərəfdaşı olmağı hədəfləyirik. Fəaliyyətimiz məhz müştəri təcrübəsinin davamlı olaraq təkmilləşdirilməsi istiqamətində qurulub. Strategiyamızın bəhrəsini müştərilər bizi seçdiyi zaman görürük. Ümumilikdə, bizim ötən ilin sentyabrında yenilədiyimiz brend strategiyası bu günə kimi müsbət nəticələrini göstərməkdə davam edir. Buna dəlil olaraq, ötən il ərzində artan bazar payımızı nümunə göstərə bilərik. 2018-ci ildə “Nar”-ın müştərilər üzrə bazar payı 23 %-ə çatıb. Bu da bir il öncə ilə müqayisədə 2% artımdır.
— Ötən ilin “Nar” üçün uğurlu olduğu bildirilir. Əsas uğurlu göstəriciləriniz hansılardır?
— 2018-ci il “Nar”-ın tarixində ən müvəffəqiyyətli illərdən biri olub. Bir qədər öncə də qeyd etdiyim kimi, bazar payımız artıb. Bundan başqa, bir çox biznes göstəriciləri üzrə də uğur qazanmışıq. Məsələn, aktiv müştəri bazamız 13% artıb ki, bu da Azərbaycan kimi inkişaf etmiş telekommunikasiya bazarı üçün həddindən artıq böyük göstəricidir. Bu onu göstərir ki, təqdim etdiyimiz məhsullar, xidmətlər və həllər müştərilərimiz tərəfindən bəyənilir və aktiv şəkildə istifadə edilir. Məhz bunun nəticəsi olaraq müştəri məmnuniyyəti indeksi üzrə ötən il 45%-lik artım əldə etmişik.
2018-ci ildə bizim şəbəkəyə qoşulan yeni abunəçilərin sayında 17% artım müşahidə etdik. Bu isə həm Bakı, həm də bölgələrdə “Nar”-ı üstün tutan müştərilərin sayının davamlı artdığını göstərir.
2018-ci ilin mühüm nailiyyətlərindən biri də internetdən istifadə edən müştərilərimizin sayının 27% artması oldu. Bölgələrdə isə bu artım hətta 30% təşkil edib. 4G internet istifadəçilərinin sayı isə illik 150% artıb. Bu ilin ilk yarısında isə, Nar şəbəkəsində 4G internet istifadəçilərinin sayı artıq 600 mini ötüb ki, bu da ümumi müştərilərin təxminən 30%-i deməkdir. Bu ölkəmizdə ən böyük göstəricidir.
— Müşahidələrimizdən o qənaətə gəlirik ki, ölkənin ən gənc mobil operatoru olan “Nar”, elə internet istifadəsinin əlçatanlığı baxımından da gənclərin nəbzini tuta bilib. Bunu da strategiyanızın bir hissəsi saymaq olar?
— Ümumiyyətlə, hazırda bütün dünyada internetə olan tələbat sürətlə artmaqda davam edir. Bu bir qlobal trenddir və istehlakçı olaraq biz özümüz də bunu gündəlik həyatımızda görə bilirik. İnternetdən istifadə edən “Nar” müştərilərinin sayının bu qədər artmasının başlıca səbəblərindən biri də odur ki, biz abunəçilərə çox rahat, şəffaf və müsbət internet təcrübəsi yaşadırıq. Davamlı olaraq bu təcrübəni müştərilərimizin və təbii ki dövrün tələblərinə uyğun olaraq təkmilləşdirməyə çalışırıq. Ümumiyyətlə, təqdim edilən xidmətlərin keyfiyyəti və yaşadılan müştəri təcrübəsinin səviyyəsi artdıqca, operatoru seçən müştərilərin sayı da artır. Burada qiymət şəffaflığı da böyük rol oynayır ki, bu da bizim kommersiya strategiyamızın bir hissəsidir.
— Cari ildə 4G şəbəkənizi daha da genişləndirməklə bağlı inkişaf planınız nədir?
— Hazırda bizim Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də 48 regionda 4G şəbəkəmiz fəaliyyət göstərir. Məqsədimiz 4G şəbəkəsini daha da genişləndirmək və regionlarda 4G penetrasiyasını artıraraq müştərilərimizə kəsintisiz və sürətli internet təcrübəsini təmin etməkdir. Bu il ərzində 4G əhatə dairəmizi 90%-dək artırmağı planlayırıq. Məqsədimiz odur ki, bütün ölkə əhalisi 4G internetinin sürətindən və rahatlığından faydalana bilsin.
— Abunəçilər 2019-cu il ərzində “Nar”-dan hansı yenilikləri gözləsinlər?
— 2019-cu ilin mart ayında biz yeni “CavanNar” tarifini bazara təqdim etdik. Bu, ilk yeniliyimiz idi. Bu tarif sosial şəbəkələr və internetdən aktiv istifadə edən müştərilər üçün nəzərdə tutulub. Cari ildə bir çox xidmətlər və məhsullar vasitəsi ilə müştəri təcrübəsini daha da yaxşılaşdıracaq, növbəti pilləyə aparacaq yeniliklər təqdim edəcəyik. Bunlardan biri bu yaxınlarda təqdim edəcəyimiz mobil tətbiqdir. Bu tətbiq vasitəsilə abunəçilər asanlıqla öz mobil hesablarını idarə edə, məhsullar ala, balanslarına çox şəffaf və rahat şəkildə nəzarət edə biləcəklər. Ümumiyyətlə, bu gün SMS üzərindən və ya müştəri xidmətlərinə zənglər vasitəsilə edilən bir çox əməliyyatları asanlıqla və tez bir zamanda mobil tətbiq üzərindən həyata keçirə biləcəklər.
2019-cu ildə icra edəcəyimiz ən mühüm planlarımızdan biri pərakəndə satış şəbəkəmizdə edəcəyimiz dəyişikliklərdir. Bu il ərzində diler şəbəkəmizi genişləndirməyi planlayırıq. Bu gün “Nar” xidmət mərkəzlərinin və dilerlərinin mövcud olmadığı regionlarda yeni dükanların açılması nəzərdə tutulur. Bundan başqa, satış şəbəkəmizi müasir tələblərə uyğun yeniləməyi və təkmilləşdirməyi planlayırıq. Beləliklə, diler dükanlarımızı ziyarət edən müştərilərimizə mükəmməl müştəri təcrübəsini təmin etməyi qarşımıza hədəf qoymuşuq. Ümumilikdə, bu geniş layihənin nəticəsi olaraq biz pərakəndə satış şəbəkəmizi yeni bir inkişaf mərhələsinə daşıyacayıq.